b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_e6ead3308a45f7de7a8d37c4f58bedc3.jpg
  

“D vitamini çatışmazlığı dayaq-hərəkət sisteminə bir neçə istiqamətdə mənfi təsir göstərir”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da fizioterapevt Aytən Musayeva açıqlayıb.

Onun sözlərinə görə, əzələ zəifliyi və ağrılarda D vitamini əzələ funksiyası üçün vacibdir:

“Çatışmazlıq zamanı əsasən proksimal əzələlərdə (bud, çiyin) zəiflik və yorğunluq müşahidə olunur. Osteomalazi və osteoporozda D vitamini çatışmazlığı kalsiumun bağırsaqlardan sorulmasını azaldır, bu da sümük demineralizasiyasına (yumşalmasına) və sınıq riskinin artmasına səbəb olur. Sümük ağrıları və deformasiyalar: uzunmüddətli çatışmazlıqda sümüklərdə ağrılar, qamət pozğunluqları və deformasiya baş verə bilər (xüsusilə yaşlılarda və uşaqlarda). Motor balans pozğunluqlarında əzələ zəifliyi və osteoporoz fonunda yıxılma və sınıq riski artır. D vitamini yağda həll olunan, hormonvari təsirə malik olan bir vitamindir. İnsan orqanizmində əsasən günəş şüalarının təsiri ilə dəri vasitəsilə sintez olunur”.

Fizioterapevt bildirib ki, D vitamini, kalsium və fosforun bağırsaqlardan sorulmasını artıraraq, sümük toxumasının mineralizasiyasını təmin edir:

“Çatışmazlıq hallarında dayaq-hərəkət sistemində ciddi funksional və struktur pozğunluqlar yaranır. D vitamininin aktiv forması – kalsitriol – bağırsaqlarda kalsium və fosforun sorulmasını gücləndirir, böyrəklərdə onların reabsorbsiyasını artırır və sümük toxumasında resorbsiyanı tənzimləyir. Əzələ hüceyrələrində vitamin D reseptorları vasitəsilə sinir-əzələ keçidində impuls ötürülməsi dəstəklənir. D vitamininin çatışmazlığından uşaqlarda raxit xəstəliyi (sümüklərin deformasiyası, əyriliklər, böyümə geriliyi), böyüklərdə osteomalasiya xəstəliyi (sümük mineralizasiyasının pozulması, ağrı və zəiflik), osteoporoz xəstəliyi (kalsium balansının pozulması nəticəsində sümük kütləsinin azalması), əzələ zəifliyi (əsasən proksimal əzələlərdə gücsüzlük, yıxılma riski), artroz və skelet əzələsi ağrılarına səbəb olur.

Gündəlik 10-30 dəqiqə günəş şüaları altında olmaq, D vitamini səviyyəsini artırmağa kömək edir. Lakin günəşdən qorunmaq və ya günəş işığının az olduğu bölgələrdə yaşayanlar üçün bu kifayət etməyə bilər”.

A.Musayeva bildirib ki, D vitamini ilə qidalanma və profilaktik tövsiyələrə gəldikdə isə D vitamini ilə zəngin qidalar yağlı balıqlar (skumbriya, somon, sardina), yumurta sarısı, D vitamini ilə zənginləşdirilmiş süd və taxıl məhsulları, günəş şüasına məruz qalmış göbələkdir.

Dünyapress TV

Xəbər lenti