
Putin artıq bütün qaydaları pozur və açıq şəkildə oynayır
Rusiya Prezidenti Vladimir Putin “Qələbə Günü” münasibətilə “Cənubi Osetiya Respublikası”ndakı hər kəndə və hər məktəbə öz ehtiyat fondundan bir milyon rubl ayırıb. Bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Tsxinvalidə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, vəsaitlər, həmçinin, “Qələbənin 80 illiyi münasibətilə abidələrin, xatirə lövhələrinin və muzeylərin abadlaşdırılması” üçün nəzərdə tutulub.
“Cənubi Osetiya xalqı Böyük Vətən müharibəsi illərində də fədakar qəhrəmanlıq, əsl cəsarət və Vətənə sədaqət nümunəsi göstərib. Osetin torpağı saysız qəhrəmanlar yetişdirib və onlarla təkcə Osetiyada yox, bütün böyük ölkəmizdə haqlı olaraq fəxr edirlər. Xüsusi hərbi əməliyyat zamanı (Ukraynadakı müharibə nəzərdə tutulur – red.) da Cənubi Osetiyanın çoxsaylı övladları ruslarla çiyin-çiyinə döyüşərək ortaq vətənimizi qoruyur”, – deyə Kiriyenko bildirib.
Onun sözlərinə görə, bu qərar “Rusiya Prezidentinin Cənubi Osetiyaya və onun qəhrəmanlarının xatirəsinə xüsusi münasibətini” göstərir.
Bundan əlavə, Kiriyenko bildirib ki, Putinin tapşırığı ilə Cənubi Osetiyada “Promsvyazbank”ın filialı açılacaq ki, bu da pensiyaçılara Tsxinvalidə “Mir” kartlarını rəsmiləşdirməyə imkan verəcək.
“Mayın 1-dən etibarən Cənubi Osetiyada yaşayan Rusiya Federasiyası vətəndaşlarının pensiyaları “Mir” kartlarına köçürüləcək. Rusiya Prezidenti “Promsvyazbank”ın Cənubi Osetiyada filial açmasına imkan verən fərman imzalayıb və pensiyaçılar bunun üçün başqa yerə getmək məcburiyyətində qalmayacaqlar. İndi onlar Tsxinvalidə kart alıb bütün sənədlərini rəsmiləşdirə biləcəklər”, – deyə o əlavə edib.
Bank artıq faktiki olaraq Cənubi Osetiyanın paytaxtında fəaliyyətə başlayıb.
Bəs bu vəsaitin ayrılması və bank filialının açılması ümumiyyətlə nə deməkdir? Hər kəndə və hər məktəbə bir milyon rubl – Rusiyanın özündə kəndlər və məktəblər bu cür “ağa hədiyyəsi”ni illərlə gözləsələr də, ala bilmirlər. Onda Cənubi Osetiya üçün belə səxavət haradan ortaya çıxıb, nə planlaşdırılır? Bəlkə, bu, bütün dünyada Gürcüstanın ayrılmaz hissəsi kimi tanınan bu regionunun Rusiya tərəfindən rəsmən ilhaqına hazırlıqdır?
Pressklub.az-ın suallarına tanınmış gürcü politoloqlar münasibət bildiriblər.
Gürcüstanın Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, əslində bu, ya “qələbə isteriyasının” növbəti təzahürü, ya da ““rus dünyasında” olmaq belə yaxşıdır” kimi Gürcüstana ünvanlanan nümayişkaranə jest ola bilər.
“Amma bu “sirli” rus ruhunu başa düşmək olarmı”, – Vasadze sual verir.
Öz növbəsində, hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya bildirib ki, bu, əslində artıq Rusiya Federasiyası tərəfindən ilhaq prosesidir.
“Bu, Gürcüstana qarşı nümayişkaranə şəkildə, düşməncəsinə atılmış addımdır. Çünki söhbət Rusiya Federasiyasına məxsus olmayan əraziyə münasibətdən gedir. Formal baxımdan Rusiya guya “Cənubi Osetiya Respublikası”nın suverenliyini tanıyıb, amma indi artıq özünün uydurduğu bu saxta suverenliyi də pozur. Bizim üçün isə bu, təbii ki, Tsxinvali regionu – işğal olunmuş Gürcüstan ərazisidir. Yəni, bu, faktiki olaraq həm Gürcüstan hakimiyyətinə, həm də yerli osetinlərin separatçı, irredentist hakimiyyətinə siyasi çağırışdır. Çünki bu, bir daha göstərir ki, hazırda Gürcüstanda Moskva üçün nisbətən loyal hesab olunan siyasi rəhbərliyin mövcudluğu belə Kreml üçün əhəmiyyət kəsb etmir. Yəni, indiki Gürcüstan hakimiyyəti faktiki olaraq Rusiyapərəst siyasətə sadiqdir. Kreml isə əksinə, təzyiqləri artırmaqda, gürcülərə qarşı siyasət aparmaqda və Gürcüstanı diz çökdürməyə çalışmaqda davam edir”, – professor qeyd edib.
Doktorun fikrincə, baş verənlər məhz bunu göstərir.
“Bu, artıq Gürcüstan ərazisi olan Tsxinvali regionunun faktiki olaraq ilhaq aktıdır. Kreml rəhbərliyinin addımları belədir. Artıq aydındır ki, bu siyasəti Kreml aparır. Bütün bu qərarlar məhz əsas siyasi mərkəzdən – Kreml kabinetlərindən çıxır. Yəni, bu, ümumilikdə “Rusiya siyasəti” deyil, məhz Gürcüstana münasibətdə Kremlin xüsusi siyasətidir – bu gün Rusiya Federasiyasının işğal altında olan Tsxinvali regionunu və Abxaziyanı Gürcüstandan qoparmaq siyasəti”, – deyə Maisaya yekunlaşdırıb.
Rauf Orucov