Ardını oxu...
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib ki, bugünkü danışıqlar çox məhsuldar keçib və bu, iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq idi.
Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar.
Bu açıqlama o deməkdir ki, Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qalıb və beşli format çərçivəsindəki müzakirələrin faydası olmayıb.
Nikol Paşinyan prosesi uzatmağa çalışır. Bu isə bölgədə gərginliyin artmasına səbəb olacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Ankarada dəfələrlə olmuşam, amma bu dəfə niyəsə məndən neçə əsr əvvəl buralara gəlmiş, buraları viran qoymuş Əmir Teymuru xatırladım... Yəqin siyasi durum öylə idi və hər dövrün öz Əmiri var... Və özünü xatırladır. Seçkilər də savaş kimi bir şeydi və müşahidə etdikcə çox da dəyişməyən bir tarixi izləyirsən...

Və mayın 29-da mən yenə yeni tarix izlədim...

1299 və 1922 - rəqəmlərə fikir verin, bir-birini təkrarlayır. Bu, Osmanlı imperiyasının quruluş və çöküş tarixinin rəqəmləridir. Rəqəmlərin mistik bağlantısını qoyaq bir tərəfə (amma yəqin burda da nəsə var), 623 illik dövrdə dövlətin başına 36 padşah keçdi. Bu hökmdarlar fərqli özəlliklərə sahib idilər. Çox qiymətli dövlət yönəticiləri, qüdrətli sərkərdələr də vardı, qadın, içki, ov düşkünü olanlar da. Ruhi xəstələr də, uşaqkən taxta çıxarılanlar da vardı. Bir həftə, bir ay, bəzən 46 il hakimlik eləyənlər də vardı. Yaxşı-pis, doğru-yanlış, bu, tarixdi. Qüdrətli bir dövləti bu gün asılı duruma gətirmiş tarix. Bəzən 500 il əvvəl verilmiş yanlış bir qərar bu gün topa dönüb məmləkətin tifaqını viran qoyur.

Ancaq hər kəs ağıllı olsaydı, hər kəsdən doğru-dürüst addımlar görsəydik, bu gün cahanda KAMALIN uğurlarını bayram edərdik, kemalın intriqalarını yox….

XIV əsrin başlanğıcında Səlcuq imperiyasının dağılması Anadoluda bir çox kiçik dövlətləri müstəqil hala gətirmişdi. İstəmədən, gözlənilmədən gələn müstəqillik (eynən müasir tarix) özüylə bəzi zorluqlar da gətirmişdi. 1299-cu ildə bağımsızlığını elan edən Oğuz boylarına mənsub Osman bəy döyüşkən, əzmkar və bölgədəki siyasi durumu düzgün qiymətləndirə bilən birisiydi. Və zaman göstərdi ki, Osmanlıların tarix səhnəsinə çıxışı təsadüf deyildi. Bu dövlət daha öncəki Türk-İslam dövlətlərinin mədəni-siyasi irsi üzərində qurulmuşdu.

Dövlətin birinci şəxsi "padşah" adlanırdı. İlk vaxtlar "bəy" və "qazi" ünvanlarından da istifadə olunub. "Xan", "xaqan", "hünkar" da deyilib.

"Sultan" ünvanından isə ilk dəfə I Murad istifadə edib. Yavuz Sultan Səlimin Misir səfərindən sonra isə bunların üstünə "xəlifə" adı da gəlib.

Bütün hakimiyyətin bir nəfərin əlində cəmləşməsi dövlətin yönətim şəklini də müəyyənləşdirmişdi. Dövlət tam bir mərkəziyyətçiliklə idarə olunurdu. Bütün bölgələr mərkəzdən yönətilir, icraedicilər mərkəzdən göndərilirdi. Ailə içindəki bütün oğlan uşaqları taxt üzərində eyni haqqa sahib idilər. Və bu səbəblə XVII əsrin başlanğıcına qədər kimin hakim olacağına dair müəyyən bir qayda yox idi. Məhz bu səbəb xanədan içində bir çox qanlı olaylara rəvac vermişdi. Kimin taxta çıxacağını dövlət adamları, üləmalar və əsgərlər tənzimləyirdilər. Burda heç şübhəsiz saray intriqaları önəmli, həlledici rol oynamaqda idi. Osmanlının qürub vaxtlarında isə kimin sultan olacağını hərəmxanada müəyyənləşdirirdilər. Qadın böyük qüvvədir və öz istədiyini yeritməyə qadirdir. Hər hansı bir kişi, hətta sultan olsa belə qadınına qulaq asır. Bunun əksini iddia edənlər gözünün içinə qədər yalan danışır.

Osman və Orxan qazilərdən (yəni sultan) sonra demək olar ki, bütün Osmanlı sultanlarının anası türk deyil. Deyək ki, o vaxtlar dövlətlərarası nigahlar dövrün normal mənzərəsi idi. Amma bunun acı nəticələri sonra özünü göstərməyə başlayacaqdı.

Xanədanın üçüncü hökmdarı "Xudavəndigar" ləqəbli I Sultan Murad (İldırım Bəyazidin atası) böyük müharibələrə başladı. Təşvişə düşən serblər, albanlar, xorvatlar sultana qarşı birləşdilər (indi yenə bir-birini qırırlar) və bu aralarda adı tez-tez hallanan məşhur Kosova ki var, sultan orda öldürüldü. Türk mənbələrində "şəhid edildi" yazırlar. Amma ruslar "millətsevər Miloş Obiliç qəhrəmanlıqla xain düşməni öldürdü" deyirlər. Ancaq dəxli yoxdur, həmin ərazilər Osmanlının torpaqlarına qatıldı. Atasının öldüyü gün taxta çıxan və savaşlarda qazandığı uğurlara görə "İldırım" ləqəbi ilə tanınan I Bəyazid səltənət, taxt davalarını önləmək üçün böyük qardaşı Yaqub bəyi öldürtdü. İldırım Bəyazid imperiyanın ərazisini bir xeyli genişləndirdi: Bolqarıstan, Bizansın böyük bir hissəsi, Anadolunun müstəqil bəylikləri, Ağqoyunlu dövləti ona tabe edildi. Ancaq Bəyazidin əsas planı Konstantinopolun fəthi idi. Sən saydığını say...

1402-1413-cü illəri Osmanlı tarixçiləri Fetret dövrü (dövlət avtoritarizminin qurulduğu zamana qədər keçən dövr) adlandırırlar. İldırım Bəyazid Ankara savaşına gedəndə özüylə beş oğlunu da aparmışdı. Süleyman, İsa, Mehmet, Musa və Mustafa Çələbilər ("çələbi" şahzadə mənasını verir). Məğlubiyyətdən sonra iki şahzadəni Teymur əsir aparmış, o birilər isə hərəsi bir şəhərdə öz padşahlığını elan etmişdi. Uzun sürən hakimiyyət davasında qardaşlar bir-birini öldürdülər və sonda tək qalan Mehmet Çələbi taxta çıxdı, itirilmiş torpaqları qaytarmağa çalışdı. I Mehmet adıyla hökmdarlıq edən sultana Osmanlı dövlətinin ikinci qurucusu da deyirlər. Sultan Ankara savaşının yaralarını sağaltmaq üçün bir ömür xərclədi və cəmi 42 il yaşadı. Bəzi mənbələrin yazdığına görə, yenə zəhər olayı vardı bu işdə. Onun yerinə keçən Sultan II Murad tarixdə elə bir iz qoymadı.

Tarix səhnəsinə II Mehmet çıxdı. Bəlkə də gələcəkdə olacaq hadisələr olmasaydı bu sultan da şeir, musiqi, memarlıq sevən, ədalətli bir padşah kimi anılacaqdı. Amma 49 il ömür sürən və iki dəfə taxta çıxan bu sultana tarix başqa ad verəcəkdi...

Orta Asiyada bir qüdrət baş qaldırmaqda idi və bütün xristian dünyası gözünü qırpmadan ərzin sahibi olan bu iki böyük türkün savaşını gözləyirdi. Gözlənilən oldu - 1402-ci ildə Ankara yaxınlığında iki böyük ordu üz-üzə gəldi. İldırım Bəyazid əsir alındı. Səkkiz ay Anadoluda qalan Əmir Teymur getdiyi hər yerə Bəyazidi də aparırmış. Bəzi qaynaqlara görə, son dərəcə qürurlu bir adam olan Bəyazid aşağılanmağa dözə bilməyib, üzüyünün içindəki zəhərlə intihar edib.

Amma dərddən də ölə bilərdi. Mühüm olan bu deyil, əsas nəticələrdi:

1. Balkanlarda torpaqlar itirildi. Arnavutluq (Albaniya) tərk edildi.

2. Çökməsi gözlənilən Bizans bu savaşdan sonra bir az da şans qazandı.

3. Anadolu-Türk birliyi pozuldu.

4. Əmir Teymurun geri çəkilməsindən sonra İldırım Bəyazidin oğulları arasında taxt-tac ixtilafları başladı.

Bu bizim babalarımızın tariximizdə qoyduğu izlər. Ankara savaşından sonra Avropa da, Rusiya da böyük sürətlə dirçəlməyə başladılar.
 
Ardını oxu...
Vaşintqon Cənubi Qafqazda sülh, sabitlik və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır. ABŞ eyni zamanda bütün sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. ABŞ prezidenti Co Bayden 10 gün ərzində Azərbaycan prezidentinə iki məktub göndərib.
Bayden 28 Cumhuriyyət bayramı münasibətilə İlham Əliyevə göndərdiyi məktubda bir necə məqamı önəm çəkib. Birincisi, Bayden Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyini, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı yüksək qiymətləndirib. İkincisi, Bayden İlham Əliyevin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfəni təqdir edib. Üçüncüsü, Bayden Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarması çalışmalarını bundan sonra da dəstəkləyəcəyini bildirib. Dördüncüsü, Bayden Azərbaycanla Ermənistan arasında sülhün vacib olduğunu vurğulayıb.
ABŞ prezidenti Co Bayden İlham Əliyevə ikinci məktubunu 31 mayda göndərib. Həmin məktub Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində oxunub. Bayden bu məktubunda Azərbaycanın dünyanın enerji təhcizatında vacib rol oynadığını bildirib. Bayden xüsusi olaraq Cənubi Qaz Dəhlizi layihəsinin adını çəkib. Ağ Ev sahibi ayrıca, qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səylərini, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslərindən məmnun qaldığını bildirib.
Bundan başqa mayın 30-da Dövlət Departamentinin bəyanatı yayılıb. Bəyanatda ABŞ-ın gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyiyi bildirilib: “Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər; Konstruktiv dialoq – həm ictimai, həm də özəl – sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Bəyanatda diqqəti çəkən cümlələrdən biri budur: “Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”. Bununla Dövlət Departamenti nə demək istəyib?
Birincisi, Vaşinqton Nikol Paşinyanın “Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” açıqlamasını yüksək qiymətləndirib. Bu Azərbaycanın maraqlarına tam uyğundur. İki ölkə arasında sülh sazişinin əsas bəndi Ermənistanla Azərbaycanın bir-birlərinin ərazi bütövlüklərini tanıması olacaq.
İkincisi, prezident İlham Əliyev Laçında son çıxışında erməni separatçılarına mesaj göndərib. Mesajın mahiyyəti budur ki, erməni separatçıları tərksilah olunsalar, “parlamentlərini” və “hökumətlərini” buraxsalar, onlar amnistiya oluna bilərlər. Çünki Azərbaycanda erməni separatçılarının lideri Araik Arutunyana qarşı cinayət işi var. İlham Əliyevin amnistiya ilə bağlı açıqlaması Qarabağ erməniləri ilə dialoq imkanlarının da açıq tutulması deməkdir. Ancaq erməni separatçıları İlham Əliyevin şərtlərini qəbul etmək istəmirlər. Bu olmadığı halda amnistiya reallaşmayacaq, əksinə Azərbaycan ordusu separatçılara qarşı anti-terror əməliyyatını həyata keçirəcək. Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçməyənə qədər bölgədə Amerikanın istədiyi sülhə və sabitliyə nail olmaq çətindir. Digər tərəfdən Rusiyadakı siyasi və hərbi mərkəzlər separatçılara dəstəklərini davam etdirir və ABŞ-la Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmaq istəyirlər. Bu da sülhə və sabitliyə ən böyük əngəldir.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
Ermənistanın öncədən bəyan etdiyi kimi, Qarabağa dair “beynəlxalq mexanizm”in yaradılması iddiasını irəli sürərək, razılaşmayacağı aydın görünür
Kişinyov görüşü reallıqla uzlaşmasa da, “sülh sazişi imzalanacaqmı” gözləntisini yaradıb. Bu sual fonunda görüşdən öncə tərəflərin ritorikasının dəyişməsi diqqət çəkdi:
- Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra “1 iyunda sülh müqaviləsinin imzalanmasınını mümkünlüyündən” danışırdı;
- Bakı həmin vaxt susqunluq nümayiş etdirdi, görüşə təxminən bir həftə qalmış sülh sazişinin imzalana biləcəyini açıqladı;
Bu dəfə Ermənistan fikrini dəyişdi, görüşə iki gün qalmış Paşinyan Kişinyovda “sülh sazişinin imzlanması planı yoxdur” açıqlamasını verdi.
İrəvanın və Bakının ritorikası niyə dəyişdi?
Beştərəfli görüşə bu sual üzərindən baxdıqda müəyyən nəticələr çıxarmaq mümkündür.
Vaşinqtonda XİN rəhbərlərinin üç günlük müzakirələrində tərəflər razılaşdırılmayan məsələlərlə masadan qalxdı: Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinin” təmin edilməsində “beynəlxalq mexanizmin” yaradılması, qondarma “Bakı-Xankəndi” formatı və anklavlar da daxil olmaqla sərhədlərin delimitasiyası;
Nikol Vaşinqton müzakirələrindən dərhal sonra Fransanın moderatorluğu ilə keçiriləcək Kişinyov görüşündə mövqelərini gücləndirməyə nail olacağı ümidi ilə 1 iyun tarixini sülh sazişinin imzalana biləcəyi təqvim olaraq işarə edirdi. Hərçənd, o vaxt da yazırdıq: Bakı Kişinyova gedib-getməmək qərarını Brüssel görüşünün nəticəsinə uyğun olaraq verəcək!
Brüssel görüşü Fransanın Qərb platformasında təşəbbüsü ələ almasına qarşı atılmış addım idi və burada Əliyevlə Mişelin birgə gediş etdiyini deyə bilərik. Nəticə Bakının istədiyi kimi oldu:
1. Ermənistan Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı;
2. Şarl Mişelin də Kişinyov görüşündə iştirakı dəqiqləşdi: bu, Makronun təsir rıçaqlarını zəilətməklə yanaşı, Brüsseldəki gündəliyin də Moldovaya daşınması qərarından irəli gəlir;
Proseslər göstərir ki, İrəvan Vaşinqton müzakirələrindən sonra ümid etdiyi Kişinyov görüşünə qədər gündəliyi dəyişə bilmədi, əksinə, Bakının gedişləri daha effektiv oldu. Və Paşinyan beştərəfli görüşdə “Qarabağ Azərbaycandır” bəyanatının əksini irəli sürə bilməyəcək, Parisdən səs çıxmasa da, Vaşinqton və Brüsselin açıqlamaları da bu yöndədir. Nikolun mayın əvvəlində sülh sazişi ilə bağlı dediklərini indi dəyişməsi də bundan qaynaqlanır.
Ən mühüm məqam beştərəfli görüşdən öncə Əliyevin Qarabağdakı separatçılara amnistiya çağırışı etməsi, Vaşinqtonun da bunu dəstəkləməsi idi. Bakı bununla Fransa və Ermənistanın irəli sürəcəyi qondarma “Bakı-Xankəndi” formatına qarşı mövqeyini elan etdi və beynəlxalq müstəvidə dəstək əldə etməklə bu məsələnin müzakirəsini arxa plana keçirdi.
Bütün bunlara baxmayaraq, beştərəfli görüşdə sülh sazişinin imzalanacağı ehtimalı yenə azdır. Mümkündür ki, masaya Vaşinqtonda müzakirə edilən “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi, yaxud Vaşinqton və Brüssel görüşünün yekun nəticəsini özündə əks etdirən hansısa bəyannamə qoyula bilər. Lakin Ermənistanın öncədən bəyan etdiyi kimi, Qarabağa dair “beynəlxalq mexanizm”in yaradılması iddiasını irəli sürərək, razılaşmayacağı aydın görünür.
Asif Nerimanli
Teref.az
Ardını oxu...
Bugünlərdə Moskvadan qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək.
Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətməyib. Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir.
Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına “əmr edərsiniz” deyib Rusiyaya yollanır.
Nikol Paşinyan iyunun 1-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, vasitəçi Brüssellə yanaşı Paris və Berlin olacaq.
Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Qardaş Türkiyədə kimin qalib olmasından asllı olmayaraq çox da xoş olmayan mənzərə yaranır: Ölkə tam iki yerə, cəmiyyət yarı-yarıya bölünüb. Amma Türkiyənin iki vacib "immuniteti" var: Seçki institutu və sekuylar kəsim. Əminəm ki, bu iki amil qardaş ölkəyə bütün problemlərə üstün gəlməyə kömək olacaq.
Nəticədən asılı olmayaraq CHP-yə, Klıcdaroğluna təşəkkür düşür, əllərindən gələni etdilər, seçki institutunu, seçkiyə inamı diri tutdular, sonacan mübaruzə.apardılar.
Erdoğan və AKP-yə də təşəkkür düşür, əllərində olan bu qədər inzibati resursa, maddi imkanlara baxmayaraq kobud saxtakarlığa getmədilər, "oy, sandıq siyasətçinin namusudur", dedilər, istənilən toplumların inkişafı üçün təməl şərt olan seçki institunu ciddi zədələmədilər.
Nə olursun-olsun, məhz sandlqda Türkiyə qazansın!
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
Rəcəb Təyyub Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı “altılı masa” Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi. Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluna faydası olmadı. İkincisi, İyi Partiyanın lideri Meral Akşener ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı. Üçüncüsü, “altılı masa” vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi. Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyətçilərin səslərini qazana bilmədi. Beşinicisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu.
Bundan sonra nə olacaq? Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından və siyasətdən çəkiləcək. Meral Akşener isə “axı mən sizi xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankranın bələdiyyə başçısının namizədliyin irəli sürək” açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək. Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var. Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəlməkdir. Azərbaycana gəldikdə müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Ərdoğanın qələbəsi erməniləri də məyus edib. Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlkitək hesablaşacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
“Əvvəlcədən proqnozlaşdırıldığı kimi, Moskva görüşü sülhyaratma prosesində həlledici amilə çevrilmədi. Üçtərəfli görüş 20-30 dəqiqə çəkdi. Əsas müzakirə prezidentlər İlham Əliyevlə Vladimir Putin arasında oldu. Hətta Qarabağ məsələsində müəyyən konsensusa gəlindiyi qeyd edilir. Mən Azərbaycan və Rusiya arasında Qarabağ mövzusunda hansısa istiqamətlər üzrə konsensusu nəzərdə tuturam. Yəqin ki, zamanla bunun belə olub-olmadığı üzə çıxacaq”.
TEREF.AZ bildirir ki, bunu Reyting.az-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli dünən Moskvada Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə baş tutan prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasındakı üçtərəfli görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, əslində Moskva görüşündən əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyi verdiyi bəyanatla müəyyən edilmişdi.

Professor diqqətə çatdırıb ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın da bu ərazi bütövlüyünə aid olduğunu bəyan edib. Q. Hüseynlinin fikrincə, bu, Moskva görüşündən əvvəl yaxşı bəyanat sayıla bilər. “Ancaq hansısa səbəbdən Rusiya bu bəyanatdan razı qalmadı. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirdi ki, Nikol Paşinyan kimi düşünmür. Bu da onu göstərir ki, Rusiya Qarabağ məsələsində konstruktiv deyil, problemin həllində marağı yoxdur, sülh prosesinin irəli aparılmasına ciddi səy göstərməyəcək. Deməli, tərəflərin diqqəti qarşıdan gələn Kişinyov görüşünə fokuslaşacaq. Mən Brüssel formatını nəzərdə tuturam. Yəni Brüssel prosesi münaqişənin həll edilməsi baxımından daha əhəmiyyətlidir”,- deyə Q. Hüseynli əlavə edib.

Professor Moskva təmasları zamanı baş verən bəzi nüansları da qiymətləndirib. Deyib ki, birinci belə nüans Ermənistan baş naziri Paşinyanın Laçın dəhlizinin bağlı olması, guya bura sülhməramlıların nəzarət etməli olduğu haqda olub. Ancaq prezident Əliyev Ermənistan liderini çox ustalıqla öz yerində oturdub, Laçın yolunun bağlanmadığını, orada sərhədçilərin durduğunu, eyni zamanda sülhməramlıların da 20 metr kənarda olduğunu qeyd edib.

İkinci nüansa gəlincə, professor əlavə edib ki, bu tədbirdə Azərbaycan liderinin Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşı adlandırması, eləcə də toponim olaraq Stepanakert deyil, Xankəndinin adını çəkməsidir. “Yəni prezident dedi ki, Azərbaycan vətəndaşları olan ermənilər Xankəndiyə rahat gəlib-gedir. Məncə, bu daha çox Rusiyaya istiqamətlənmiş mesaj idi. Yəni bura bizim ərazimizdir və məsələləri biz tənzimləyirik, başqa cür də ola bilməz”, - deyən Q. Hüseynli üçüncü nüansa da diqqət yetirib: “Bu, Rusiya lideri Putinin ərazi bütövlüyü məsələsinə diqqət çəkməsi, bunun əsas olduğunu ifadə etməsidir. Moskva görüşündə bir daha aydın oldu ki, Ermənistan Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyır və qəbul edir”.
Ardını oxu...
Güneyli fəal: “Obalılara qarşı hücum güneylilərin gözünü qorxutmaq cəhdidir”

Siyasi şərhçi: “İran rejimi çoxlu sayda sui-qəsdlərə və terrora dəstək verib”

Xəbər verildiyi kimi, “Günaz.tv”-nin yaradıcısı və rəhbəri, güneyli mühacir Əhməd Obalı və oğlu Dəniz Obalı mayın 17-də ABŞ-ın Kaliforniya ştatında bir qrup cinayətkarın hücumuna məruz qalıb. Məlumata görə, Əhməd Obalı və oğlu baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır.

Güneyli milli fəalın oğlu Dənizin vəziyyətinin daha ağır olduğu bildirilir. Həm ata, həm də oğul Obalıların əl və ayaqlarını hiss etmədikləri, Ə.Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlərin onun danışmasına hələlik icazə vermədiyi, hər iki yaralanının otağına heç kimin buraxılmadığı gələn xəbərlər arasındadır.

ABŞ-da yaşayan siyasi şərhçi Zaur Bayramlının sözlərinə görə, Əhməd Obalı və oğlu Dəniz Kaliforniya ştatında təhlükəsizlik baxımından adını yazmadığı bir şəhərin xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur: “Əhməd bəyin həyat yoldaşı Nahidə xanımla danışdım. Hər ikisinin həyati təhlükəni adladığını, amma durumlarının ağır olaraq qaldığını söylədi. Bir neçə saniyəlik də olsa kameradan mənə Əhməd bəyi göstərdi. Hadisənin səbəbi ilə bağlı ABŞ polisinin məlumat yaymamaqla bağlı ona xəbərdarlıq etdiyini dedi. Çünki yayılan məlumatlar istintaqın gedişinə mane ola bilər”.

Bu arada Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının fəalı Mahmudəli Çöhrəqanlının adından Əhməd Obalının və oğlunun şəxsi münaqişə zəminində hücuma məruz qaldığı barədə informasiyalar yayılıb. Sonradan mətbuata açıqlama verən Çöhrəqanlı belə bir fikir işlətmədiyini deyərək, onun adından yayılan məlumatların əsassız olduğunu diqqətə çatdırıb.

Siyasi müşahidəçilər baş verən hadisənin arxasında İran kəşfiyyatının dayandığını ehtimal edirlər. Bu cür düşünənlərin fikrincə, İran bununla müxalif səsləri boğmağa, xaricdə yaşayan siyasi mühacirlərin gözlərini qorxutmağa və özünə yönəlik təhlükələri önləməyə çalışır.

Güneyli yazar və siyasi fəal Eldar Qaradağlı AYNA-ya açıqlamasında İran rejiminin sona doğru irəlilədiyini və səbəbdən azğınlaşdığını deyib: “Obalılara qarşı hücum hücum İran kəşfiyyat orqanlarının Güney Azərbaycan Milli Oyanış Hərəkatına qarşı növbəti terror cəhdidir. Molla rejimi hər zaman oxşar texnologiyadan istifadə edib. Görürlər ki, dünyadan təcrid olunublar. İranda kütləvi etirazlar səngimir. Əhali molla rejiminin zülmünə dözmək istəmir. Güneyli soydaşlarımız da fəaldır və öz haqlarını tələb edirlər. Bundan təşviş keçirirlər və güneylilərin gözünü qorxutmağa çalışırlar”.

“Əhməd Obalı və oğlu Dənizə qarşı törədilən cinayət də bunun bariz nümunəsidir. Lakin unudurlar ki, proses başlayıb və geriyə yol yoxdur. Bu cür təxtibatçı və terrorçu fəaliyyəti molla rejimini xilas etməyəcək”, - deyə həmsöhbətimiz bildirib.

İran rejiminin serial terrorlar və qətllər törətdiyini diqqətə çatdıran siyasi fəal hesab edir ki, bütün bunlar vahid mərkəzdən idarə olunur: “Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu oldu. Səfirliyin əməkdaşını qətlə yetirdilər, digər əməkdaşları yaraladılar. Cinayətkarları, sifarişçiləri tapıb cəzalandırmaq əvəzinə, cinayətin məişət səviyyəsində baş verdiyini bəyan etdilər. Niyə gizlədirlər? Çünki sifarişi verən də özləridir”.

“Bakıda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terrorun davamı bu dəfə ABŞ-da Əhməd Obalıya və oğluna qarşı yönəldi. Amerikada təşkil edilən terror aktı bu rejimin varlığının sonu çatdığının göstəricisidir. Rejim bu boş aktlarıyla Azərbaycan Milli Hərəkatının milli dövlətçilik iradəsinə qorxu sala bilməyəcək. Bu kimi təxribatçı və terror hərəkətləri bizi yolumuzdan çəkindirməyəcək”, - deyə Qaradağlı vurğulayıb.

Siyasi şərhçi Yeganə Hacıyeva da Əhməd Obalının və oğlunun hücuma məruz qalmasının arxasında İranın barmağı olduğu qənaətindədir. O, AYNA-ya şərhində Tehran rejiminin çoxlu sayda serial sui-qəsdlər və terrora dəstək verdiyini söyləyib.

“Dünyada bunu bilməyən yoxdur. Özü də bu fəaliyyətini müxtəlif ölkələrin ərazisində təşkil edib. Ya birbaşa iştirak edib, ya da dolayı yolla. Tarixi mənbələrə istinad etsək, görərik ki, İran rejiminə qarşı müxalif mövqedə dayanan 21 siyasi fəal bu ölkənin kəşfiyyatı tərəfindən qətlə yetirilib. Müxalifət liderlərindən olan Şapur Bəxtiyarı da Fransada qətlə yetiriblər. Berlində dörd iranlı dissident öldürülüb. Bu qətllərlə əlaqədar olaraq 4 SEPAH agenti həbs edilib və mühakimə olunub. Əhməd və Dəniz Obalılara qarşı olan cinayət də bunun bənzəridir. Bu tip cinayətlərdə İran kəşfiyyatının təcrübəli olduğu kimsəyə sirr deyil”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Politoloq hadisə ilə bağlı Mahmudəli Çöhrəqanlının mövqeyini tənqid edib: “Onun tərəfindən hadisənin məişət səviyyəsinə endirilməsi gözləniləndir. O, anti-Azərbaycan təbliğatı təşkil edir və mövqeyi İran xüsusi xidmət orqanlarının mövqeyi ilə eynilik təşkil edirdi”.

“Bundan Çöhrəqanlının barəsində maraqlanmağa başladım. Məlum oldu ki, adam İranda Universitetdə ideoloji iş üzrə təhkim olunubmuş. Təsəvvür edirsinizmi, milli düşnücəli kimisə İranda ideoloji işə təhkim edirlər. Təbii ki, bu, mümkün deyil. Bütün bunları nəzərə alsaq, onun açıqlamasında qeyri-adi və təəccüblü bir şey görmürəm. Adam bu günə qədər necə davranırdısa, elə də danışmaqda davam edir”, - deyə Hacıyeva fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev
 
Ardını oxu...
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa etdi və həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında bu gün demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident cənab İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 

Dünyapress TV

Xəbər lenti