Ağ tut xərçəng riskini azaldır
Ağ tut zəngin qida dəyəri və sağlamlıq faydaları ilə tanınan bir meyvədir. Tərkibindəki C, K, E vitaminləri, dəmir, kalsium və antioksidantlarla immun sistemini gücləndirir və hüceyrələri qoruyur.Foodinfo.az xəbər verir ki, ağ tut, xüsusilə qanazlığı olan insanlar üçün faydalıdır, çünki dəmir və fol turşusu tərkibi ilə qırmızı qan hüceyrələrinin artmasını dəstəkləyir.Ağ tut həzm sistemi üçün də faydalıdır, tərkibindəki lif bağırsaq hərəkətlərini yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Antioksidant tərkibi sayəsində orqanizmdəki sərbəst radikallarla mübarizə aparır və xərçəng riskini azaldır. Həmçinin təbii enerji mənbəyi olaraq yorğunluğu aradan qaldırmağa və bədənə canlılıq qatmağa kömək edir.Ağ tutu quru və ya təzə şəkildə istehlak etmək mümkündür, lakin yüksək şəkər tərkibi səbəbindən şəkər xəstələri üçün ölçülü istifadə vacibdir.
 
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Azərbaycanda məmurların əndazəni aşması haqda qulaq hər gün bir xəbər eşitməsə, yəqin ki, kar olar. Deyəsən, cəmiyyət olaraq məmur təbəqəsinin "qırmızı xətt"i keçməsinə öyrəşməyə başlamışıq. Çünki əvvəllər bu informasiyalar gələndə adamın qanı donardı, ictimaiyyət qəzəblənərdi. İndisə heç bir səs-səmir eşidilmir. Sanki belə də olmalı imiş...
Söhbət artıq şəhid ailələrinə və yaxınlarına qarşı hüquq pozuntuna yol verilməsindən gedir. Vətəndaşların haqlarını pozmaq azmış kimi, xalqın həssas hissəsi olan şəhidlərin yaxınlarının əmlakına əl qoyulması, mülkiyyətinin qəsb edilməsi halları müşahidə edilir. Sözsüz ki, bu qorxulu tendensiyadır, dövlət üçün həyəcan təbili çalır və təxirəsalınmaz addımlar atılmasını zəruri edir. Ona görə ki, bu ölkədə kimsənin hüquqlarını pozmaq olmaz, amma şəhid ailələrinin və yaxınlarının haqqını isə heç pozmaq olmaz, toxunulmazlıq səlahiyyəti qazanıblar. Ancaq bəzi hallarda görmək olar ki, hansısa məmurlar vicdanı qarşısında zərrə qədər xəcalət çəkmir. Götürək elə Suraxanı rayon İcra Hakimiyyətinin bəzi nümayəndələrini, yerli bələdiyyəsini. Məlum olub ki, hamısı əlbir olub şəhidin ailəsinə məxsus torpaq sahəsini yağmalayıblar. Anaxeber.info bildirir ki, bu barədə şəhid ailəsinin üzvü olan Şahmurov İlqar Əlihəsən oğlu özü başına gələnləri danışıb. Dərdini sosial mediada açıqlayan vətəndaşın sözlərinə görə, rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, döngə 2 ünvanında ona aid 6 sot torpaq sahəsi var.
Bildirir ki, hələ 2016-cı ildə həmin 6 sot torpağa görə 18 min manat verib. Şahmurov danışır ki, geridə qalan bu 8 il ərzində torpaq sahəsinin hasarını çəkdirib, su xətti qoyulub, müəyyən işlər görülüb, amma tikinti aparılmayıb. Dediyinə görə, 7 min daş istifadə olunub. Lakin günün birində Suraxanı rayon icra nümayəndəsi Qurbanəli İslamov və
bələdiyyə sədri Elbrus Xəlilov əraziyə gələrək torpağın ona aid olmadığını iddia edərək daşı daş üstə qoymayıblar. Belə ki, ərazi traktora verilərək şumlanıb, daşı daş üstə qalmayıb, bu da azmış kimi, həmin 7 min daş aparılıb ki, guya qəbiristanlığın əmlakıdır. Şəhid ailəsi olan şikayətçi bildirir ki, öz cibindən xərc çəkib, 7 min daş alıb, torpaq sahəsini hasarlayıb, indisə məmurlar onun torpağını əlindən alıblar, əmlakını darmadağın ediblər. Şahmurov baş verənlərdən sonra Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna gedib. Ancaq görüş keçirilən gün saatlarla gözləsələr də, qəbula düşə bilməyiblər. Bunun ardınca icra nümayəndəsi Qurbanəli İslamov yenidən şəhid ailəsinin üzərinə gəlib və onu təhdid edib. Şahmurovun sözlərinə görə, İslamov onu hədələyərək deyib ki, Ermənistana casusluq və İran narkotacirləri ilə əlaqə ittihamları ilə səni tutduraram. Bütün bu hədə-qorxu, təzyiq və əmlakın dağıdılmasından sonra vətəndaş Suraxanı rayonu, 30-cu polis bölməsinə gedərək ərizə yazıb. Vətəndaş bildirir ki, ona məxsus torpaq sahəsinin icra başçısı Adil Əliyevin dayısına verildiyi haqda iddialar var. Göründüyü kimi, icra başçısı Adil Əliyevin adından istifadə olunmaqla məmurlar şəhid ailəsinin torpağını əlindən alıblar, əmlakını şumlayıblar, başçının dayısının adına çıxarıblar. Bunun nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin həqiqət deyilsə, o zaman Suraxanı İH və başçısı Adil Əliyev ittihamlara münasibət bildirməlidir. Çünki faktiki olaraq, icra başçısının adı şəhid ailəsinin torpağını dağıtmaqda hallanır və ərazini dayısına peşkəş etməkdə keçir. Halbuki mətbuatda hər zaman Adil Əliyevin şəhid ailələri, qazilərə qayğı göstərməsi, onlarla görüşməsi, problemlərinə dəstək olması barədə xəbərlərə rast gəlirik. Eləcə də parlament üzvü olduğu dövrdə hər zaman şəhid ailələri və qazilərə qayğı göstərməsi ilə diqqət mərkəzində olub. İndi Suraxanı İH məmurları onun adını xoşagəlməz bir hadisəyə qarışdırırlar. Qarşı tərəfi dinləməyə hazırıq.

AnaXeber.info
 

Dünyapress TV

Xəbər lenti