Müasir texnologiyanın inkişafı bəşəriyətin xeyrinə olsa da, qeyd etmək lazımdır ki, bu inkşafla modern dələduzluq formaları da inkubasiyasının pik həddinə çatıb. Dünyada olduğu kimi Azərbaycanda da bu kimi modern dələduzlar var və zaman-zaman onlara qarşı hüquq mühafizə orqanları tərəfindən aparılan uğurlu əməliyyatların şahidi oluruq.
Cəmiyyətdə bir çox məfhumların o cümlədən ailə məfhumunun etibarsızlaşması fonunda bir çox modern dələduzlar bundan gəlir məqsədi kimi istifadə edirlər. Belə ki, bu modern dələduzlar, sosial şəbəkələrdə özlərini xaker kimi qələmə verir və insanların bir-birinə, xüsusən də ailə daxilinda olan inamsızlıqdan faydalanaraq “çörəkpulu” qazanırlar. Söhbət özlərini xaker kimi təqdim edən və güya WhatsApp-a girərək insanların yazışmalarını (əsasən ər-arvad) təqib edən və məlumatları tərəfin “sifarişi” üzərə onlara təqdim edən şəxslərdən gedir.
Redaksiyamız uzun zaman İnstagram sosial şəbəkəsində reklam edilən “hacker_izleme_xidmeti” (bundan sonra şərti olaraq Kamal adlandırılacaq) səhifəsi ilə əlaqə yaradaraq, öncədən redaksiya tərəfindən istifadə edilən öz şəxsi nömrələrimizin izlənilməsi təklifi ilə müraciət etdi. Məqsəd dələduzların hansı mexanizmlə işləməsini araşdırmaq və bu kimi neqativ halların qarşısının alınmasına dəstək olmaqdır.