![]() |
![]() ![]() ![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Musavat.com-un xəbərinə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verildi. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.
Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
Musavat.com-un xəbərinə görə, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
Ermənilər və onların bir sara havadarları zaman-zaman Azərbaycana böhtan atırlar ki, guya Qarabağda erməni abidələri dağıdılıb. Amma bunu sübut edən fakt ortaya qoya bilmirlər. Onlardan fərqli olaraq, Azərbaycan ermənilərə aid tikililərə toxunmur. Hərçənd onların heç biri qədim deyil. Bununla belə, erməni təbliğat maşını yalanlar üfürməkdə davam edir.
Bu dəfə erməni mediası (nyus.am) uydurub ki, guya Azərbaycan Ağdərənin Vəng kəndində “1941-45-ci illər vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni, "artsax" azadlıq müharibəsi qurbanlarının xatirəsini əbədiləşdirən xaçkarı və həlak olmuş azadlıq döyüşçülərinin heykəlləri olan xatirə divarını dağıdıb". Əlavə edilib ki, bu informasiya “artsax monu” feysbuk səhifəsində qeyd olunub.
Lakin bunun bir cəfəngiyyat olduğu məlumdur. Əvvəla, axtarış zamanı feysbukda “artsax monu” adlı səhifə çıxmır. İkincisi, bu yalanın məhz indiki ərəfədə tirajlanması təsadüfi deyil. Çünki nasizm üzərində qələbənin 80 illiyi yaxınlaşır, Rusiya lideri Azərbaycan Prezidentinə bu münasibətlə təbrik məktubu göndərib, dövlət başçısının da Moskvadakı paradda iştirakı gözlənilir. Belə bir vaxtda ermənilər Rusiyanın diqqətini cəlb etməyə, Azərbaycanı ləkələməyə çalışırlar.
Yeri gəlmişkən, müharibə canisi Vitali Balasanyan bu il nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünü xatırladaraq, “erməni xalqının da böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini” və guya həmin müharibədə iştirak eləmiş hayların 90 min nəfərinin “artsax”dan olduğunu iddia edib. Halbuki o vaxt (1941-1945) Qarabağda uşaqlı-qadınlı-qocalı heç o qədər erməni yaşamayıb. O, bunu Putinə məktubunda qeyd etmişdi.
İndi isə bu ağ yalanın erməni mediasında işıqlandırılması ilə nəyə nail olmaq istəyirlər? Bu, Putinə yarınmaq deyilmi?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər Qarabağdakı abidələrlə bağlı zaman-zaman siyasi möhtəkirlik edirlər. Beynəlxalq təşkilatlara yanlış məlumat verərək Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasına çalışırlar. Bəzən bu istəklərinə nail də olurlar: “Əslində bəzi beynəlxalq təşkilatlar və mərkəzlər də ermənilərin bu yalanlarına uymağı özləri də istəyirlər. Çünki onların Azərbaycana qarşı qərəzli mövqeyi var, bəzilərinə erməni diasporu, erməni lobbisi təsir göstərir. Müstəqil siyasət həyata keçirən Azərbaycanı bu şəkildə ram eləməyə çalışırlar. Bir tərəfdən Qarabağdan ermənilərin zorla köçürüldüyü yalanını yayırlar, o biri tərəfdən Qarabağdakı erməni "tarixi abidələri"nin guya dağıdıldığı uydurmasını dünyaya car çəkirlər. Bir tarixçi kimi əminliklə deyirəm ki, Qarabağda tarixi erməni abidəsi yoxdur və heç zaman olmayıb. Çünki ermənilər o əraziyə Çar Rusiyası tərəfindən 19-cu əsrdə köçürülüblər. O zamana qədər Qarabağda heç vaxt erməni yaşamayıb. Qarabağda erməni millətinin tarixən yaşadığını təsdiqləyən bir dənə də olsun tarixi fakt, dəlil, abidə, qəbir və digər sübutlar yoxdur. Qarabağdakı alban xristian abidələrini ermənilər xislətlərinə uyğun olaraq erməni abidələri kimi təqdim edirlər. Həmin abidələri isə Azərbaycan dövlət səviyyəsində qoruyur və bərpası işlərini həyata keçirir".
A.Nağı vurğuladı ki, ermənilər əllərində abidələrin dağıdılmasını əks etdirən bir dənə də olsun fakt olmadan yalan danışırlar. 1941-1945-ci il müharibəsi ilə bağlı qurulmuş abidəyə də Azərbaycan heç bir zərər vurmayıb: “Azərbaycan xalqına, dövlətinə qarşı cinayətlər, qətliamlar, vandallıqlar həyata keçirmiş erməni quldurlara qurduqları bədnam "abidələr" isə təbii ki, dağıdılmalıdır. Çünki həmin quldurların etdikləri cinayətlər II Dünya müharibəsində nasistlərin etdiklərindən də betər cinayətlər olub. İnsanlıq əleyhinə cinayətlər törətmiş quldurlara abidə ucaltmaları ermənilərin faşist düşüncəli olduğunun bir sübutudur. O qədər həyasızlaşıblar ki, Putini də aldatmağa çalışırlar. Vitali Balasanyan Putinə müraciətində II Dünya müharibəsində ölmüş 90 min erməninin Qarabağda yaşayan ermənilər olduğunu yazır, eyni zamanda Azərbaycana qarşı işğalçılıq müharibəsində insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşmüş insanlarla eyniləşdirir. Öz aləmlərində Putini aldadacaqlarını zənn edirlər".
Həmsöhbətimiz dedi ki, Azərbaycan hərbi canilərə ucaldılmış hər hansı “abidə”ni öz ərazisində saxlaya bilməz. Bunu hər kəs bilməlidir: “Müəyyən məsələlərdə Azərbaycan tolerantlıq nümayiş etdirir. Ancaq hesab edirəm ki, bu məsələdə tolerantlığa yer ola bilməz”.
Akif Nağı onu da qeyd etdi ki, Xocalı canisi Serj Sərkisyanın bu yaxınlarda verdiyi müsahibədə Qarabağa getmək şansı olsaydı birinci valideynlərinin və dostlarının məzarlarını ziyarət edəcəyini söyləməsi əslində ermənilərin “Qarabağda abidələrimiz, qəbirlərimiz dağıdılır” vay-şivəninin tamamilə əsassız olduğunu dolayısı ilə ifşa etmiş olur: "Deməli, Serj Sərkisyan kimi hərbi cani azərbaycanlıların abidələri və qəbirləri dağıtmadığına əmindir, bilir ki, Azərbaycan tolerantdır və ermənilərdən fərqli olaraq heç vaxt abidələri, qəbirləri dağıtmaq və yer üzündən silmək kimi vandallıqla məşğul olmurlar. Yəni Sərkisyan əmindir ki, onun kimi qulduru yetişdirmiş valideynlərinin və hərbi cani olan dostlarının qəbirləri salamatdır. Ancaq Serj Sərkisyan Qarabağa ayaq basmaq haqqını itirib. O özü də etiraf edib ki, Xocalı soyqırımının təşkilində şəxsən iştirak edib. Bu cinayəti onun Azərbaycan torpağına ayaq basmaq hüququnun olmadığını deməyimiz üçün kifayətdir. Sərkisyan və Balasanyan kimi kimi canilər bundan sonra Azərbaycan torpağına ancaq əli qandallı məhbus kimi ayaq basa bilərlər".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Ötən gün (5 may) saat 16:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin sərhəd istiqamətində yerləşən mövqelərinin birində (yer dəqiq məlum deyil) növbəti təxribat qeydə alınıb.
Musavat.com xəbər verir ki, yayılan videoda erməni hərbçisinin səngərin üzərində yarıçılpaq halda rəqs etdiyi, qeyri-etik hərəkətlər nümayiş etdirdiyi və Azərbaycan hərbçilərinə qarşı erməni dilində təhqiramiz ifadələr səsləndirdiyi görünür. Bu isə açıq şəkildə erməni tərəfinin məqsədli şəkildə Azərbaycan ordusunu təxribata çəkməyə çalışdığını göstərir.
Qeyd edək ki, bu ilk belə hal deyil. Daha əvvəl də erməni tərəfi təxribat məqsədilə öz kəndlərini, o cümlədən Xoznavarı atəşə tutaraq vəziyyəti gərginləşdirməyə çalışıb.
Toğrul İSMAYIL,
Musavat.com
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
Musavat.com xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.
Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.
Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülmüş keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.
Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.
Musavat.com bildirir ki, ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçına yola düşüblər.
Səfər iştirakçıları Laçında görülən bərpa-quruculuq işləri ilə əyani surətdə tanış olacaqlar.
Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca altıncıdır.
Bundan öncə ölkə siyasilərinin birgə səfərləri Xankəndi, Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Növbəti səfər çərçivəsində siyasilər Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. 2022-ci il iyunun 24-də gerçəkləşmiş dördüncü birgə səfərin ünvanı Zəngilan, beşinci səfərin ünvanı isə 2025-ci il martın 6-da Xankəndi, Əsgəran, Xocalı olub.
Xalidə Gəray
Musavat.com