Ardını oxu...
“Azərbaycanla sülh müqaviləsi ona görə təxirə salınır ki, tərəflər bir-birinə etibar etmirlər”. Bunu cümə axşamı ölkə parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Əgər Azərbaycanla sülh prinsipləri razılaşdırılıbsa, onda problem nədədir? Biz niyə irəli getmirik, niyə sülh sazişi imzalamırıq? Ümumilikdə götürdükdə, səbəb tərəflər arasında etimadın olmamasındadır. Çünki həm biz, həm də Azərbaycan tərəfi hər dəfə öz bəyanatlarımızda və hərəkətlərimizdə razılaşmalardan imtina etmək, aqressiv fəaliyyətin planlaşdırılması niyyətlərini görürük. Bu isə sülh müqaviləsinin mətni üzərində işə mənfi təsir göstərir”, – Paşinyan bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə bir neçə əsas məsələyə aydınlıq gətirilməlidir. Bunlardan biri də sülh sazişinin yanlış təfsirlərinin aradan qaldırılması mexanizminin formalaşdırılmasıdır.

“Təəssüf ki, reallıq ondan ibarətdir ki, istənilən təklif müxtəlif formada şərh edilə bilər. Ona görə də, fərqli şərhlər olduğu halda bunun öhdəsindən necə gələcəyimiz barədə bizim çox aydın təsəvvürümüz olmalıdır. Digər məsələ sülh müqaviləsinin imzalanmasından sonra eskalasiyanın olmayacağına dair təhlükəsizlik təminatlarıdır”, – Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, Ermənistan hökuməti bu problemlərin aradan qaldırılması üçün diplomatik və siyasi işləri gücləndirmək niyyətindədir.

Əgər hər şey Paşinyanın təsvir etdiyi kimidirsə, o zaman dövlətlərimiz arasında sülh sazişinin bağlanması perspektivi tamamilə illüziyaya çevrilir. Çətin ki, kimsə yaxın vaxtlarda ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı səmimi etimada nail olunmayacağı fikri ilə mübahisə etsin. Bəs Bakı və İrəvan belə vəziyyətdə nə etməlidir? Tərəflər, güclü və etibarlı sülh müqaviləsinin imzalanmasını mümkün məqsədə çevirmək üçün konkret olaraq nə etməlidirlər?

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru, siyasi müşahidəçi Eldar Zeynalov yaranmış vəziyyəti Pressklub.az-a şərh edib.

“Məncə, Paşinyan yalan danışır. Əgər söhbət yalnız Ermənistanın Azərbaycanın sülhməramlı niyyətinə inamsızlığından getsəydi, o zaman İrəvan gərginliyi azaltmaq üçün addımlar atardı”, – o hesab edir.

Məsələn, Zeynalov deyir ki, İrəvan sovet dövrünün xəritələrinə əsaslanaraq, Azərbaycanın Ermənistan ərazisinin bir hissəsini işğal etdiyini iddia edir və bu məqam ermənilərin xarici siyasətində fəal şəkildə oynanılır. “Əgər belədirsə, o zaman sərhədin Sovet xəritələrinə uyğun delimitasiyası və demarkasiyası bu problemi asanlıqla həll edəcək – Rusiya tərəflərə ən müfəssəl xəritələri təqdim etməyi təklif edib. Və bu problemin sərhədin yalnız bir neçə yerində qeyd alındığını nəzərə alsaq, elə həmin hissələrdən başlamaq olar. Sərhədin digər hissəsini sonraya saxlamaq mümkündür. Məsələn, bizim Rusiya və Gürcüstanla bu cür sərhədi müəyyən etmə prosesimiz onilliklər çəkdi və heç vaxt silahlı toqquşmalara çevrilmədi.

Bəs bunu niyə etmirlər? Cavab sadədir: Ermənistana dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın “təcavüzü” və “işğalı”ndan şikayət edəcək vəziyyətin olması daha çox sərf edir. Nə qədər ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin heç olmasa bir kilometrinin işğalı ilə bağlı mübahisə etməyə əsas var, onların təbliğatı bunu aktiv şəkildə istifadə edəcək. Qərbin ikili standartları, onun islam və türkofobiyası bu cür hiylələrə yaxşı köməkdir. Bir faktı xatırladaq: Ermənistan Şuşa və Laçın rayonlarını işğal edərkən Azərbaycanın bu əraziləri geri qaytarmaq cəhdləri ABŞ Konqresi tərəfindən təcavüz kimi qiymətləndirilmişdi və 1992-ci ilin payızında Amerika sanksiyalarının tətbiqinə səbəb olmuşdu (ABŞ Azadlığa Dəstək Aktına 907 saylı əlavə). 2001-ci ildən bəri hər il onun qüvvəsi dayandırılır, lakin təcavüz qurbanına qarşı sanksiyaların tətbiqi presedenti hələ də qüvvədədir.

Əslində, 1992-ci ildə Azərbaycan qoşunlarının Gədəbəy rayonu ərazindəki Başkənd (Artsvaşen) anklavını tutması Ermənistan ərazisinin “işğalının” daha bariz arqumentidir. Orada sərhədlərin haradan keçdiyini ölçmək üçün əlində xətkeş dağların qalxmaq lazım deyil. Anklav var idi və indi yoxdur. Amma nəinki bu arqumentdən istifadə etmirlər, onu həm də utancaq şəkildə danışıqlar masasının uzaq siyirtməsində gizlədirlər. Bunun da səbəbi aydındır: bir Başkəndə Ermənistan tərəfindən işğal olunmuş bir neçə Azərbaycan anklavı düşür. Bu anklavlarda 8 kənd (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Bərxudarlı, Qızılhacılı, Sofulu, Xeyrimli və Kərki) var.

Təbii ki, Paşinyana anklavları unutmağa imkan verməyəcəklər – nə azərbaycanlılar, nə də öz müxalifəti. Amma eyni zamanda əsas ərazidən təcrid olunmuş bu kəndlərin xəritə, delimitasiya, demarkasiya, nəqliyyat marşrutları, anklavların demilitarizasiyası və s. problemi yenidən gündəmə gəlir.

Nədənsə, erməni tərəfi üçün də xəritə məsələsi də sadə deyil. Ermənilər SSRİ Baş Qərargahının 1974-1991-ci illərdə tərtib edilmiş xəritələrində israr edirlər. Səbəbi yenə də aydındır: Azərbaycan SSR rəhbərliyi 1960-cı illərin sonuna qədər respublikanın ərazilərini itirə-itirə getmişdi və əvvəlki dövrün xəritələrini götürsək, Ermənistan “Artsvaşensiz” və hətta Zəngəzursuz qalmaq riski ilə üzləşir. Amma görünən odur ki, Azərbaycan rəhbərliyi bu xəritələrə qarşı deyil. Axı, BMT Azərbaycan və Ermənistanı məhz o dövrün xəritələrinə görə müstəqil dövlət kimi tanıyıb”, – hüquq müdafiəçisi bildirib.

“Təhlükəsizlik zəmanəti: Ermənistan üçün müttəfiqi Rusiyanın qoşunlarından daha güclü təminat düşünmək çətindir. MDB-nin digər ölkələri öz ərazilərində Rusiya hərbi mövcudluğundan qurtulmağa çalışdığı bir zamanda, Ermənistan özünü bir neçə müqavilə ilə Rusiya ilə bağladı. İndi də Ermənistanın ağlı başında olan qonşularından heç biri rusların bəzilərinin Rusiyanın İrəvan quberniyası, bəzilərinin isə onun Şərqdəki forpostu hesab etdiyi əraziyə qəsd etməyə cəsarət etməz.

Beləliklə, prinsiplər razılaşdırılıb, komissiyalar yaradılıb, coğrafi xəritələr masaya qoyulub. Lakin məsələ ölü nöqtədən tərpənmədi. İndi Paşinyan Ermənistanın sülh müqaviləsini imzalanmasını gecikdirməsinin səbəbini “sülh sazişinin yanlış şərh edilməsinin aradan qaldırılması mexanizminin formalaşdırılması” ilə izah edir. Amma rəsmi İrəvan 35 il ərzində tamamilə başa düşülən dildə yazılmış beynəlxalq konvensiyaları, bəyannamələri, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qərarlarını xarici dövlətin ərazisinin işğalına icazə kimi yanlış şərh edilməsinə yol veribsə, bu doğrudan da problemdir. Lakin bu problem diplomatik yox, artıq tibbi xarakter daşıyır. İndi də bu xəstəliyin açıq-aydın kəskinləşməsi baş verir.

Mənim fikrimcə, İrəvanın danışıqları gecikdirməsi Ermənistanı hansısa möcüzəvi şəkildə Rusiyanın mövcudiyyətindən qurtaracaq, onu NATO silahları ilə təmin edəcək, Azərbaycanı qorxudacaq və Qarabağa piksel şəklində “Artsax” bayrağını qaytaracaq Avropa məsihinin gəlişini gözləmək kimi sadəlövh planın tərkib hissəsi kimi görünür.

Məsələn, KTMT-dən çıxmaq və Aİ ilə yaxınlaşmaq niyyətləri səsləndirilir. Təhlükəsizliyindən narahat olan Ermənistan bu yaxınlarda nümayişkaranə şəkildə Hindistandan güllə, Fransadan isə Ukraynanın rədd etdiyi zirehli texnika alıb. Hindistandan alınan güllələrin Ermənistanın təhlükəsizliyini nə qədər gücləndirəcəyi barədə danışmayacağam, lakin bu uşaq oyununun 19-cu əsrdən bəri erməni təhlükəsizliyinin arxalandığı Rusiyanı ciddi şəkildə qəzəbləndirməsi adi gözlə də görünür.

Ermənistan son vaxtlar Rusiya Xarici İşlər Nazirliyindən İrəvanın problemlərinin “öz əli ilə yaradıldığı”, avrointeqrasiya və ya bloklara qoşulmamağa can atmasının, Qərb silahlarının tədarükünün genişləndirilməsinin, Ukrayna ilə qəfil dostluğun “Ermənistanın əsarətinə səbəb ola biləcəyi” barədə çoxlu bəyanatlar eşidir. Kremlin fikrincə, Qərbin məsləhətləri Ermənistana Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işləri başa çatdırmağa mane olur. Nəticədə, Ermənistan gələcəkdə “regional kommunikasiyaların konfiqurasiyası ilə əlaqəsinin kəsilməsi ilə bağlı böyük risk edir”. Və bu son deyil”.

“Ukrayna istiqamətində planları tamamilə iflasa uğrayan Qərb yırtıcı caynaqları ilə Ermənistana qamarlayıb və onu Rusiyadan qoparmağa çalışır”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarova bildirib. Onun bilavasitə rəhbəri S.Lavrov isə daha kəskin çıxış edib: “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq niyyətlərini gizlətmir. Bu baş tutmayacaq. Biz tarixən buradayıq və heç yerə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”. Cənubi Qafqaza gələndə, “tərəfdaşlar” və “müttəfiqlər” ilk növbədə ermənilərdir və onlara şəffaf şəkildə eyham vururlar ki, Rusiya heç yerə yoxa çıxmayacaq və lazım gələrsə “Ermənistan istiqamətində Qərbin planlarını puça çıxara bilər”.

Bu yaxınlarda Ermənistanda hansısa sui-qəsdçi təşkilatın ifşa edildiyi və orada dərhal Rusiya izinin tapıldığı nəzərə alınsa, bu, tamamilə inandırıcı ssenaridir. Rusiyanın bu yerlərdə çoxlu agentləri var və o, Qarabağ kartından məharətlə istifadə edir.

Paşinyanın şəxsən iştirak etdiyi və buna görə mühakimə olunduğu 2008-ci ilin mart iğtişaşlarını da xatırlamaq olar. O zaman Ermənistan Qarabağ klanının boyunduruğundan çıxmağa çalışırdı, əvəzində İrəvan küçələrində tanklar, zorakılıq və nümayişçilərə atəş açılmasını gördü. On ildən sonra Paşinyan qarabağlıları hakimiyyətdən uzaqlaşdırdı, onu incidənləri həbsə atdı, lakin çox keçmədən 44 günlük müharibəni uduzdu.

İndi Ermənistanda 5-15 il əvvəlkindən daha çox qarabağlı var. Bu ilin sentyabrında onların Qarabağdan köçürülməsini nizamlı şəkildə təşkil ediblər. Onların arasında Paşinyana qəzəbli olan keçmiş döyüşçülər də az deyil. Beləliklə, Rusiya prezidentinin şəxsi dostu adlandırdığı R.Koçaryanın başçılıq etdiyi qüvvələrin bu dəfə revanş əldə edəcəyi istisna edilmir. Ermənistan siyasətinin arsenalında başqa radikal qərarlar da var. Məsələn, 1999-cu ildə olduğu kimi parlamentin güllələnməsi. Bu hadisənin təşkilatçılığı da R.Koçaryanın ayağına yazılır.

Bütün bunlar ermənilərin Rusiyadan aralanmaq cəhdini çox problemli edir. Və ola bilsin ki, biz buna tezliklə əmin olaq”, – ekspert qeyd edib.

Azərbaycan hakimiyyəti bu şərtlər daxilində nə etməlidir?

Azərbaycan hakimiyyəti hesab edir ki, başda Xankəndi, Kərkicahan və Xocalı olmaqla, ilk növbədə məcburi köçkün azərbaycanlıların Qarabağa qayıtmasını davam etdirmək lazımdır.

“İrəvan tərəfindən aldadılan Qarabağ erməniləri ora qayıtmağa başlayanda, artıq orada yerli administrasiya, polis formalaşacaq, iqtisadi infrastruktur fəaliyyət göstərəcək (xoşbəxtlikdən qaçan ermənilər Kəlbəcər və Ağdamda olduğu kimi burada infrastrukturu sıradan çıxarmadılar). Qarışıq əmək kollektivləri yaranacaq, radio-televiziya işə başlayacaq və bu, son 35 ildə yerli ermənilərin beyninə yeridilən şovinizmin ən yaxşı dərmanıdır. Biz indidən qanunvericiliyimizin erməni dilinə tərcüməsi, məktəb dərsliklərinin yaradılması kimi məsələlər üzərində düşünməliyik”, – deyə E.Zeynalov yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Deyir, torpaqdan gəlib, torpağa gedəcəyik. Doğulursan, səndən soruşmurlar, istəyirsən, ya yox. Olursan vətəndaş. Vətən nağılı eşidirsən, vətən şeiri oxuyursan, vətən mahnısına qulaq asırsan. Heç özünü tanımamış deyirlər, vətəni qoru, keşiyində dur. Hər şey vətən üçün, hər şey vətən naminə. Sevirsənsə, vətənpərvər, sevmirsənsə, vətən xaini olursan.
Vətən adı altında yaxşı alver edirsən, əl çalırlar, “vətənpərvər” deyib, başa keçirirlər. Tənqid edirsən, ələ salırlar, olursan başı daşlı. Tərifləyəndə, yaxşı vətəndaş, “harda aş, orda baş” biri olursan. Həyat keçir, yaş üstünə yaş gəlir, artıq heç kimə lazım deyilsən, olursan ayaq-baş, bir çala, üstünə daş, torpaq, beton, başdaş…
Gözlə görülməyən, əllə tutulmayan bir məhfumla idarə olunursan. Onun üçün öləndə o dünyada mükafatlanırsan, çox öldürəndə, bu dünyada. Allah da elədir, dövlət də. Sanki hamısının konsepsiyasını eyni “mərkəz” işləyib. Hamısı idarə etmək üçündür. Başqa da heç nə…
Atalarımz deyib, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bu ata sözünə nədənsə çox duyğusal yanaşırlar. Ancaq görünən odur ki, nəinki indi, ta yüz illərdir bu bölgə, bu region belə olub. Qərib dediyin ölkədə elə rahat olursan, insan kimi yaşayırsan, gəzirsən, əylənirsən. Deyir, torpaq çəkir. Ölüm gələndə də çəkir ki, gəl canını tapşır.
Tək-tük atalar sözündəndir ki, coğrafiyamızın mahiyyətini ortaya qoyur. Ölməli işlər hamının olur… İnsan oğlunun ən sevdiyi şey həyatını çətinləşdirməkdir. Yaşayır, yaradır, tikir. Niyə yaşayır, nə üçün yaradır, özü də anlamır. Min bir əziyyətlə tikdiklərinin içərisində hansı yadların yaşayacağını düşünmür. Hələ söyüş yiyəsi də olur…
Bəzi adamlar həyatlarında ən azı bir dəfə, bəziləri ara-sıra, bəziləri isə günaşırı “bu ölkəyə, bu şəhərə, bu kəndə daş qoyanın”la başlayan gözəlləmələr deyir. Dünyanın ən böyük pafosları da vətənlə bağlıdır. O necə vətəndir ki, hamı onu qorumağa borcludur, ölüb-öldürməyə can atmalıdır, ancaq onun sərvətlərindən bərabər faydalana bilmir.
Bu yaxınlarda Ağdama gedib müharibədən əvvəl haradan o tərəfə baxırdımsa, yenə eyni yerdən o tərəflərə baxdım. Ora hələ də “o tərəflər”dir. Kimin tərəfləridir bilmirəm, amma onu dəqiq bilirəm ki, bizim tərəflər deyil. Bir yaxşı cəhəti var, o tərəfə əvvəl keçsəydin, birdəfəlik “yatırdın”, indi keçsən, sutkalıq.
Vətən, sən Allah, necə anlayışsan ki, səni qoruyanlar, keşiyini çəkənlər, düşməndən xilas edənlər sənə kənardan baxmağa məcburdur? Necə məfhumsan ki, bu yolda sağlamlığını itirən pensiya hayında, şəhid ailəsi isə jurnalistlər binasından ev almaq davasındadır. Niyə ancaq sənin uğrunda əlini zərrə qədər kirlətməyənləri varlandırıb yaşadırsan?
Kişi kimi düzünü de, sən necə dəyərsən ki, bağ-bağatına biri yiyələlənib, otuna başqası sahib çıxıb, suyuna digəri əl qoyub, heyvanını bir başqası mənimsəyib? Onlar da üstündə illik, mövsümlük torpaq alıb, başlarını girələyir? Görürəm, çox sərvətini gizlədirsən. Gizlətməyi belə bacarırsansa, turac, qırqovul ovuna gələnlərdən o zavallı quşları gizlə. Nə bilim, bəlkə də sənə belə xoşdur…
Müasirləşirsən, Vətən. İncimə, qəribə xüsusiyyətlərin əmələ gəlib. Azad olunanda qaçdıq sənə – Yusifcanlı kəndinə. Neçə yerdə qarşıma mina çıxardın. Qoymadın evimizin yerinə qədər irəliləyəm. Yayda gəldim, bu dəfə minadan əlavə ilanları üstümə saldın. Əcəb elədin. Bəs 70 hektarını Əfətlidən filankəs, başçı, rəis, kənddən də bəhmənkəs, daha kimlər əkəndə, onların yoluna niyə mina çıxarmadın?
Qəsəbəmizin bulağını “qurutmusan”, ancaq dövlətin “fırlatdığı” motor quyuna sallananda, nə tez su verdin? Deyirəm də, müasirləşmisən, Qərb kimi ikili standartların da üzə çıxır. Qımışırsan? Onsuz da səndən ağlım bir şey kəsmirdi. O gün vətən üçün burnunun ucu göynəyən birini qeydiyyata almağa gəliblərmiş. “Kəndinizə gedəcəksinizmi” sualına dərhal “Əlbəttə” (!) cavabını verib.
Ardınca deyiblər ki, bəs sizə cəmi 6 sot həyətyanı torpaq sahəsi veriləcək. Qayıdıb soruşanda ki “Bəs pay torpağı?” “O nəzərdə tutulmayıb, həmin ərazilər şirkətlərin istifadəsinə veriləcək” cavabını alıb. Vətən üçün burnunun ucu göynəyən o adam dözməyib, “Durun rədd olun qapımdan, sizin də, şirkətlərin də, becərəcəklərinizin də…”, – deyərək gələnləri qovub.
Ölkənin hər qarışına vətən deyirik. Yalana bax! Qarabağdakı hər qarışı mənimsəmək üçün dörd gözlə gözləyirik, ancaq Kürdəmirin, Zərdabın, Ucarın, Ağcəbədinin şoranlaşmış torpaqlarına gözümüzün ucu ilə də baxmırıq. Vətəni işğal edən, viran qoyan, bu vətənə yad olan, gəlmə olan erməniyə “getmə” deyirdik, gedənləri də su, ya şirniyyatla yola salırdıq. Sözümü kəsmə, iradını da özünə saxla, siyasət olduğunu mən də bilirəm…
Vətənin öz doğma sakinlərinə gözümüzü ağardırıq, maneələrlə qarşılayırıq. Mina? Bu ermənilər də çox qəribə tayfadır ha, minanı qazanc gələn yerlərə yox, “xeyirsiz” ərazilərə basdırıblar. Kasıbın vətənin minalayıblar, varlının vətəninə heç yaxın da düşməyiblər. Əxlaqsızlar! Vətəni müqəddəsləşdiririk. Ancaq həqiqət budur ki, Vətən onu sevənlər üçün yox, istifadə etməyi bacaranlar üçün müqəddəsdir. Vətənlə söhbətdən belə başa düşdüm ki, onu sevənləri “qoynuna” alır, ondan istifadə etməyi bacaranları isə ucaldır.
Səxavət Məmməd
Teref: Xocanın bloqu
 
Ardını oxu...
Dünya artıq bunlardan, bunların barbarlığından cana doyub
Bir cümlədə nə qədər məna ola bilər ki... Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Qərbdən dəstəyini şərh edərkən kiçik bir cümlə ilə bunu bacardı. Görünür, hələ ki, tam sərxoş olmayıb, əgər o, fikirlərini aydın şəkildə ifadə edə bildisə: Ukrayna xalqının, Ukrayna rəhbərliyinin siyasi seçimi, Qərb koalisiyasının Ukraynaya dəstəyi və müttəfiqlərin maliyyə və hərbi yardımı ilə bağlı məntiqi olmasa da, bütün mülahizələrini bir fikirdə birləşdirə bildi.
Rusiya Federasiyasının eks-prezidenti dedi ki, “ipdən açılan it oğlu üçün yardım qaçılmaz sona yaxınlaşır”.
Beləliklə, onun “Telegram” paylaşımından sitat: “Onlar daha lazım olmadıqda Amerika özünün it oğullarına asanlıqla xəyanət edir. Deyəsən, Kiyev üçün bu dövr mütləq yaxınlaşır... ABŞ-da cana doyublar. Ukraynalılar çox pul yeyirlər, vəhşicəsinə oğurlayırlar və hərbi uğur qazanmırlar... İpindən açılmış it oğluna dəstək yaxınlaşır. Qaçılmaz son”.
"Özümüzün it oğlu" ifadəsi kifayət qədər məşhurdur, ümumiyyətlə, bu ifadə tamamilə hörmətsiz olan insanlar, daha çox münasibət saxlamaq məcburiyyətində qaldığınız siyasətçilər haqqında istifadə olunur. Ümumi bir versiyaya görə, “özümüzün it oğlu” ifadəsini Franklin Delano Ruzvelt 1939-cu ildə ölkədə diktatura qurulmuş Nikaraqua lideri Anastasio Somosaya deyib. Buna baxmayaraq, ABŞ Somosanı dəstəkləyir və yaxınlaşan müharibədə Nikaraquanı müttəfiq etməyə çalışırdı.
Lakin 1960-cı illərdə ABŞ-da bu ifadənin mənşəyinin daha bir neçə versiyası var idi və Ruzvelt və Somosa həmişə baş qəhrəman deyildilər. Belə ki, 1968-ci ildə jurnalist Alister Kukun xəbər verdiyi kimi, Prezident partiya yoldaşı, adı açıqlanmayan böyük bir şəhərin meri haqqında belə demişdi. Bir il sonra Sietl qəzetlərindən birində bir qeyd çıxdı, ona görə Ruzvelt Dominikan Respublikasının lideri Rafael Truxillonu “bizim it oğlumuz” adlandırmışdı.
Beləliklə:
- Medvedyev Ukraynanın özünü və onun rəhbərliyini, ehtimal ki, bu ölkənin Prezidentini “ipindən açılmış” hesab edir. Nə üçün? Rusiya ordusu tərəfindən qondarma "Xüsusi Hərbi Əməliyyat"ın yerinə yetirilməmiş məqsədlərinə və əslində - açıq hərbi təcavüz və bütün bundan irəli gələn şərtlər və nəticələrlə genişmiqyaslı müharibəyə görə. O müharibəyə görə ki, mülki əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar və bütün mülki infrastruktur və kommunikasiyalar məhv edildi. Qonşu dövlətə qarşı və “qardaş xalqın” təbirincə desək, demokratiya istəyinə, Rusiyadan fərqli öz yolunu seçməsinə, demokratik Qərb, rüşvətxorluğun, korrupsiyanın, xalqın ideoloji axmaqlığının, ümid və inamın kökünü kəsmək üçün kursun təyin olunduğu hüquqi dövlətdə ağ insanlar kimi yaşamaq istəyinə görə. O hüquqi dövlət yaratmaq haqqına görə ki, Medvedyev və onun bütün siyasi komandası görünür, bu torpaqların bir gün Rusiyanın olacağı ümidilə Ukrayna çöllərində qırılmaq üçün dəstə-dəstə atılan, qara torpağa gübrə verən rus kişi əhalisinin əlindən alıb.
- Təbii ki, Medvedyev Ukrayna Prezidenti Vladimir Zelenskini siyasətdə peşəkarlığı olmadığına görə Kremlin asan qələbə gözlədiyi, lakin Kremlin gözləntilərinin əksinə olaraq üz döndərdiyi “it oğlu” hesab edir. Vladimir Putin bunun təsdiqini Zelenskinin Parisdə Normandiya Formatında Rusiya-Ukrayna böhranının həlli üzrə sammitində seçilməsindən cəmi altı ay sonra aldı. Ancaq dünya möhtəşəm bir tamaşa gördü - Zelenski öz xalqı və “Sibir durnaları” üzərində qalib gələn görkəmli komandiri, Taman körfəzinin dibindən arxeoloji “amforaları” çıxaran “maço”nu ələ saldı və Putinin Ukraynada sülhün bərqərar olması ilə bağlı təkliflərini açıq şəkildə araya qoydu.
Rus istilasının ilk saatlarından özünün məğlubedilməzliyinə inanan Putin üçün gözlənilmədən yüngül janrın aktyoru ümumxalq müqavimətinə rəhbərlik etdi və “üç gündə qələbə” Putinin qalib hökuməti üçün ən böyük fəlakətə çevrildi. Rusiyanın dünyadakı geostrateji əhəmiyyəti, həm ölkənin, həm də şəxsən Putinin özünün imici və reputasiyası üçün. Ukraynaya qarşı müharibə Rusiyanın özü üçün yorucu oldu, yüz minlərlə vətəndaşını müharibə qazanına atdı, ona milyardlarla dollar hesabına başa gəldi, özünü tam təcrid vəziyyətində, Şimali Koreya və İran diktatorları və Kremlin masasından qalan yeməklərlə qidalanan az sayda Afrika qəbilə liderlərinin əhatəsində tapdı. Kreml heç vaxt Zelenskini özünün “it oğlu” edə bilməyib, buna görə də Kremlin ödəmələri hesabına ruhunu iblisə satan Medvedyev özü də ağzının suyunu dağıdır.
- Medvedyevin Qərbin Ukraynadan yorulacağına və işğalçıları öz torpaqlarından qovmaqda ona yardımı dayandıracağına dair ümidləri doğrulmayacaq. “Doymuşuq - çox pul yeyirlər, vəhşicəsinə oğurlayırlar və hərbi uğur qazanmırlar...” ifadəsi də tənqidə tab gətirmir. Sivil dünya ukraynalılardan deyil, 21-ci əsrdə Avropanın və Yaxın Şərqin mərkəzində HƏMAS terrorçularının əli ilə ağlasığmaz müharibəyə başlayan ruslardan “doydu”. Qərb ölkələrində özlərinə sadiq siyasətçilərin hakimiyyətə gəlməsini təmin etmək üçün öz “Vaqner”lərinin köməyi ilə Afrika ölkələrində dövlət çevrilişləri edərək, sivil dövlətlərin sadəcə olaraq sülh şəraitində yaşamasına mane olan və bütün seçkilərə, o cümlədən ABŞ-dakı seçkilərə müdaxilə edən ruslardan doyub. Dünyadakı xalq əmlakının əsas oğruları və soyğunçuları Rusiya rəhbərliyinin özüdür və Rusiya ordusunun özü hərbi uğur göstərmir, həbsxanalardan “top yemi” yığmağa və KXDR-in, İranın zalım rejimlərindən silah dilənməyə məcbur olur.
Və Qərbin Ukraynadan bezdiyinə ümidlər efemerdir, Medvedyev arzularını reallıq kimi qələmə verməyə çalışır - əksinə, avropalı və amerikalı siyasətçilərin fikrincə, Ukraynaya mümkün olan maksimum yardımın göstərilməsi istiqamətində həlledici dönüş var.
Barbarlar və onları Qərb ölkələrini fəth etmək yolunda saxlayan Ukraynaya Avropa ölkələri maliyyə və hərbi yardımı intensiv şəkildə artırmağa davam edir və Ukraynanın əsas müttəfiqi ABŞ və anti-Rusiya koalisiyasının baş komandanı Co Bayden, nəhayət, Rusiyanın cəlb etdiyi təsir qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, komandasındakı rusiyayönlü qüvvələrin müqavimətini qıra bildi və Putini HƏMAS ilə açıq şəkildə müqayisə etdi. Və Ağ Evin tələbi ilə Ukraynaya on milyardlarla dollar məbləğində yardım Konqress tərəfindən səs çoxluğu ilə təsdiqlənəcək, çünki bütün demokratlar və respublikaçıların üçdə ikisi qanun layihəsini, hətta Palatanın yeni sədri də dəstəkləyir. Kremlin Tramp tərəfdarı kimi böyük ümid bəslədiyi nümayəndələr palatasının sədri Mayk Conson hesab edir ki, Putini dayandırmaq lazımdır, çünki o, “Ukraynada dayanmayacaq”. Sadəcə, bir az gözləmək lazımdır, maliyyə məsələsi noyabrın sonuna kimi həll olunmalıdır.
Sonda qeyd edirik ki, Medvedyevin özünün məntiqinə əsasən, “it oğulları” ifadəsini çox güman ki, Rusiya rəhbərliyinin dəstəklədiyi HƏMAS terrorçularına aid etmək olar. Məhz Rusiya HƏMAS-ı yetişdirdi və İsrailə vəhşicəsinə işğalının lap əvvəlində onların liderlərini ən yüksək səviyyədə, ondan əvvəl isə bir neçə dəfə hətta Kremldə qəbul etdi. Lakin Zelenski təslim olmadı və Kremlə satılmadı, o, heç vaxt Rusiya rəhbərliyi üçün “özünün it oğlu” olmadı. Medvedyevi qəzəbləndirən də budur.
Müəllif: Mira Həsənova
ayna.az
 

Ardını oxu...
BMT-nin Beynəlxalq Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalıdır.

Rəsmi Bakı bunu etməyə hazır olduğunu əvvəldən bəyan edib. Buna baxmayaraq, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir.

Qərarda diqqətçən bir məqam da var: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.

Birincisi, erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta “pasportları”dır: ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktiki olaraq mümkün deyil;

İkincisi, Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin “pasportunun” mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir və bu amil BM-nin qərarında bu tələbi kağız üzərində “qeyd” olaraq saxlayır;

Üçüncüsü, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri özlərində olduğu kimi, onların bu hüquqa malik olması da şübhəlidir, çünki bu əhalinin böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və öz qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər;

BM-nin qərarı praktiki müstəvidə nəyisə dəyişmək gücündə deyil. Lakin qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BM-yə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilənin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər.

Müəllif: Asif Nərimanlı
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 
Ardını oxu...
Gürcüstan və Ermənistan müdafiə nazirləri İrəvanda ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu razılaşma Fransanın “Bastion” zirehli texnikasının Ermənistana Gürcüstan vasitəsilə aparılması faktı fonunda diqqət çəkir. Və mümkündür ki, Ermənistanın silahlandırılmasında Gürcüstan marşrutundan istifadə davam edəcək, hətta intensivləşəcək, İrəvan və Tbilisi də bununla bağlı rəsmi razılaşma əldə edir.

Tbilisinin “Bastion”lar üçün tranzit olmasının Bakıda anlayışla qarşılandığı müşahidə edildi. Çünki Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun təsdiqlənməsi gündəmdədir və Tbilisi bunu riskə atmaq istəməyib. Hərçənd, proses təhlükəli miqyas alacağı təqdirdə Bakı anlayışla qarşılamaya da bilər, xüsusilə hərbi texnikanın daşınmasının intensivləşməsi və hücum silahlarının ötürülməsi fonunda. Müdafiə nazirlərinin imzaladığı ikitərəfli əməkdaşlıq planı bunun baş verəcəyi gözləntisini ön plana çıxarır.

Müəllif: Asif Nərimanlı
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Ardını oxu...
“Hazırda Cənubi Qafqazda Rusiya – Qərb qarşıdurmasının episentri Ermənistan ərazisidir. Ermənistan Rusiyanı şantaj etməklə Qərbə doğru sürətlə irəliləmək niyyətindədir”.

Bunu Konkret.Az-a açıqlamasında politoloq Tural Əliyev deyib.
Onun fikirincə, Paşinyan elə hesab edir ki, Qərb Rusiyanın hücumundan Ermənistanı müdafiə edəcək: “Məsələyə təkcə Rusiya – Ermənistan kontekstində deyil, regional baxmaq lazımdır. Rusiyanın regiona dair özünün baxış bucağı var. Hazırda Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyadan asılıdır. Rusiya ilk növbədə sanksiya tətbiq etsə, embarqo qoysa, Ermənistan iqtisadiyyatı tamamilə dağılacaq. Belə olan halda Qərb Ermənistanı xilas edə bilərmi? İlkin olaraq müəyyən dərəcədə yardımlar edə bilər. Amma Ukrayna məsələsində görünür ki, Qərb nə qədər silah yardımı göstərsə də, son günlər narazılıqlar var. Cəbhədə də müəyyən çətinliklər mövcuddur, Ukrayna ordusu irəliləyə bilmir. Ermənistanı isə Rusiyanın əlindən heç bir qüvvə ala bilməyəcək. Hazırda Rusiyanın Ermənistana təsir rıçaqları yetərincədir. Rusiya müəyyən dərəcədə müşahidəçi mövqeyi tutub. Diplomatik kanallarla öz mesajlarını çatdırır və Ermənistan tərəfə bildirir ki, son addımları dost münasibəti kimi qəbul etmirlər. Deməli, bunun bir cavabı olmalıdır. Ermənistanda kütləvi mitinqlər hələlik alınmır. Amma bu hadisələr fonunda elə proseslər cərəyan edə bilər ki, vəziyyət həqiqətən nəzarətdən çıxar və Paşinyan hökuməti üçün mənfi nəticələrə səbəb olar. İstənilən halda Ermənistan hakimiyyəti hazırda intihar yolunu seçib. Əgər Qərb Ermənistanı Azərbaycanla şərti sərhəddə təxribata cəlb edərsə və göndərdiyi silahlar Azərbaycana qarşı tuşlanarsa, bu, Ermənistan üçün çox ağrılı cavabla nəticələnəcək. Çünki Azərbaycan Ordusunun gücünü görüblər. Cənubi Qafqazda yeni bir gərginlik ocağı yaratmaq Qərbin marağındadır. Amma Ermənistan düşünməlidir ki, bunlar erməni dövlətçiliyi üçün nə ilə nəticələnə bilər. Rusiyanın bundan qabaq istər Gürcüstan, istərsə də Ukraynadakı addımlarının qarşısında Qərb heç nə edə bilmədi. Çox güman ki, Ermənistanla münasibətdə də eyni ssenari təkrarlanacaq. Ermənistanı Rusiyanın caynağından qopara biləcək güc yoxdur”.
 
Ardını oxu...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının noyabrın 23-də Minskdə keçiriləcək sammitinə qatılmaqdan imtina etməsinin səbəblərini açıqlayıb.

Cebhe.info-nun məlumatına görə, A.Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində ölkəsinin KTMT-də fəaliyyətini dayandırdığını deyib. Ancaq Ermənistan Təhlükəsizlik Şurası katibinin irəli sürdüyü arqumentlər KTMT-dən imtina etmək üçün hər hansı hüquqi və siyasi əsas yaratmır. Armen Qriqoryan iddia edir ki, 2021-ci ilin may ayında Azərbaycan qoşunları Ermənistanın “suveren ərazisinə daxil olan” zaman rəsmi İrəvan KTMT-dən tələb olunan yardımı almadığı üçün Kollektiv Təhlükəsizlik Şurasının iclaslarında iştirakını dayandırıb.

“2020-ci il müharibəsindən sonra KTMT “Dağlıq Qarabağ”ın Ermənistanın suveren hissəsi olmadığını və təşkilatın bu məsələlərlə məşğul ola bilməyəcəyini bəyan etdikdən sonra Ermənistan KTMT iclaslarında iştirakını dayandırıb. 2021-ci ilin mayında Azərbaycan qoşunları Ermənistanın suveren ərazisini işğal edib. Biz KTMT-yə üz tutduq və həmin andan keçən ilin sentyabrına qədər Azərbaycan növbəti dəfə Ermənistana hücum edəndə və biz yenidən yardım üçün təşkilata müraciət etdik, biz onu heç vaxt almadıq.

O vaxtdan bəri KTMT-yə hələ cavab ala bilməyən çoxlu suallarımız olub. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etməməyimizin səbəbi də budur”- Qriqoryanın iddiası belədir.

Armen Qriqoryanın hər hansı siyasi məntiqə uyğun olmayan açıqlaması belə deməyə əsas verir ki, KTMT 44 günlük müharibədən sonra Qarabağın Ermənistanın suveren ərazisi olduğunu bəyan etməliymiş. Yəni KTMT Ermənistanın Qarabağa olan ərazi iddiasını dəstəkləməməklə müttəfiqlik münasibətlərinə xəyanət edib. Yalnız İkinci Qarabağ müharibəsində deyil, hələ 2016-cı ilin aprel döyüşləri zamanı da KTMT döyüşlərin Azərbaycanın suveren ərazisində getdiyini, bu məsələyə müdaxilənin düzgün olmadığını bəyan edib.

Alyansa üzv olan ölkələr birmənalı şəkildə Azərbaycanın haqlı mövqedə olduğunu bildirib. Hazırda Ermənistan rəsmiləri və bir çox siyasi ekspertlər Rusiyanın rəsmi İrəvanın 44 günlük müharibədə, ondan sonrakı proseslərdə, o cümlədən bu il sentyabrın 19-20-də Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatında neytral mövqe sərgiləməsini Prezident Vladimir Putinin Baş nazir Nikol Paşinyana mənfi münasibətinin olması ilə izah edir. Ancaq nəzərə almaq lazımdır ki, 2016-cı ildə Ermənistanda Paşinyan hakimiyyətdə deyildi və prezident postunda Rusiyanın adamı sayılan Serj Sarkisyan idi.

Buna baxmayaraq, Rusiya hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini əsas gətirərək nə ikitərəfli müqavilələr çərçivəsində, nə də KTMT-nin Ermənistana dəstək verə biləyəcəyini bildirdi. Təşkilata üzv olan Qazaxıstan, Qırğızıstan, Belarus isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyib. İkinci Qarabağ müharibəsində isə Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistana müdaxilə etməyib. Ona görə də KTMT-nin Ermənistana hərbi dəstək verməsi üçün heç bir əsas olmayıb.

Əks təqdirdə, KTMT-nin belə bir addım atması işğal prosesinə qoşulması demək olardı. İstər 2016-cı ildə, istərsə də 2020-ci ildə KTMT-yə daxil olan türkdilli dövlətlər və Belarus hərbi qarşıdurmaya getməyəcəyini açıq bəyan edib. Hadisələrin sonrakı inkişafı Rusiyanın Ermənistana görə Azərbaycanla və Türkiyə ilə münasibətlərin pisləşməsində maraqlı olmadığını sübut etdi. Bu baxımdan, Armen Qriqoryanın arqumentləri absurddur. Azərbaycan Ordusunun guya 2021-ci ildə Ermənistana müdaxilə etməsinə dair Qriqoryanın dedikləri fikirlərə gəlincə, bunun arxasında bir neçə hədəfə hesablanmış gizli plan dayanır.

Halbuki, Ermənistan 1992-ci ildə Azərbaycan ərazilərinin işğalına başlamaqla özünün sovet dövründə Azərbaycan SSR-i ilə mövcud olmuş adminstrativ sərhədlərindən imtina edib. Yəni Ermənistanın Azərbaycanla sərhədləri mövcud deyil. Ona görə də Armen Qriqoryan və Nikol Paşinyan vaxtaşırı 2021-ci ildə Azərbaycan Ordusunun guya Ermənistana müdaxilə etdiyinə dair açıqlamalar verməklə 44 günlük müharibədən sonra mövqe tutduğu ərazilərin guya Ermənistana məxsus olduğunu iddia edir.

Məqsəd həmin mövqelərin Ermənistanın legitim dövlət sərhəddi olduğunu qəbul etdirməkdir. Bununla Ermənistan həm Azərbaycana ərazi iddiasını həyata keçirmək, həm də delimitasiya və demarkasiya prosesindən yayınmaq istəyir. Əslində, delimitasiya və demarkasiya işləri həyata keçirilmədiyi üçün Azərbaycan Ordusunun mövqe tutduğu ərazilərin Ermənistana aid olduğunu iddia etmək mümkün deyil. Üstəlik, Ermənistan bu məsələni gündəmə gətirməklə ondan Azərbaycana qarşı beynəlxalq təzyiq aləti kimi istifadə etməyə çalışır. Ancaq Ermənistanın niyyəti bununla bitmir.

Armen Qriqoryan “Ermənistanın suveren ərazisi” adlandırdığı torpaqlardan danışarkən əslində, Azərbaycana məxsus Kişik İşıqlı və Böyük İşıqlı yüksəkliklərini nəzərdə tutur. Nikol Paşinyan da əvvəllər Laçın rayonu ilə sərhəddə, Kiçik İşıqlı yüksəkliyi istiqamətində yerləşən Gorus rayonunun Xəzinavar (ermənilər Xoznavar deyir-red.) kəndinə məxsus ərazilərin guya 2021-ci ilin may ayında Azərbaycan qoşunlarının nəzarətinə keçdiyini bildirib. Hətta Paşinyan bu kəndi Ermənistanın işğal altında saxladığı Azərbaycanın 8 kəndinin qaytarılması üçün ərazi mübadiləsi kimi təklif edib.

Halbuki, bu deyilənlərin heç bir əsası yoxdur. Çünki Xəzinavar kəndi Ermənistan ərazisindədir və hazırda orada ermənilər yaşayır. Sadəcə, Ermənistan bu yalanı ortaya atmaqla 3455 metr hüdürlüyə malik Kiçik İşıqlı yüksəkliyinə və orada yerləşən Qaragöl gölünə ərazi iddiasını ortaya qoyur. Azərbaycan 2021-ci ilin may ayında strateji əhəmiyyətə malik Kişik İşıqlı və 3552 metrlik Böyük İşıqlı yüksəkliklərini işğaldan azad edib, Qaragölə nəzarəti bərpa edib. Həmin yüksəkliklər Ağdam-Əsgəran-Xankəndi yolundan Gorus-Şahbuz yoluna qədər bütün ərazilərə nəzarət etmək imkanı verir. Ona görə də Ermənistanın bu yüksəklikləri öz ərazisi kimi təqdim etməyə çalışır.

Eyni zamanda, Ermənistan KTMT-dən uzaqlaşmasını Azərbaycan qoşunlarının guya ərazilərinə müdaxilə etməsi kimi qondarma arqumentlə əsaslandırmaqla Qərbə inteqrasiya kursundan yayındırmağa çalışır. Son vaxtlar Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirən və Avropa İttifaqının müşahidə missiyasını xüsusi statusla genişləndirməyə çalışan Ermənistan Rusiya ilə təhlükəsizlik sahəsində müttəfiqliyə xitam vermək siyasəti yürüdür. Yəni Ermənistan Rusiyadan uzaqlaşmaq və Avropa İttifaqını özünün təhlükəsizliyinin təminatçısına çevirmək istəyir. Bu məqsədlə Ermənistanın KTMT-dən çıxmağa hazırlaşdığı bildirilir.

Armen Qriqoryanın açıqlaması da göstərir ki, Ermənistan artıq KTMT-dəki fəaliyyətini dayandırmağa qərar verib. Növbəti mərhələdə isə KTMT-dən çıxmaq barədə Baş nazir Paşinyan parlamentə təklif göndərə bilər. 2021-ci ildə KTMT-nin guya Ermənistanı Azərbaycan qoşunlarından müdafiə etmədiyinə dair Qriqoryanın dedikləri isə məsuliyyəti Rusiyanın üzərinə atmaq və Kremlin mümkün zərbələrini hədəfdən uzaqlaşdırmaq niyyəti güdür.

Müəllif: Müşfiq Abdulla - Mənbə: Cebhe.info
Ardını oxu...
Avropa İttifaqının nümayəndəsi Cozef Borelin son açıqlaması Qərbin “Azərbaycanın Ermənistana hücum edəcəyi” ittihamını informasiya müstəvisindən rəsmi səviyyəyə yüksəltməsi deməkdir. Borel bildirir ki, Azərbaycana “Ermənistanın ərazi bütövlüyü pozulmasının ağır nəticələrinin olacağı” haqda xəbərdarlıq ediblər.
Qəribə situasiya yaranıb: rəsmi Bakı hansısa hücum hazırlığının olmadığını deyir, hətta “hücum ittihamlarının” istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağın itdiyini bəyan edib, Qarabağda antiterror tədbirlərindən sonra hərbi müstəvidə də hansısa hərəkətlilik yoxdur, əksinə Azərbaycan sülh gündəliyini önə çıxarıb, buna rəğmən, ittihamlar dayanmır, əksinə daha da artır və Bakının bütün açıqlamaları, təkzibləri gözardı edilir;
Bütün bunlar Cənubi Qafqazda müəyyən ssenarilərin tətbiqinə hazırlığın tərkib hissəsidir və hədəf məlumdur.
Cari hədəf: Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənmək;
Ortamüddətli hədəf: Rusiyanı Ermənistandan çıxarmaq, bölgədə mövqelərini zəiflətmək;
Uzaqmüddətli hədəf: dəhlizlər uğrunda mübarizədə Orta dəhlizin önünü kəsmək üçün yeni münaqişə ocağı yaratmaq, bu marşrutda təsir imkanları qazanmaq;
Cari hədəf istiqamətində intensiv addımlar atılır:
- Fransa Ermənistanın silahlandırılmasını və ordusunun yenidən dizayn edilməsini üzərinə götürüb;
- Avropa İttifaqının müşahidə missiyasının sayı artırılır;
- Aİ üzvü olmayan Kanadanın müşahidə missiyasına qoşulması NATO-nun bu missiya adı altında Ermənistana daxil olması kimi də qəbul edilə bilər;
- Ermənistana hərbi yardım təkcə Fransa ilə məhdudlaşmır, Aİ Sülh Fondu çərçivəsində prosesə qoşulur;
Ortamüddətli hədəf – Rusiyanın Ermənistandan çıxarılması - cari hədəfə paralel şəkildə həyata keçirilə bilər, çünki Qərb İrəvan üzərindən bölgədə möhkəmlənərkən, Moskvanın əks-həmlələrinin də qarşısını almalıdır.
Daha öncə də yazmışdıq: bu hədəfə nail olmaq – Rusiyanın Ermənistandakı təhlükəsizlik rolunu sıradan çıxarmaq və onun yerini tutmaq üçün əsas-bəhanə lazımdır. Bu hədəfə aparan yolda Azərbaycanın vasitə olaraq seçildiyi görünür. Və hazırlanan ssenaridə sərhəd təxribatının törədiləcəyi istisna deyil. Ermənistan Azərbaycana hücum edir və yaranan eskalasiya fonunda Rusiyanın, eləcə də KTMT-nin “müdafiə öhdəliklərini” yerinə yetirmədiyini əsas gətirərək, “təhlükəsizlik müttəfiqini” dəyişdirməyi, təşkilatdan çıxmağı aktuallaşdırır;
Bakının bütün təkziblərinin, rəsmi açıqlamalarının gözardı edilərək, irəli sürlən “Azərbaycan Ermənistana hücum edəcək” ittihamı ictimai rəydə “alibin” yaradılmasına hesablanıb. Və Borelin timsalında ittihamın rəsmiləşdirilməsi prosesdə təxribat mərhələsinə keçildiyi, yaxud yaxın dövrdə keçiləcəyi ehtimalını ön plana çıxarır.
Bu kontekstdə əsas diqqətçəkən məqam Nikol Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsidir. Nikol anlayır ki, bu, Rusiyanın təzyiqinin artmasına səbəb olacaq və sammit gününə qədər, eləcə də ondan sonra Moskva-İrəvan xəttində kəskinləşməni gücləndirəcək. Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması ssenarisi də həm Moskvanı qabaqlamaq, həm də İrəvanın təşkilatdan çıxmasını aktuallaşdırmaq məqsədilə məhz KTMT-nin sammiti ərəfəsində tətbiq edilə bilər.
Mümkün təxribat ssenarisində proseslərin nəzarətdən çıxması və genişmiqyaslı hal alması gözləntisi də var. Əslində Orta dəhliz üzərində qanlı toqquşma planlarında hədəflərdən birinin bu olduğu da istisna edilməməlidir.
Asif Nerimanli
Teref. Xocanın Blogu
 
 
 

XIX əsrdə İngiltərənin baş naziri olmuş Henri Palmerstonun (1859-1865) “İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi var”, - fikri hələ də dillərdə dolaşır.

Düzdür, bir çoxları bu qanadlı ifadəni Böyük Britaniyanın digər baş naziri Uinston Çörçillin (1940-1945, 1951-1955) adına çıxırlar.

Niyə bu ifadə bu qədər populyardır?

Çünki sadə bir həqiqəti mükəmməl şəkildə - yəni hər kəsin anlaya biləcəyi bir formada ortaya qoyur. Bu fikir bütün dövlətlər üçün keçərlidir.

Hazırda Fələstində yaşayan fəlakət dünyanın gündəmindədir. Azərbaycanda da bu, əsas müzakirə mövzusu olaraq qalır. Sirr deyil ki, Türkiyə və Azərbaycanda HƏMAS-İsrail müharibəsinə münasibətdə xeyli fərqlər var. Türkiyə ilə Azərbaycanın münasibətləri sayın Tayyib Ərdoğanın dediyi kimi “eşi, bərabəri” olmayan münasibətlərdir. Əksər məsələlərdə Türkiyə ilə Azərbaycanın münasibətləri az qala yüzdə yüz üst-üstə düşür. Ancaq bəzən fərqlər də olur. Bax, HƏMAS-İsrail müharibəsi “bəzən fərqlər olur”ların başında gəlir.

Maraqlıdır ki, İrana dəstək verənlər belə, bu fərqdən yararlanmağa çalışırlar. Məsələn, deyirlər ki, İsrail Azərbaycan ilə necə müttəfiq ola bilər ki, Azərbaycanın qardaş dediyi Türkiyəyə qarşı PKK-ya dəstək verir.

İsrail PKK-ya dəstək verirmi?

Bu suala Türkiyə və İsrail mediasına istinadən cavab verməyə çalışacağıq.

Daha hansı ölkələr və hansı məqsədlə PKK-dan yanadır? Bu məsələyə də ötəri toxunacağıq.

Ondan başlayım ki, Türkiyə və İsrail Qərbi Asiyada yerləşən iki nüfuzlu ölkədir. Fələstin və kürd məsələlərindəki fikir ayrılıqları, Şərqi Aralıq dənizindəki ziddiyyətli mövqelər iki ölkə arasında bir neçə dəfə yüksək səviyyəli böhrana səbəb olub. Hətta bu ölkələr arasında diplomatik münasibətlər ən aşağı həddə qədər enib. 2010-cu ilin mayında yaşanan “Mavi Marmara” olayından sonra Türkiyə-İsrail münasibətləri dalana dirəndi. Sonda Azərbaycanın təkidli səyləri nəticəsində aradakı buzlar əriyib getdi. Heç şübhəsiz ki, müəyyən zaman kəsiyindən sonra Türkiyə-İsrail münasibətləri yenidən canlanacaq. Niyə bunu əminliklə deyirik? Çünki dövlət maraqları bunu tələb edəndə tərəflər hərəkətə keçmək zorunda qalacaqlar...

Hələlik isə Türkiyə-İsrail münasibətlərindəki gərginlik Qərbdə anti-Türkiyə mövqeyində olan mərkəzlərin güclənməsinə təkan verib. Məsələn, Maykl Rubin “19fortyfive.com” saytında “Israel Should Openly Support The PKK” (İsrail açıq şəkildə PKK-ya dəstək verməlidir) adlı məqalə ilə çıxış edib. Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyində olan, ermənilərə xüsusi simpatiyası ilə tanınan müəllif buyurur ki, kürdlərin zenit raketləri və dronlara qarşı texnologiyaya ehtiyacı var. İsrail bu ehtiyacı təmin etməlidir. Alternativ kimi ortada olan odur ki, HƏMAS-ı himayə edən, islamçı və getdikcə anti-semit olan Türkiyənin yəhudilərə, israillilərə, amerikalılara və daha geniş şəkildə Qərbə qarşı terrorizmi dəstəkləməkdə daha güclü, cəsarətli və daha da fəallaşmasına imkan vermək olmaz. Maraqlıdır ki, sözügedən məqalə Qərbin bir çox media orqanları tərəfindən dönə-dönə yayımlanıb...

Qərbdə kürd məsələsi dedikdə daha çox PKK-ya münasibət nəzərdə tutulur. Xatırladım ki, PKK Türkiyə, Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır. Ancaq bu, Qərbin PKK-ya dəstək verməsinə qətiyyən mane olmur...

Türkiyə və İsrail bir-birindən nə istəyir?

Bu suala İsrailin baş naziri Benyamin Netanyahunun cavabı 2017-ci ilin sentyabrında İsrail mediası tərəfindən yenidən gündəmə gətirilmişdi: “İsrail Türkiyədə həyata keçirilmiş bütün terror aktlarını pisləyir və Türkiyədən də İsraildə baş verən bütün terror aktlarını pisləyəcəyini gözləyir”.

Netanyahu İstanbulda baş verən ölümcül partlayışdan sonra belə demişdi: “Terrorla mübarizə qarşılıqlı olmalıdır. Terrorun qınanması və pislənməsi də həmçinin qarşılıqlı olmalıdır. İsrail dövlətinin Türkiyə də daxil olmaqla, təmasda olduğu bütün ölkələrdən gözlədiyi budur”.

O da maraqlıdır ki, ilk öncə İsrail kürdlərdən İraqa qarşı istifadə edib. Belə ki, Molla Mustafa Bərzani öz tərəfdarları ilə İraq rejiminə qarşı üsyana qalxdı. Bu, İsrailə İraqa qarşı hibrid müharibə aparmaq imkanı verdi. İsrail Bərzani klanına maddi-texniki dəstək, hərbi təlim və yeni perspektivlər təklif etdi. Kürdüstan Demokrat Partiyasında kəşfiyyat təşkilatının əsasları daha sonra “Mossad” tərəfindən qoyuldu. 1967 və 1973-cü illərdə Ərəb-İsrail müharibələri zamanı ərəblərə verdiyi dəstəyə görə İsrail İraqı Bərzaninin partizan hücumları ilə “mükafat”landırdı. İsrail kəşfiyyatının Şimali İraqa daxil olmasına İran şahı da dəstək verdi. Elə indi də İraq Kürdüstanı ilə İsrailin münasibəti yüksək səviyyədədir. Son illərdə İsrail kürdlərdən dəyəri 1 milyard dollardan artıq olan neft alıb...

Tarixən İsraillə PKK arasında yaxşı münasibətlər olmayıb. 1971-ci ildə İstanbuldakı İsrail konsulu marksist təşkilatlar tərəfindən oğurlanaraq öldürülüb. Bu, İsrailin Fələstinlə bağlı Türkiyədəki solçu təşkilatlara diqqət yetirməsinə səbəb oldu.

Türkiyənin “hurriyetdailynews.com” saytı 2011-ci ilin noyabrında “On Israeli-PKK relations” (İsrail-PKK münasibətləri haqqında) adlı məqaləsində belə yazır. Dr. Nihat Ali Özcan bildirir ki, İsrailin solçu axtarışı diqqəti Abdulla Öcalan və PKK-ya yönəltdi. Məlum oldu ki, Öcalan 1979-cu ildə Türkiyədən Suriyaya qaçıb. Daha sonra Suriya kəşfiyyatı və Marksist Cibril və Havatme və Fələstinin Azadlıq Xalq Cəbhəsinin köməyi ilə Livanda məskunlaşıb. Bu üç qurum İsrail üçün problem mənbəyi oldu və Abdullah Öcalanın yaraqlılarına partizan təlimi verməyə başladı...

Deməli, Fələstin və kürdlər əl-ələ veriblər. Biri Türkiyəyə, digəri İsrailə qarşı vuruşur. Türkiyə kürdlərə dəstək verdiyinə görə İsraili ittiham edir, İsrail də Fələstinə dəstək verdiyinə görə Türkiyədən şikayətçidir. O da maraqlıdır ki, PKK İsrailə qarşı da vuruşub. Belə ki, 1982-ci ildə İsrail Livana hücum etdi. O vaxt beynəlxalq marksist təşkilat kimi tanınan PKK İsrailə qarşı silahlı mübarizəyə başladı. Döyüşlərdə 11 nəfər itirdi, xeyli PKK-lı yəhudilər tərəfindən həbs olundu. O vaxt PKK-nın arxiv sənədləri İsrailin əlinə keçdi. Yəhudilər həmin məlumatları Türkiyə ilə bölüşdülər...

Dr. Nihat Ali Özcan qeyd edir ki, SSRİ dağıldıqdan sonra Türkiyə ilə rəqabətdə olan Rusiya, İran və Suriya PKK-ya dəstəyini daha da gücləndirdi. 1992-ci ilin sentyabrında İsrail PKK-ya dəstək verən İran və Suriyaya qarşı Türkiyənin yanında yer aldı. 1993-cü ilin mayında PKK fəaliyyətini daha da gücləndirdi...

Diqqət edin, 90-cı illərdə Rusiya, İran və Suriya PKK-ya dəstək verib. Suriya və İran indi də PKK-nın yanındadır. Rusiya isə PKK-dan ciddi şəkildə uzaqlaşıb. Sabah Rusiya-Türkiyə münasibətlərində gərginlik yaransa, PKK həmən rəsmi Moskvanın yadına düşəcək. İndi isə Türkiyə Rusiya üçün vazkeçilməz müttəfiqdir...

Dr. Nihat Ali Özcan qeyd edir ki, Türkiyənin daha müasir silahlara, texnikaya, kəşfiyyata və əməliyyat texnikasına ehtiyacı var idi. Bu ehtiyac Türkiyə-İsrail əlaqələrinin inkişafına təkan verdi. İsrail Fələstində “intifada” qarşı əldə etdiyi təcrübəni Türkiyə ilə bölüşdü və bu, Türkiyənin PKK-ya əhəmiyyətli “itkilər” verməsinə kömək etdi. Ümumilikdə PKK təhlükəsi Türkiyə-İsrail münasibətlərində əsas rol oynayıb. Bu gün biz bilirik ki, İsrail PKK-nın həbsdə olan lideri Öcalanın tutulmasında mühüm yer tutub. Öcalanın ələ keçirilməsindən sonra PKK-nın İsrailin Berlin konsulluğuna hücum cəhdi, 4 PKK üzvünün İsrail mühafizəçiləri tərəfindən öldürülməsi təsadüfi deyildi...

Maykl Rubin də “19fortyfive.com” saytında gedən “Israel Should Openly Support The PKK” adlı məqaləsində 1999-cu ildə İsrailin “Mossad” təşkilatının Türkiyəyə PKK-nın qurucusu Abdullah Öcalanı tutmağa kömək etdiyini bildirir.

Öcalanın həbsindən sonra PKK əvvəlki nüfuzunu itirə-tirə getdi. Bu amil də Türkiyənin İsraildən asılılığını zəiflətdi. PKK ilə hərbi mübarizə artıq gündəmin əsas mövzusu olmadığı üçün Türkiyə-İsrail “strateji ittifaqı” öz önəmini ciddi şəkildə itirdi...

Bu məqama da xüsusi diqqət yetirməkdə fayda var. Belə ki, İsrailin əsas müttəfiqi olan ABŞ və Avropa İttifaqı (bütövlükdə Qərb) PKK məsələsində Türkiyənin maraqlarını nəinki nəzər almır, hətta bu maraqlara qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirirlər. Məsələn, 2019-cu ildə Türkiyənin “Anadolu Agency” media mərkəzi Amerikanın nüfuzlu nəşrlərindən olan “Newsweek”də gedən məqalədə ABŞ Təhlükəsizlik Şurasının üzvünün səsləndirdiyi fikrə diqqət çəkib. Amerika rəsmisi deyib ki, "ABŞ Yaxın Şərqdən çəkilir. Yaxşı olar ki, Amerika Türkiyə sərhədləri yaxınlığında ikinci İsrail dövləti yaratsın. Düzünü desəm, ABŞ-ın Türkiyə, Suriya və İraqda yaşayan kürd xalqına dəstək verməsi daha yaxşıdır... Bu, bölgədə ikinci İsrail dövlətinin yaranması kimi bir şey olardı”.

Zatən, Amerikanın kürdlərlə bağlı apardığı bu siyasət bütün çılpaqlığı ilə indi də ortadadır.

Bəs, kürd məsələsinə İsrailin münasibəti necədir?

“The Times of Israel” qəzetində 2017-ci ildə çıxış edən baş nazir Benyamin Netanyahu bu suala belə cavab verir: “İsrail PKK-ya qarşıdır və HƏMAS terror qruplaşmasına dəstək verən Türkiyədən fərqli olaraq, PKK-nı terror təşkilatı hesab edir. Ancaq İsrail hər cür terrora qarşı olsa da, kürd xalqının öz dövlətini qurmaq üçün qanuni vasitələrlə apardığı mübarizəni dəstəkləyir”.

Heç şübhəsiz ki, Türkiyə-İsrail münasibətlərində yaranmış soyuqluq yəhudi dövlətinin PKK-ya yenidən qucaq açmasına gətirib çıxaracaq. Heç PKK da bu fürsəti əldən verməz.

Türkiyə HƏMAS-a dəstək verməsə, İsrail PKK-ya dəstək verərmi? Verməz. Bunu bilə-bilə nədən Türkiyə HƏMAS-a dəstək verir? Birincisi, PKK Türkiyə üçün artıq ciddi təhlükə mənbəyi deyil. İkincisi və ən önəmlisi odur ki, Türkiyənin İslam Dünyasında böyük maraqları var. Bu maraqların təmin olunması üçün Türkiyənin HƏMAS-a dəstək verməsi gərəkir...

Elbəyi Həsənli
 
Ardını oxu...
“Azərbaycan Ermənistana qarşı diplomatik müharibədə qalib gəlməsi üçün bütün münasib imkanlardan istifadə etməlidir”.

Bu sözləri politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında deyib. O, söhbət zamanı o, bildirib ki, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı diplomatiya müharibəsi uzunmüddət davam eləyir.

“Diplomatiya müharibəsinin ən böyük təsirini 44 günlük Vətən müharibəsində gördük. Açıq demək lazımdır ki, İkinci Qarabağ müharibəsində çox ciddi diplomatik-siyasi müqavimətlə üzləşmişdik. Ancaq ölkəmiz bu müqaviməti müvəffəqiyyətlə dəf etməyi bacardı. Ölkəmizin diplomatik müstəvidə tam qələbəsini məhz dövlət rəhbərimiz İlham Əliyev təmin edib. Prezidentimizin 44 gün ərzində müsahibələri və səsləndirdiyi fikirləri daha geniş şəkildə müzakirə predmentinə çevrildi.

Müharibənin gedişatı zamanı İlham Əliyevin səyləri nəticəsində bir çox ölkələr neytral mövqedən çıxış etdilər. Amma sonrakı dövrdə, xüsusilə indiki zamanda Azərbaycan üzərində beynəlxalq səviyyədə təziqlər artıb. Beynəlxalq qurumlar -Avropa İttifaqı və AŞPA, eyni zamandaABŞ, Kanada, Fransa və digər Qərb ölkələri, eləcə də Hindistan intensiv şəkildə anti-Azərbaycan kampaniyası aparır. Çox təəssüf ki, bu müstəvidə hələlik Azərbaycan o qədər uğurlar əldə etmir.

Lakin nəzərə almaq lazımdır ki, həmin qurumlar və ölkələrin anti-Azərbaycan siyasəti Ermənistanı müdafiə etmək baxımından deyil, məhz öz geosiyasi maraqlarını təmin etmək baxımından nümayiş etdirir. Bu gün həmin ölkələrin Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan sərfəli vasitə kimi istifadə edirlər. Yəni ABŞ, Fransa və Kanada kimi ölkələr Ermənistan üzərindən Azərbaycana təziq edirlər”.

Politoloq vurğulayıb ki, bütün bu təzyiqlərin qarşısının alınması, ən əsası da diplomatik müharibədə növbəti qələbə qazanmaq üçün bütün imkanlardan istifadə edilməlidir:

“Təkcə dövlətin imkanları yetərli deyil, rəhbərlik bunun üçün ümumi səfərbərlik elan etməlidir. Bildiyimiz kimi, Azərbaycanda bəzi media qurumlarının xarici ölkələrdəki media qurumları ilə təmasları var. Media qurumlarının, habelə diaspor təşkilatları, qeyri-hökumət təşkilatları və siyasi partiyaların imkanlarından istifadə edilməlidir. Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq səviyyədə təbliğinə kifayət qədər vəsait yatırılmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti