Ardını oxu...
Azərsun Holdinqin növbəti oyunu ölkədə sahibkarlara və fermerlərə böyük məbləğdə ziyan vurmaqdadır. Xatırladaq ki, Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən İmişli Şəkər Yem Fabriki 2011-ci ildə istismara verilib. Reallıq.Tv verdiyi məlumatda qeyd olunur ki, əvvəllər fəaliyyəti barədə az eşidilən fabrikin indi istehsal etdiyi yemlər sahibkarlara və fermerlərə ciddi ziyan vurmaqdadır. İmişli Şəkər Yemi fabrikinin " Broyler başlanğıc", "Broyler böyütmə", "Natura", "Kənd 1" və "Sərfəli" adı altında istehsal etdiyi yemlər müxtəlif növ cücələrin ölümünə səbəb olmaqla ciddi narazılıq yaradıb.

Qaynarxett.az xəbər verir ki, Abşeron rayonunda sahibkarlıqla məşğul olan Adəm Əzizov Reallıq.tv yə müraciət edərək bildirib ki, onun serebrist cinsindən olan toyuq cücə ferması var. İmişli Şəkər Yem fabrikinin istehsalı olan yemlərdən istifadə etdikdən sonra təsərrüfatında olan cücəıər kütləvi məhv olub. Sahibkara 30 mindən artıq ziyan dəyib. Şirkətin Əzizova məxsus fermaya göndərdiyi həkim isə, "cücə ölərdə " - deməklə vəziyyətdən çıxmağa çalışıb. Adəm bəy bildirir ki, o həmişə başqa fabriklərin yemindən istifadə edib və nəticə qazanıb. İmişli yemi onun yaşadığı ərazidə satıldığı üçün həmin yemdən istifadə etmək istəyib. Bundan sonra onun fermasında cücələrin kütləvi qırğını başlayıb. Təsərrüfatını qorumaq üçün müraciət etdiyi mütəxəssislər Adəm bəyə quşların zəhərləndiyini bildiriblər. 4 mindən artıq toyuqun ölümünə səbəbkar olanlar isə "cücə ölər" deməklə sahibkara "təsəlli" verməkdədirlər.

Xatırladaq ki, İmişli Şəkər Yemi fabrikinin istehsal etdiyi yemlər baha qiymətə satılsada keyfiyyət baxımından aşağıdır. Bunu müraciət etdiyimiz mütəxəssislər də qeyd edir. Onların fikrincə, sahibkarların cücələrinin ölmə səbəbi yemlərin istifadə müddətinin keçməsidir. Bu da cücə və digər heyvanların müxtəlif xəstəliklərə yoluxmasını və zəhərlənməsini şərtləndirir. İstehsal tarixini saxta yollarla dəyişən şirkət rəsmiləri müddəti ötmüş yemləri yeni adı ilə sahibkarlara satmaqdadırlar. Azərsun Holdinqin növbəti özbaşınalığı sahibkarların müflis olmasına gətirib çıxarmaqdadır.

Məsələ ilə bağlı bir çox sahibkarın müraciətləri araşdırılır.

Növbəti materialda ətraflı məlumat verəcəyik.

 
 
 

 

Ardını oxu...
Son aylar Ermənistan-Rusiya ritorik qarşıdurmasının artmasının rəsmi İrəvanın yeni “biznes modeli” olduğunu publik çıxışlarımda dəfələrlə qeyd etmişəm, hətta son aylar bir neçə beynəlxalq konfranslarda da rəqəmlərin və məntiqin dili ilə bu tezisi səsləndirmişəm.
Ermənistan bilərəkdən sülh müqaviləsinin imzalanmasını uzadır, səbəbləri: 1) Sülh müqaviləsinin bağlanmasını uzatmaqla, yalançı, “Azərbaycan Zəngəzura hücum edecək”, tezisini bilərəkdən yaymaqla İrəvan həm dünyada anti-Azərbayan dalğasının güclənməsinə çalışır (bəzən nail olur), həm də Qərbdən və Rusiyadan Xankəndi və ətrafını tərk etmiş erməniləri bəhanə gətirərək humanitar və maddi yardım qazanır, 2) Paralel olaraq sözdə anti-Rusiya ritorikasını gücləndirərək Qərbdən gələn siyasi-iqtisadi-diplomatik dəstəyi gücləndirir, 3) Sülhün olmaması, Ermənistanın bu prosesi uzatması, “fağır, zəif, müdafiəsiz ilk xristian xalqı”, mifini gücləndirərək müxtəlif ölkələrdən hərbi yardımların artmasına şərait yaradırlar, 4) Nəhayət ən vacibi – sülhün olmamasını ən çox istəyən məhz Rusiyadır, çünki qalıcı və ədalətli sülh Rusiyanın bölgədə Azərbaycanın atdığı addımlara görə xeyli zəifləmiş mövqelərini tam itirməklə nəticələnə bilər, deməli, İrəvan məhz elə Moskva ilə “danışılmış döyüşlə” Kremlin maraqlarını təmin edir.
Yaxşı, İrəvanla Moskvanın ancaq ritorikada görünən “savaşın” hansısa iqtisadi nəticələri varmı – gəlin rəqəmlərin dili ilə izah etməyə çalışaq: 2023-cü ilin ilk 9 ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4,7 mlrd. dollar olub, ilin sonuna bu rəqəmin 5,5 mlrd. dollar olması gözlənilir. Ermənistanın bütün ticarət dövriyyəsinin 35%-ni Rusiya təkil edir, ixracının isə 51%-i Rusiyanın payına düşür. Yəni, Ermənistana ixracdan gələn hər 2 dolların 1,05 dolları Rusiyadan gəlir. Keçən ilin eyni dövründə, yəni ilk 9 ayında Ermənistanın ümumi ixracında Rusiyanın payı 39,9% idi, indi isə 51% olub – yaxşı, bu necə “davadır” ki, rəqəmlər artır?! Ermənistanda istehsal artıbmı – yox, yeni istehsal sahələri yaranıbmı – yox, yaxşı, bəs ixrac nəyin hesabına artır?! Bəli, Rusiyaya sanksiyalardan yan keçməyə yardım etmək hesabına! İrəvan Rusiyaya son 2 ildə 3,7 mlrd. dollar civarında yarımkeşirici, mikrosxem və elektron avadanlıqlar “satıb”, yəni, Moskva raket, dron, təyyarə və tank istehsalında lazım olan yarımkeçiriciləri və mikrosxemləri Ermənistan üzərindən Sinqapurdan, Fransadan, hətta ABŞ-dan alır. Bundan başqa bu ilin ilk 9 ayında Ermənistana 2 mln. 50 min turist gəlib, bunun tən yarısı 1 mln. nəfərə yaxını məhz Rusiyadan gəlib və onlar Ermənistanda 2 mlrd. dollara yaxın pul xərcləyiblər, bundan əlavə Rusiyanın sanksiyalara məruz qalan sistemqurucu onlarla şirkəti ofis və qeydiyyatlarını Ermənistana köçürüb rahatca işləyirlər.
Yəni, əgər bu gün Ermənistanda sözdə, ritorikada “anti-Rusiya” dalğası, İrəvanın, güya, Qərbyönümlü olduğu reklam olunmasaydı Ermənistana qarşı ciddi sanksiyalar olacaqdı. İndi Kreml, güya, Ermənistanla “dalaşır”, bununla da Ermənistanı Qərb sanksiyalarından qoruyur, İrəvan isə Qərb yardımlarını artırır.
Nəticə etibarı ilə ortada nə qalır: Ermənistan necə KTMT üzvü idisə, elə də qalır, danışılmış oyun qaydalarına görə güya, “demarş” edir, amma Minksdə qəbul edilmiş bütün qərarları imzalayacağını söyləyir, KTMT-dən çıxmaq fikri olmadığını deyir, Rusiya hərbi bazaları ilə harda idisə, elə oradaca qalır. Ermənistan necə Avrasiya və Gömrük İttifaqlarının üzvü idisə, eləcə də qalır, heç yerə getmir, həm də bundan istifadə edərək yaxşı pul qazanır.
Sülh müqaviləsini uzatmaqla, sözdə “Qərbyönümlü” olmaqla və Rusiya ilə “dalaşmaqla” Ermənistan çox hiyləgər oynayır, pul-dəstək qazanır, Azərbaycanın Qərblə münasibətlərini korlamağa nail olur, həm də rəsmi Bakının Rusiyaya meyillənməsini göstərməyə çalışır – və bütün bunlar Kremlin ssenarisi üzrə gedir.
Azərbaycan hökuməti bu “tələyə” düşür, atdığı addımlar və ritorikaları situativdir, stareji düşünə-davrana bilmirlər, nəticədə beynəlxalq hüquqa və məntiqə görə tam haqlı olduğumuz addımları düzgün servis edə, hekayəsini qura bilmirik...
Natig Cəfərli
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Nikol Paşinyan Ermənistanın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmasına niyə bu qədər can atır? O Ermənistanın müsəlman ölkələri ilə münasibətləri haqqında açıqlama verərəkən deyib ki, İrəvanın Səudiyyə Ərəbistanı ilə təmasları davam edir. Həqiqətən iki ölkənin xarici işlər naziri bir neçə dəfə görüşüblər, telefonla danışıblar. Bu danışıq və müzakirələrə baxmayaraq, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmağa tələsmir. Ermənistanın baş naziri Səudiyyə Ərəbistanın İslam aləmindəki və ərəb dünyasındakı çəkisini nəzərə alır. Paşinyan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra İrəvan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qurmağa müvəffəq olacaq. Bunda qeyri-adi heç nə yoxdur. Sülh sazişinin imzalanması həm də elə buna görə Ermənistan üçün vacibdir ki, İrəvan Azərbaycanla münasibətləri normallaşdırmaqla yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qura bilsin.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ardını oxu...
Tovuz Rayon İcra Hakimiyyəti “Göygöl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) satınalma müqaviləsi imzalayacaq.
Reportyor.info xəbər verir ki, şirkət icra hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 135 105,93 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonunun Düzqışlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
“Göygöl Tikinti” MMC 3 ildir fəaliyyət göstərsə də, artıq tender kralı kimi tanınır.
Əsasən yerli icra hakimiyyətlərinin abadlıq və təmir işləri ilə bağlı keçirdikləri tenderlərin qalibi olan “Göygöl Tikinti” MMC ən çox sifarişi Tovuz Rayon İcra Hakimiyyətindən alıb.
Bu arada qeyd edək ki, cari ilin oktyabrın ayının sonlarında şirkət Tovuz Rayon İcra Hakimiyyətinin daha bir tenderinin qalibi olub. Maraqlıdır ki, bu tender də yolların əsaslı təmiri ilə bağlı keçirilib. Təklifin qiyməti 104.303,88 AZN-dir.
Ümumiyyətlə isə Tovuz Rayon İcra Hakimiyyəti 2023-cü ildə yolların təmiri ilə bağlı 4 tender keçirib. Bu tenderlərdən ikisinin qalibi “Göygöl Tikinti” MMC, yerdə qalan ikisinin qalibi isə “Construction Business Group” MMC və “Epsilon Construction” MMC olub.
“Göygöl Tikinti” MMC-nin qalib seçildiyi tenderlərdə təklifin qiymətini qeyd etdik. Digər iki şirkətin qalibi gəldiyi tenderlərdə isə təklifin qiyməti 382 978,91 AZN (“Construction Business Group” MMC) və 524 930,03 AZN (“Epsilon Construction” MMC) olub.
Beləliklə, aydın olur ki, Tovuzda yolların təmirinə təxminən 1 milyon manat bəs etməyib və qurum daha iki tender keçirib. Bu bir qədər inandırıcı görünmür. Digər tərəfdən, Tovuz sakinləri yolların bərbad olmasından şikayətlənir. Onların iddiasına görə, Tovuzda yol təmiri kosmetik arakter daşıyır ki, buna da milyonların xərcləndiyi inandırıcı deyil.
İcra hakimiyyətinin əsasən şübhəli şirkətlərə sifariş verməsi də Tovuzda yol təmirinin hansısa qaranlıq məqsədlərə xidmət etdiyinə şübhə yaradır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, artıq 5 ildir ki, bu vəzifədədir.

Mənbə: Reportyor.info
 
Ardını oxu...
“Yaxın Şərqdəki müharibə bölgəmizdə böyük qruplaşmaların yaranmasına səbəb olub”. “Yeni Müsavat” qeyd edir ki, noyabrın 22-də rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov belə deyib.

O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır. Tarasov hesab edir ki, əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir. Onun fikrincə, Azərbaycan ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idi, amma Putin Əliyevlə işləməyə başladı: “Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”.

Tarasovun təxribat xarakterli bu fikri geniş müzakirələrə səbəb olub. Lakin ermənipərəst analitik hansı səhvləri buraxdığını unudub. Çünki Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və burada heç bir ölkənin hərbi bazası yerləşə bilməz.

Hər şeydən əvvəl onu yada salaq ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. O zaman Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da, tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi. Bununla da Azərbaycanda Rusiyanın sonuncu hərbi obyekti də bağlanmış oldu. Rusiya Müdafiə Nazirliyi bildirdi ki, Qəbələ RLS-in izlədiyi əraziləri bundan sonra Armavirdə yeni quraşdırılan “Voronej-DM” tipli RLS izləyəcək. Rusiya Qəbələ RLS-i tərk etdikdən sonra da dəfələrlə bu ölkənin Azərbaycanda guya hərbi baza yaradacağı haqda iddialar səsləndilib. Məsələn, iddia olunurdu ki, Rusiya tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır. Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bildirirdi ki, Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzində “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq.

Rusiyanın hərbi kontingenti Qarabağda yerləşdirildikdən sonra da bu mövzuda spekulyasiyalar artdı. İddia olunurdu ki, Rusiya hətta Qarabağda hərbi baza formalaşdırmaq istəyə bilər. Amma indi sülhməramlı kontingent şələ-şüləsini yığışdırıb vaxtından tez bölgəni tərk etməkdədir, uzaqbaşı, Putinin təbirincə desək, 2025-dək onların Qarabağda fəaliyyəti formal xarakter daşıyacaq. Gümrü bazasına gəlincə, hələ 2011-ci ildə Rusiya hərbçilərinin Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılır. Müvafiq sənəd o vaxtkı Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı imzalanıb. Məlumat üçün deyək ki, bu baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Gümrüdən hərbi bazasının çıxaracağı halında onun Abxaziyaya köçürülə biləcəyi də yayılan iddialar sırasındadır.

Bəs bu dezinformasiya indilikdə nəyə xidmət edir? Ermənistan hökuməti 2044-cü ilədək olan müqaviləni qüvvədən salmaq siyasi iradəsinə malikdirmi? Bakı buna gedərmi? Axı biz nə NATO, nə KTMT kimi müdafiə bloklarına üzv deyilik, heç bir dövlətin ərazimizdə hərbi bazasına şərait yaratmamışıq. O zaman Tarasov niyə çərənləyir? Ermənipərəst ekspert arzularını dilə gətirir, yoxsa Kremlin istəklərini ötürür?

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu açıqlayıb ki, 102-ci hərbi baza ləğv oluna bilər. Buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır: “Ermənistan Baş Qərargahının rəisi Edvard Asiranla ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. Amerika ilə Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını saxlamaq imkanını təhlükə altına alır”. Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.

Ermənistan KTMT-ni də tərk etməkdə israrlı görünür. Noyabrın 23-də Minskdə keçirilən sammitdə iştirakdan Paşinyan imtina edib. Bundan qabaq isə erməni baş nazir Rusiyanın Ermənistanda hərbi mövcudluğunu ölkəsi üçün təhdid adlandırıb və İrəvanın KTMT-dən çıxana qədər təhlükəsizlik sahəsində yeni müttəfiqlər, yeni silah tədarükçüləri axtarışında olduğunu bəyan edib. Amma Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq cəhdləri heç də yerini Azərbaycanla doldurmaq kimi qəbul edilə bilməz. Üstəgəl, Azərbaycan Türkiyə ilə hərbi müttəfiqdir, türk ordusu ərazimizdədir, Naxçıvanda Hərbi Kompleks açılıb, qardaş ölkənin parlamenti türk əsgərinin Azərbaycanda daha bir il qalması müddətini uzadan qərar verib.

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bu fikrə ciddi yanaşmağın tərəfdarı olmadığını vurğuladı. Polkovnik hesab edir ki, hansısa ekspertin mövqeyini Rusiyanın niyyəti kimi dəyərləndirmək olmaz: “Azərbaycan heç bir ölkənin hərbi bazasını ərazisində yerləşdirmir. Rusiya ilə münasibətlər yaxşıdırsa, o demək deyil ki, hərbi bazası şəhərlərimizə yerləşdirilməlidir. Azərbaycan ərazilərini işğaldan azad edib, təhlükəsizliyini təmin edib və başqa dövlətin hərbi bazasına ehtiyacı da yoxdur. Gümrüdəki hərbi baza Ermənistanın təhlükəsizliyinə cavabdehdir, bizim isə belə bir təminata ehtiyacımız yoxdur. Ona görə Tarasovun fikirlərini ciddi qəbul etmirəm və bu sözləri hansı şəraitdə dediyini də bilmirik. Özünə ekspert deyən hər şəxsin rəyini ciddi qəbul etməyə də dəyməz”.

“Tarasov öz sərsəm fikirlərini səsləndirib. Bu adam nə danışdığını anlamır. Sadəcə, Rusiya görür ki, Ermənistan ondan üz çevirir, Gürcüstan da öz yolunu getməkdədir, indi qalıb Azərbaycan... Yəni Rusiyanın bölgədə hərbi mövcudluq cəhətdən bir Azərbaycanı təcrübə meydanına çevirmək arzuları qalıb, o da mümkün deyil” - bunu isə hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a danışarkən söylədi. Onun sözlərinə görə, Azərbaycanda rus hərbi bazası olmasının məntiqi də yoxdur, çünki Avropa ilə sərhəd deyilik. Hərbi ekspert hesab edir ki, Rusiya Gümrüdəki bazasını Qərbi Zəngəzura yerləşdirə bilər: “Rusların onsuz da Qafanda, Qarakilsədə, Mehridə bəzi hərbi infrastrukturları var, ona görə Gümrüdən çıxarıb ora yerləşə bilərlər. Rusiya ilə Azərbaycan arasında belə bir anlaşma da yoxdur ki, dövlətlərin hərbi bazaları yerləşdirilsin. Ən əsası isə heç bir hərbi bloka qoşulmamışıq və öhdəliyimiz də yoxdur”.
 
 
 
Ardını oxu...
Azərbaycan XİN-in Ermənistana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifinə İrəvandan müsbət cavab gəldi.

Xüsusilə Ermənistanın Azərbaycanın sülh təkliflərinə cavab verməsinin 2 aydan çox çəkməsi “sərhəddə görüş”ün əhəmiyyətini artırır.

İndiki məqamda tərəflər iki ölkə arasında şərti dövlət sərhədində görüşə razı görünsə də, əslində, maraqları və görüş sonrası növbəti raundla bağlı yanaşmaları fərqlidir. Belə ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanmasını istəyir. Daha dəqiq desək, ən geci 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Bakı üçün prioritetdir. Azərbaycan buna görə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu deyir.

Azərbaycan tərəfinin “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır” sözləri də diqqət çəkir. Bakı “Qarşılıqlı məqbul məkan” deyərkən əslində Gürcüstanı nəzərdə tutur. Tiflis iki ölkə üçün də uyğun məkan sayıla bilər.

Ermənistan tərəfi isə indiki məqamda həm 10 noyabr bəyanatından imtina edib yeni sazişin imzalanmasını, həm də bu istiqamətdə aparılan danışıqların Qərb formatında aparılmasını istəyir.

İrəvanın Bakıya təqdim etdiyi sülh sənədində üç əsas tələb yer alıb:

“- Heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması,

– Alma-Atı Bəyannaməsi və ən son qanuni Sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi,

– Dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlı prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılması”.

Ermənistanın təqdim etdiyi bu şərtlər ikili müzakirələr nəticəsində həll edilə bilər. Lakin bütün bu məsələlərin Vaşinqton ya da Brüssel formatında müzakirəsi Bakının maraqlarına uyğun deyil. Bu mənada iki ölkə arasında şərti dövlət sərhədində görüş baş tutarsa, danışıqların növbəti raundunun Gürcüstanda keçirilməsi qarşılığında Ermənistanın təklif etdiyi üç məsələ müzakirə edilə bilər. Yəni İrəvan ilk addımı atmalıdır ki, Bakı da buna cavab versin.

Bütün bunlara baxmayaraq, görüşün alınmamasında maraqlı olan qüvvələr də var. Xüsusilə bu qüvvələrin süni maneələri nəticəsində sülh yubanır.

Azərbaycan regionda gərginliyin artması, yeni silahlı toqquşmanın baş verməsində maraqlı deyil. Bunun olmaması üçün isə sülh prosesinin sürətlənməsinə və yekun sazişin imzalanmasına ehtiyac var.

Regionu qarışdırmaq istəyən beynəlxalq güclər sərhəddə genişmiqyaslı döyüşlərin başlamasını gözləyirlər. Lakin Bakı “savaş taktikasını” dəyişərək sərhədə sülhü gətirir.

Müəllif: Politoloq Turan Rzayev
 

Elşad Həsənov: “Azərbaycan Prezidenti öz çıxışında demişdi ki, bu yol açılacaq”

Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır. Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

O qeyd edib: “Birincisi, bir neçə ay əvvəl (təqribən may ayında) Moskvada Prezident Əliyev baş nazir Paşinyan və prezident Putinin iştirakı ilə keçirdiyi görüşdə çox aydın şəkildə bildirdi ki, yolun “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Bəli, onu "dəhliz" adlandırarkən, bildiyiniz kimi, biz Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri nəzərdə tutaraq “nəqliyyat dəhlizləri” deyirik.

Beləliklə, açıq-aydın nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, yaxud dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu tamamilə yeganə məntiqi tənzimləmədir.

Məsələn, belə olan halda Azərbaycan öz vətəndaşları və yüklərinin Ermənistan ərazisindən keçərkən təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”.

Göründüyü kimi, Klaar Zəngəzur dəhlizinin əleyhdarı və Paşinyanın "dünya kəsişməsi" layihəsini tam dəstəkləyicisi kimi çıxış edir. O, həmçinin “3+3” layihəsi çərçivəsində Azərbaycan- Ermənistan sazişinə inanmadığını bəyan edib. Klaarın bu mövqeyini necə izah etmək olar?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Klaarın fikri aydındır: “Ancaq onu da bildirmək lazımdır ki, biz Zəngəzur dəhlizinin açılmasını 2020 - ci il noyabr ayının 10 - da bağlanan bəyannamədən sonra dəfələrlə müzakirəyə qoymuşuq. Hətta ora qədər olan avtomobil yolunu çəkib hazırlamışıq. Ancaq baxmayaraq Azərbaycan Prezidenti dəfələrlə bunu tələb etdi, Ermənistan qulaqardına vurdu. Axırda onlar bunu etmədiyi üçün biz İranla müqavilə bağladıq və İran ərazisindən keçilməsi qərarlaşdırıldı. O zaman ermənilər başa düşdülər ki, çox böyük səhv etdilər. Avropa və Amerika bu işə müdaxilə etməyə başladı. Yenidən, Ermənistan yeni bir proektlə çıxdı. Burada məqsəd nədir? Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Əvvəllər həmin dəhlizə nəzarət Rusiya Federal Təhlükəsizlik xidmətinin üzərində idi. Ancaq Ermənistan bunu istəmir və onun tərəfdaşları Rusiyanı buradan çıxarmaq üçün tələb edirlər ki, həmin yolun təhlükəsizliyinə, yüklərin daşınmasına Ermənistan cavabdeh olsun. Mən düşünürəm ki, biz də bu məsələyə razı olacağıq. Çünki eyni ilə Ermənistan da bizim ərazidən keçəcək, Gülüstan vasitəsi ilə Qazax yolu, Tiflisə gedən magistral yol açılacaq. O yollara nəzarətə Ermənistan hakimiyyəti məsuliyyətlə cavab verərsə, təbii ki, heç bir problem olmaz. Hətta bunun üçün onların təhlükəsizlik orqanlarında xüsusi bir bölmə yarandı. Əsas da burada Amerika çox narahatdır. Onlar bu yolda İranın olmasını istəmir. Tələb edirlər ki, həmin dəhliz açılsın və təhlükəsizliyinə Ermənistan cavabdeh olsun və Azərbaycanla Şimal - Qərb dəhlizi işə düşsün. Bu da çox böyük bir arteriyadır. Artıq Ermənistan əl-ayağa düşüb ki, bu yol açılsın. Düşünürəm ki, bizim diplomatlarla, siyasilərlə danışıqlar aparıb bu yolu işə sala bilərik. Yadınızdadırsa, Azərbaycan Prezidenti öz çıxışında demişdi ki, bu yol açılacaq. Bəli, bu yol mütləq açılacaq”.

Məhəmmədəli QƏRİBLİ
Ardını oxu...
ABŞ və Aİ Ukrayna müharibəsini necə maliyyələşdirir?

Böyük siyasət çirkli, əxlaqsız və bədnam “ikili standartlarla” doludur. “Center for Research on Energy and Clean Air” (Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin - CREA) məlumatlarını oxuyaraq buna bir daha əmin olursunuz. Onların fikrincə, Ukraynaya genişmiqyaslı işğal başlayandan bəri Rusiya neft, təbii qaz və kömür ixracı sahəsindən təxminən 550 milyard avro qazanıb. Bu, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların effektivliyini şübhə altına alan artıq şok məlumatdır.

Daha çox. Məlum olub ki, 24 fevral 2022-ci il tarixindən 13 noyabr 2023-cü il tarixinədək olan bütün dövr üçün Rusiyanın enerji ehtiyatlarının ən böyük alıcısı Avropa İttifaqı (Aİ) olub! Aİ ölkələri bu müddət ərzində aldıqları bütün qalıq yanacaqlara görə Rusiyaya 180 milyard avro ödəyiblər. Bunun 102 milyard avrodan çoxu xam neft, 74 milyardı təbii qaz, qalanı isə kömürün payına düşür.

Aİ daxilində Rusiyanın enerji resurslarının əsas alıcıları Almaniya (ümumilikdə 28 milyard avro), Hollandiya (18 milyard) və İtaliya (17 milyard) olub.

Budur, statistika. Bundan sonra dam sadəcə qışqırmaq istəyir: siz kimi aldatmağa çalışırsınız, Aİ-dən olan cənablar?! Sadəcə olaraq əxlaqsızlıqdır, buna başqa söz yoxdur! Onların Rusiyanın neft və qaz idxalına qarşı mübarizə aparmaq zərurəti ilə bağlı sözləri Aİ-nin onun alınmasına xərclədiyi məbləğlərlə bağlı xəbərlər fonunda üzə çıxır.

Gəlin davam edək. Belə çıxır ki, hətta Pentaqon Rusiyadan yanacaq-sürtkü materialları və digər “qara qızıl” məhsulları alır. Rusiya neft məhsulları Yunanıstana axır və sonra qarışdırılır, emal olunur və bütün dünyaya paylanır. Bu barədə “The Washington Post” məlumat yayıb. Analitiklərin fikrincə, Rusiya neftinə tətbiq edilən qadağa və sanksiyalara baxmayaraq, ruslar Yunanıstan neft emalı zavodu vasitəsilə hətta amerikalıları da neftlə təmin edə bilirlər.

Pentaqonun rəsmi tədarükçüsü olan Yunanıstanın “Motor Oil Hellas” neft emalı zavodu departamentə Rusiya mənşəli neft məhsulları satırdı. Ruslar sanksiyalardan yan keçmək və məhsulu Yunanıstana çatdırmaq üçün müxtəlif sxemlərdən istifadə etdi, materialları qarışdırdı, müxtəlif ölkələrdə emal etdi və nəhayət, onları yenidən etiketlədilər.

“Qərb ölkələri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq keçən il Rusiya neftinin alışına qadağa qoyduğunu elan etdikdən sonra, ABŞ ordusuna xidmət edən Yunanıstan neft emalı zavodu tez bir zamanda uyğunlaşdı. Bir neçə ay sonra şirkət qadağan olunmuş neftin qəbulunu dayandırdığını və əvəzində başqa mənbələr tapdığını investorlara çatdırdı”, - deyə nəşr yazır.

Rusiya bayrağı altında üzən tankerlərin rəsmi qadağasına və sanksiyalara əməl olunmasına baxmayaraq, ruslar saxta yolla nefti müəssisəyə çatdıra biliblər. Onlar neft məhsullarının Rusiya mənşəli olduğunu gizlətmək üçün yeni marşrut seçiblər. Yunanıstana emal üçün göndərilərkən onların mülkiyyəti daim dəyişirdi. Jurnalistlər Pentaqonun 2019-cu ildən bəri “Motor Oil Hellas”dan 1,1 milyard dollardan çox neft məhsulları sifariş etdiyini qeyd ediblər.

ABŞ Müdafiə Nazirliyi yanacağın yunanlara necə verilə biləcəyini bilmədiklərini açıqlayıb. Və vurğuladılar ki, idarə Rusiya bayrağı altında heç bir şey almayıb, Rusiya və ya Rusiya şirkətləri ilə iş görmür. Amma tamamilə göz qabağındadır ki, bu, özünü doğrultmaq cəhdindən başqa bir şey deyil. Əslində, Amerika kəşfiyyat orqanlarının məlumatlılığını nəzərə alsaq, Pentaqonda hər kəs hər şeyi bilirdi.

İndi isə Aİ və ABŞ-ın reallıqda necə davrandığına baxanda, onların Rusiya-Ukrayna müharibəsindən öz xeyirlərinə istifadə etdikləri qənaətinə gəlinməsi fikri daha da güclənir. Birləşmiş Ştatlar, xüsusən də müharibənin ilk günündən Ukraynanı o qədər müasir silahlarla təhciz etmək imkanına malik idi ki, Rusiyanın məğlubiyyəti çoxdan gerçəkləşəcəkdi. Eyni zamanda NATO-nun üzvü olan Aİ ölkələri də bunu edə bilərdi.

Amma onlar Amerika tərəfi kimi Ukrayna tərəfinə silahı “çay qaşığı” ilə verməyə üstünlük verdilər. Sonda Ukrayna uduzmadı, amma qalib də olmadı. Müharibə, ümumiyyətlə, bu və ya digər tərəfdən ciddi irəliləyişlər olmadan mövqeli bir müharibəyə çevrildi. Bu arada, Rusiya neftinin və qazının satışı hər gün və Rusiya Federasiyasına uzun müddət müharibə aparmağa imkan verən şokedici həcmdə davam edir.

Müəllif: Əkbər Həsənov
ayna.az
 
Ardını oxu...
Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə şərq istiqamətinə xüsusi əhəmiyyət verməyə başlayıb. Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də belə şəraitdə Kreml başqa alternativlər və bazarlar axtarmağa başlayıb.
Peskov şərq istiqaməti dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutub. Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində “bir kəmər, bir yol” forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə səfər etmir. Putin Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkə ilə strateji əlaqələri üst səviyyədədir və özünün təhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd edilir. Buna görə də Putin son iki ildə bir neçə ölkəyə, o cümlədən Belarusa, Qazaxıstana və Çinə səfər edib. Putin Pekindəki forumda iştirak etməklə yanaşı Çin lideri Tsi Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb. Müxtəlif ölkələrin ekspertləri iki liderin qapalı şəraitdə nələri müzakirə edə biləcəyini müəyyənləşdirməyə çalışıblar.
Birinci mövzu təbii ki, Rusiya və Çinin ümumi rəqibi – ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmirlər. Misal üçün Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar.
İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da məfi təsiri artacaq.
Üçüncü mövzu Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref. Xocanın Blogu
Ardını oxu...
Bir neçə dəfə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbərliyinə xakerlər və xüsusi proqram vasitəsilə satışa müdaxilə olduğu, satışın ədalətsiz keçirildiyini yazmışam.
Amma MİDA rəhbərliyi iddiaları rədd etmiş, satışın etibarlı, şəffaf və təhlükəsiz keçirildiyini cavab məktubunda yazıb.

Ötən il satışlara müdaxilə edən bir neçə xaker həbs edildi. Onların xüsusi proqramlarla yüzlərlə mənzili pul qarşılığında seçdiyi məlum oldu.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Bu məktubları saxlamışam. Xakerlərin məhkəməsi olsun, sonra mən də məhkəməyə müraciət edəcəm. MİDA rəhbərliyi gəlib məhkəmədə təhlükəsiz, şəffaf və etibarlı satışı sübut edər.

***

MİDA-nın mənzillərinin seçimi ədalətsiz, jurnalistlərin binasındakı mənzillərin paylanılması ədalətsiz, AYB-nin yazıçılara mənzil paylaması ədalətsiz.
Hər üç məsələdə evsizlər kənarda qalıb 2-3 evi olanlar mənzil əldə edir.

Doğrudan bu ölkədə dərəbəylikdir?

Bir ölkədə bu qədərmi yiyəsizlikdir?

Müəllif: Elyar İslamoğlu - Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti