Mobil rabitəmizə "qar yağdı", internet "buz bağladı", sürət azaldı - NƏ ETMƏLİ?
Qar yağan kimi müxtəlif sosial sahələrdə problemlər üzə çıxmağa başladı. Ölkənin böyük hissəsində yollar vaxtında təmizlənmədi. Buna görə də uzun tıxaclar yaranır. Kommunal xidmətlər lazımınca göstərilmədi. Üstəlik, mobil rabitə və internet xidməti səviyyəsinin çox aşağı olduğunu gördük.
Bizimyol.info xəbər verir ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bir çox kəndlərdə baza stansiyaları quraşdırılıb. Bu məntiqlə mobil xidmət keyfiyyəti yalnız yaxşılaşmalıdır. Amma hava şəraiti bir az pisləşən kimi internet imkanları məhdudlaşır. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bir sıra tədbirlərə ehtiyac olduğunu düşünür.

“Düşünürəm ki, rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edən İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqləri gücləndirməlidir. Hər bir operator üzrə bəlli ərazilərdə mobil internetin sürətləri ölçülməlidir. Bu ərazilərdə mobil operatorların baza stansiyalarının yerləşməsi, əhatə dairəsi də monitorinq olunmalıdır. Zəruri olan ərazilərə yeni baza stansiyaların quraşdırılması üçün operatorlara göstərişlər verilməlidir. Keyfiyyətsiz xidmət göstərənləri agentlik cərimələməlidir”.

Osman Gündüz iqlim sammiti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, COP29 tədbiri zamanı boşluqlar özünü göstərə bilər.

“Tədbir çərçivəsində bəlli ərazilərdə içtifadəçilərin xeyli artacağı, ümumiyyətlə, 100 minədək xarici nümayəndənin bu tədbirlərdə iştirakı gözlənilir. Ümid edirəm, rabitə xidmətlərinin göstərilməsində problem olmayacaq. Düşünürəm ki, İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi mobil rabitə və internet xidmətlərinin keyfiyyətinə nəzarəti daha da gücləndirməlidir. Fikrimcə, 5G infrastrukturunun qurulması üçün səylər də artırılmalıdır”.

Mütəxəssis daha çox mobil rabitə xidmət və mobil internet xidmətləri haqqında danışıb. Son günlər ümumilikdə ölkədə internetin sürətinin azalması diqqət çəkir. Agentlik bu məsələyə həssas yanaşmalıdır. Zamanla insanların internet imkanları genişlənmək əvəzinə daha da məhdudlaşır. Sosial platformalarda şikayətləri oxumaq kifayətdir. İnsanlar ödədiyi pulun müqabilində keyfiyyətli xidmət görmürlər. Əksinə olsa, yəni xidmət haqqı vaxtında ödənilməsə, provayderlər dünyanı dağıdar. Lakin keyfiyyətsiz xidmət göstərməkdən heç kim utanmır.
 

Dünyapress TV

Xəbər lenti