Ardını oxu...
Bakı şəhərində tıxacların yaranma səbəblərindən biri kimi avtomobil yolları arasında istifadəyə verilməyən və səhranı xatırladan boş ərazilər göstərilir. Həmin ərazilərdən xüsusilə "Moskva" və Ziya Bünyadov prospektində avtomobil tunelinin üzərindəki boş əraziləri misal göstərmək olar.
Ümumiyyətlə, Bakıda belə ərazilərin sayı durmadan artır, paytaxtda sözün əsl mənasında səhralaşma gedir. Asfalt örtüyünün çoxaldığı mərkəzi küçələrdə yaşıllığın sayı azaldılır, barmaqla sayılacaq qədər az ağac, bitki örtüyü gözə dəyir. Ərazilərdə avtomobil və piyada hərəkəti üçün bölüşdürülmüş torpaq balansında pozulma müşahidə olunur.

Asfalt örtüyünün çoxalması, piyadalar üçün hərəkət məhdudiyyətinin azalması və torpaq ərazilərin balanslı şəkildə bölüşdürülməməsi gələcəkdə hansı problemlərə gətirib çıxara bilər?
Yaranmış vəziyyətlə əlaqədar hansı addımlar atılmalıdır?
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının sorğusunu cavablandırıb.

"Ümumi olaraq, səhralaşmış ərazilərdə insanların istirahəti üçün şərait yaradılmasın ehtiyac var. Bizdə asfalt səhrası ifrat çoxalıb. Asfaltın qızması, mühitin korlanması, səs kirliliyinin yaranması, temperaturun artması yaşam keyfiyyətini aşağı salır. İkinci məsələ, səsin artması ilə insanların birbaşa ömrünə təsir edir. Bu risklər minimumlaşdırmaq üçün həmin əraziləri insanların istirahət etməsi üçün məkana çevirmək lazımdır. Həmçinin, tıxacı yaradan səbəb aradan qaldırılmalıdır. Fərdi nəqliyyat vasitəsinin şəhərə gəlişi məhdudlaşdırılmalıdır. Daha çox sərnişin daşıyan növlərə investisiya, diqqət, həmin küçə-yol sahəsində üstünlüyün təmin edən həllər tətbiq olunmalıdır. Bu barədə efirlərdə də fikir səsləndirmişik. Bizim daha sıx məskunlaşmanın olduğu ərazilərimizin sərhədlərinə baxsaq, Lökbatan-Biləcəri dairəsi, bu, Bakı dairəvi bir yoludur. Sonradan Zığ dairəsi - beton yolla Hava limanı və Hava limanı şossesi ilə onu əlaqələndirən Biləcəri, Binəqədi, Ramanı aeroport şossesi. Bunu da əlaqələndirmək lazımdır ki, sürətli şəhərətrafı yol olsun. Onların giriş nöqtələrində - Lökbatan dairəsində, Avtovağzalda, "Koroğlu"da, Zığ dairəsində "park and ride" təşkil olunmalıdır. Yəni "park et və səfəri ictimai nəqliyyatla davam et". İnsanlar fərdi nəqliyyatla şəhərə qədər gəlib, şəhərin içində daha çox sərnişin daşıyan növlərə köklənsinlər.

Bununla paralel, o növlərin inkişafına pul yatırılmalıdır. Hansı ki, həmin növlər o gücü götürə bilsin. Mərhələli şəkildə indiki işlər görülür, amma davamı gəlməlidir. İlkin olaraq mövcud küçə, yol sahəsinin səmərəli istifadəsi yönündə verilmiş qərar zolaq ensizləşdirilməsi, avtobus-velosiped zolağının yaradılmasıdır, piyada infrastrukturunun düzəldilməsidir. Xüsusən "8 Noyabr" ərazisini bu mənada qabarda bilərik ki, burada heç vaxt velozolaq, piyada infrastrukturu olmayıb. Amma indi hal-hazırda qurulur. Avtobus zolağı da olmayıb. Bunlar tamamlandıqdan sonra həmin prospektboyu hərəkətə birbaşa təsir edəcək. Digər məsələ də odur ki, relsli nəqliyyatı da inkişaf etdirmək lazımdır. Beləliklə, daha çox yükü metro, şəhər ətrafından elektrik qatarı, gələcəkdə tramvay da götürə bilsin. Bu növ sahələr, həmçinin şəhərin giriş nöqtələrinə baxırıqsa və bütün şəhərdəki vəziyyəti gördükdə, onu anlayırıq ki, fərdi nəqliyyatla səfərlərin təşkili daha çox tıxaca gətirib çıxarır. Yol nə qədər genişləndirilsə də, o yol bir o qədər dolacaq.

Yol tikintisi ilə avtomobil alışı tərs mütənasibdir. Bir avtomobilin alınması bir saat çəkir, amma bir yolun tikintisi bir neçə ildir. Şəhər daxilində bu kommunikasiyaların olmasını nəzərə alaraq, köçürülmələr və sair ən yaxşı halda 3-5 ilə çəkəcək. Ona görə digər variantlara keçməliyik. Yəni dayanıqlı şəhərin mobillik prinsiplərinə əsaslanan qərarlar, çəkindirici alət, zona saatlı parkinq sistemi, əvəzedici alət, ictimai nəqliyyatın çeşidli və üstünlüyü təminedən növləri - bunu da qısaməsafəli mikromobillik vasitələri və uzunməsafəli mobillik üçün avtobus, metro, elektrik qatarı, tramvay və təkmilləşdirici elementlərə bölürük. Ziya Bünyadov-Əhmədli kəsişməsində əvvəl avtobuslar dövrə vururdu və 7 dəqiqə vaxt keçirirdi. İndi bu düz yolu yalnız avtobus gedə bilir. Bu da avtobusların beş-yeddi dəqiqə öz marşrutu üzrə uduşunu göstərir. Məsələn, Varşava şəhərində tramvaylara "yaşıl dalğa" effekti verilib. Svetoforlarda daha az dayanmaq hədəfi götürülüb. Bizdə bunu avtomobil üçün edirlər. Bu növ həllər insanların fərqli hərəkət növləri üzrə parçalanmasına gətirib çıxaracaq. İndi əgər əgər hər kəs avtomobillərə köklənirsə, "niyə?" sualını verək. Çünki avtomobilin önündə heç bir problem yoxdur. Yəni avtomobilin yolu şüşə kimidir, heç bir bariyeri yoxdur. Amma digər növlərə baxsaq, bu günədək diqqət ayrılmayıb. Səki demək olar ki, yoxdur. Şəhərin ən kənar nöqtəsi Yasamaldan Yeni Günəşliyə qədər 23 km-dir. Bu, şərq-qərb üzrə baxır. Şimal-cənub üzrə baxsaq, Rəsulzadə qəsəbəsindən Park Bulvar istiqamətinə 9,8 km-dir. Yəni bu, o qədər də böyük məsafə deyil, amma bizdə bu məsafəni hər kəs avtomobillə getməyə çalışır. Bu məsafənij çeşidli təklifləri olmalıdır. Piyada, mikromobillik, avtobus zolağı, metro, elektrik qatarı şəhər daxili stansiyaları və gələcəkdə tramvay. Yəni bunlar olmalıdır ki, insanlar alternativ növlərə daha çox köklənsinlər. Yoxsa biz hər sahəni, haranı görürük avtomobillərə versək, biz bu dairədən çıxa bilməyəcəyik. Dünyada bu islahatlar artıq keçilib, daha da təkmilləşdirilməsi yönündə işlər görürlər. Biz isə bu məsələnin hələ ilkin mərhələsindəyik. Bu günə qədər olan infrastrukturu, yarımçıqları tamamlamalıyıq. Metromuz varsa, onun üç xəttinin müstəqil fəaliyyəti üçün hərəsinin ayrıca deposu olmalıdır. Hərəsi minimum intervalla işləməlidir ki, qırmızı xətt iki, yaşıl xətt dörd, bənövşəyi xətt 7 dəqiqə deyil, bir-iki dəqiqəlik intervalla hərəkət etməli və texniki bariyerlər aradan qaldırılmalıdır. Müəyyən xətlər, depolar tikilməli, xətlərin ayrılması təşkil olunmalıdır ki, bu, daha sağlam fəaliyyət göstərsin. Metro rəqib tanımır. İki dəqiqəlik intervalla 1600-2000 sərnişini daşımaq qüdrətindədir. Eyni sayda sərnişini avtobus və digər növlər həmin sürətlə apara bilməz. Eynilə də, avtobusun istismar müddəti relsli nəqliyyatdan daha azdır. Ona görə də biz relsli nəqliyyata yatırım etməliyik.

Digər məsələ də ondan ibarətdir ki, dəmiryolunun şəhər daxilindəki stansiyaların sayını artırmaq da sərnişin axınının parçalanmasına səbəb ola bilər. Dərnəgül, Keşlə, Heydər Əliyev prospekti, Böyükşor, Nərimanov stansiyaları kimi və Sumqayıta da əlavə bir stansiya uzatmaq lazımdır. Mövcud dəmiryolu şəbəkəsin də şaxələndirməyə ehtiyac var. Xətdə qatarların sayını artırmaq lazımdır ki, yerüstü metro funksiyasını daşısın. Yetər ki, intensivliyini, dayanacaqların sayını artıra bilək.

Göründüyü kimi, sadəcə diqqətimizi bu tərəfə yönəltməliyik. Biz avtomobildən daha çox, çeşidli, üstünlüyü təmin olunmuş ictimai nəqliyyat növlərinə yönəlməliyik.

Həmçinin, zolaqlara mane olacaq səbəblər budaqlardır. Oktyabrın 15-dən budama sezonu başlayır. Gecə-gündüz bu məsələ danışılmalıdır ki, avtobusun zolaqda hərəkətinə mane olacaq ağaclar budanmalıdır. Sonradan onun maliyyə dayanıqlığı təmin olunmalıdır.

Brutto müqavilələrə keçidi sürətlə təmin etməliyik. Beləliklə, avtobus daşıyıcıları dayanıqlı xidmət göstərə bilsinlər. İndiyədək səsləndirilmiş şikayətləri aradan qaldıra bilsinlər. Sürücü qıtlığını aradan qaldırmaq üçün əməkhaqqını artırsınlar. Çeşidli bilet paketi təklif etsinlər, pulsuz keçidləri təmin etsinlər. Parkdakı avtobusları yeniləsinlər və kredit cəlb etsinlər. Brutto olmasa, heç kimin onlara kredit verməyə marağı olmayacaq. Çünki sahə risklidir. Amma brutto müqaviləyə keçidlə dövlət hər km-ə görə subsidiya etdikdən sonra artıq bu sahənin də cəlbediciliyi artır. Buna qədər aparılmış işləri tamamlamağa gərək var ki, bizim nəqliyyat sistemimiz daha sürətli və dayanıqlı fəaliyyət göstərə bilsin" - deyə, nəqliyyat üzrə mütəxəssis əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info
 
 
 
Ardını oxu...
Putinin səfərbərlik elan etmədən Rusiya hərbi kampaniyasını nə qədər davam etdirə biləcəyi bəlli deyil

Nə itkilərin artması, nə də havanın soyuması Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin trayektoriyasını dəyişməyəcək. Bu barədə yüksək səviyyəli ABŞ rəsmiləri deyiblər. Anonimlik şərti ilə jurnalistlərə danışan rəsmilər bildiriblər ki, son bir neçə həftə ərzində gedən döyüşlər cəbhə xəttində yalnız kiçik dəyişikliklərə səbəb olub və Rusiyanın hər hansı düzəlişlər etdiyinə dair çox az işarə var.

Yüksək rütbəli hərbçi “bu, məhv etməyə yönəlmiş strategiyadır” deyib və əlavə edib ki, “rəqəmlərlə qalib gəlməyə çalışan Rusiyanın müharibə aparmaq üsulu budur”.

ABŞ ordusunun son qiymətləndirmələrinə görə, Ukraynanın mövqelərini təkcə say üstünlüyü hesabına sıxışdırmaq istəyi Rusiya Silahlı Qüvvələrinə baha başa gəlir.

Birləşmiş Ştatlarda hesab edilər ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya qoşunları 600 min ölü və yaralı itkisi var. Bu, İkinci Dünya müharibəsindən sonra Rusiyanın istənilən münaqişədə itkilərinin sayının az olduğunu göstərir. Amerikalı rəsmilər bildiriblər ki, Rusiya sentyabrda müharibənin digər aylarına nisbətən daha çox itki verib.

Rusiya ordusu başqa yolla da əziyyət çəkib. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin hesablamalarına görə, Ukrayna Qara dənizdə yerləşən 30-dan çox orta və böyük rus gəmisini məhv edib və ya zədələyib. Bu, Rusiyanı Qara dəniz donanmasını yenidən formalaşdırmağa məcbur edib. Ukraynanın həmçinin Rusiyanın müharibədən əvvəlki tank ehtiyatının üçdə ikisindən çoxunu məhv etdiyi güman edilir.

“Bu, Rusiya ordusunu SSRİ-dən qalma anbarlarından və yanacaq çənlərindən istifadəyə məcbur edir", - ABŞ yüksək rütbəli hərbçisi deyib.

Ukrayna pilotsuz təyyarələri də Rusiyanın silah-sursat anbarlarına hücum edərək, Rusiya və Şimali Koreya istehsalı olduğu güman edilən yüz minlərlə mərmi məhv edib. ABŞ rəsmiləri zərərin çox güman ki, döyüş sursatı və artilleriya mərmilərinin cəbhə xəttinə çatdırılmasını yavaşlatacağını bildirib. Bununla belə, onlar xəbərdarlıq ediblər ki, bu Rusiyanın daha çox itki verməsinə səbəb olsa da, Kremli çəkindirmir.

Amerikalı yüksək rütbəli müdafiə “Amerikanın Səsi”nə deyib: “Rusiya şərqdə səylərini gücləndirdiyi üçün üyüdülmə kampaniyasına əhəmiyyətli miqdarda resurs və işçi qüvvəsi ayırmağa davam edir”.

“Rusiya dəfələrlə ukraynalıları təslim olmağa məcbur etmək üçün hər şeyi etməyə hazır olduğunu nümayiş etdirib. O cümlədən, Ukraynanın mülki əhalisinə və kritik infrastruktura hədəfli hücumlar edilir”, əlavə edib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin sentyabrındakı kimi, kütləvi səfərbərlikdən qaça bilib. Buna qismən də rus könüllülərinin maaşlarının artırılması hesabına nail olub. Bununla belə, Putinin səfərbərlik elan etmədən Rusiya hərbi kampaniyasını nə qədər davam etdirə biləcəyi bəlli deyil.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Ukrayna müharibəsində Moskvanın mövqelərinin zəiflədilməsi baxımından ən praktik addımlardan biri, Rusiya üçün nəyin bahasına olursa-olsun, bundan qaçdığı ikinci cəbhənin açılması hesab olunurdu. Bu barədə Ermənistan Respublika Partiyasının (ERP) icra orqanının üzvü Qaqik Minasyan öz “Facebook” səhifəsində yazıb.

“İsrailin ardıcıl təxribatçı addımları nəticəsində İranın hərbi münaqişəyə cəlb olunması ABŞ və kollektiv Qərb üçün yeni, ikinci cəbhə ola bilər ki, bu da onlar üçün Ukrayna cəbhəsinin əhəmiyyətini azaldacaq və Rusiyanın oradakı imkanlarını artıracaq. İranın əleyhdarları İran-İsrail hərbi münaqişəsini, ilk növbədə, İranda hakimiyyəti dəyişmək, ölkəni Rusiya və Çin arasında ittifaqdan qoparmaq yolu kimi qiymətləndirirlər. Onlar çətin ki, Tehranın hərbi əməliyyatlara tez bir zamanda son qoymaq təklifləri ilə razılaşsınlar. Müttəfiqi İranın siyasi oriyentasiyasının məcburi şəkildə dəyişdirilməsi Rusiya üçün tamamilə qəbuledilməz olmalıdır, çünki bu, Rusiya Federasiyasını Hind okeanı ilə İran vasitəsilə birləşdirən Şimal-Cənub dəhlizinin reallaşdırılması imkanlarını istisna edir”, - deyə Minasyan qeyd edib.

Bu, Ermənistanın üçüncü Prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi ERP-dən olan siyasətçinin mövqeyidir. Əslində o, təkcə Ermənistanın deyil, İran və Rusiyanın maraqlarını müdafiə etmək mövqeyindən çıxış edir. Eyni zamanda qeyd etmək lazımdır ki, indiki Ermənistan hökuməti İsraillə İran arasındakı münaqişədə də anti-İsrail tərəfini tutub.

Belə ki, ötən həftə Ermənistan və Fələstin diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Müvafiq kommünike Nyu-Yorkda xarici işlər naziri Ararat Mirzoyan ilə Fələstinin Baş naziri Məhəmməd Mustafa arasında keçirilən görüşdə imzalanıb. Burada İsrail və Azərbaycana “cavab vermək” cəhdinin olduğu açıq-aydın görünür. Ancaq bu, hamısı deyil.

Demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir. Xüsusilə “Armenian Report” çox bəlağətli başlıqlı “İsrailin bombalanmasına razıyam” məqaləsi dərc edib. Mətnin müəllifi İsrailin məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinir. Bütün məqalə sözün əsl mənasında bu alçaq erməni sevinci ilə doludur.

“Azərbaycan Artsaxın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi”, - deyə məqalənin müəllifi öz fantaziyasını işə salır.

O, “Artsax”ın olmadığını, yalnız Ermənistan tərəfindən müvəqqəti işğal olunmuş ərazilərimizin olduğunu və Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə ciddi şəkildə əməl etdiyini qəbul etmək istəmir. "Hazırda Bakı və Təl-Əvivdə qaynar başları soyutduğu üçün" müəllif İrana minnətdarlığını bildirir.

Məqalə müəllifi daha sonra SEPAH rəhbərinin siyasi məsələlər üzrə müavini Sərdar Yadollah Cavaninin sözlərindən sitat gətirir: “Zəngəzur dəhlizi və İsrailin Bakıdakı mövcudluğu ilə bağlı biz İnqilabın Ali Rəhbərinin göstərişlərinə əməl edirik və ölkənin milli maraqlarını qorumaq üçün bir an da tərəddüd etməyəcəyik”.

Bəli, İran Azərbaycanı təhdid etməkdə davam edir. Yalnız İsraildə deyil, ABŞ-da da hamının bunu görüb düzgün qiymətləndirəcəyinə ümid etmək qalır. Çünki İsrailin müttəfiqi olan Azərbaycan ABŞ-da daim tənqid olunduğu üçün doğrudan da paradoksal vəziyyət yaranır. İranla münasibətləri hər cür inkişaf etdirən Ermənistana ABŞ tərəfindən maliyyə, siyasi və hərbi baxımdan dəstək verilir...

Müəllif: Əkbər Həsənov - AYNA.az
 
Ardını oxu...
Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri diqqəti Cənubi Qafqaza yönəldiblər. Onların “açıq danışmalarından” belə nəticə çıxarmaq olur ki, regionda Moskvanı narahat edən ciddi məsələlər var.

Bu günlərdə Bakıya elan olunmamış səfərlə gəlib-qayıdan Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevlə, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.

Narışkinin adı 2000-ci illərdən Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Hansı vəzifəni tutmasından asılı olmayaraq, həssas dönəmlərdə Narışkin mütləq Azərbaycana, Ermənistana gəlir, yaxud regionla bağlı səs-küylü bəyanatların müəllifi olur.

Moskvaya qayıtdıqdan sonra Rusiya XKX-nin mətbuat xidməti səfərin məğzi ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə "beynəlxalq vəziyyətin aktual məsələlərinə", Rusiya XKX-nin Azərbaycan xüsusi xidmətləri ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətlərində əməkdaşlığına toxunulub, yaxın gələcək üçün ikitərəfli əlaqələrin prioritetləri nəzərdən keçirilib.

Bakıda keçirlən danışıqlarla bağlı Azərbaycanın rəsmi qurumları hər-hansı açıqlama yaymayıb. Rusiya XKX isə bildirir ki:

Xüsusi xidmət orqanlarının xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığı dinamik şəkildə inkişaf edir, konstruktiv, qarşılıqlı səmərəli və etibarlı xarakter daşıyır, Rusiya və Azərbaycanın milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələrin əldə olunmasına yönəlib;

Beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb;

Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı əlaqələrində Qərb xüsusi xidmətlərinin dövlətlərimizin daxili siyasi sabitliyinin pozulmasına yönəlmiş düşmənçilik niyyətlərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır;

Yaranmış vəziyyətdə "kəşfiyyatın və əks kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə təşkil olunan anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribat aksiyalarının vaxtında müəyyən edilməsi və qarşısının alınmasıdır;

Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazisində sosial-siyasi vəziyyətin sabitliyinin pozulması məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirilməsi zərurəti qeyd edilib...

Açıqlamada, əlavə olaraq, S.Narışkin sentimental fikirlərinə yer verilib:

“Azərbaycanda, həmişə olduğu kimi, bizi əsl dost sayağı qarşıladılar. Burada özümüzü evimizdəki kimi hiss edirik. Bununla əlaqədar mən həm Azərbaycan rəhbərliyinə, həm də bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.

Narışkinin səs-küylü səfərinin rezonansı bitməmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasındakı çıxışı yayıldı.

Bortnikov Ermənistan rəhbərliyini və Qərbi hədəfə götürərək, bildirib:

“NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır. Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq. Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”.

FTX direktorunun açıqlamasına Brüseldən eyni tərzdə dərhal cavab verilib. Avropa İttifaqı Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano erməni mediasına bildirib:

“Aleksandr Bortnikovun şərhləri tamamilə cəfəngiyat, yalan və Ermənistan qarşısında götürdüyü öhdəlikləri və verdiyi vədləri dəfələrlə yerinə yetirmədiyini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas manipulyasiyadır”.

Situasiyanı şərh edən politoloq Fərhad Məmmədov diqqəti ona çəkir ki, Bortnikov bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Esay Mkrtçyanın iştirak etdiyi tədbirdə səsləndirib: “Onun çıxışında BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi barədə qeydi də maraqlıdır. Aydın deyil, harada?! Azərbaycanla sərhəddə?! Avropa ittifaqının Ermənistandakı missiyasının Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə dediklərinə gəlincə, bunu artıq Zaxarova deyil, Bortnikov səsləndirir! Görək Ermənistanda necə reaksiya verəcəklər. Bortnikova da Zaxarova kimi cavab verəcəklər?! Mkrtçyan, heç olmasa, nəsə deyəcəkmi?”

Politoloq qeyd edir ki, bütün bunlar Paşinyanın BRİKS sammitinə qatılmaq üçün Kazana səfəri ərəfəsində baş verir: “Beləliklə, bu, ABŞ və Aİ-nin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində fəal iştirakına Rusiyanın reaksiyasıdır. Danışıqlar sırf ikitərəfli formatda gedəndə belə reaksiya yox idi. Ermənistan Qərbin prosesə qarışması üçün nə qədər çox imkan yaratsa, Rusiyanın reaksiyası bir o qədər çox olacaq... İrandan da oxşar reaksiya göstərilməsi uzaqda deyil...”

Şənbə günü gün isə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan NATO-nun Beynəlxalq Hərbi Qərargahının rəhbəri general-leytenant Yanuş Adamçakı qəbul edib.

Erməni mediası yazır ki, görüşlər zamanı geniş spektrli məsələlər müzakirə edilib, xüsusilə Ermənistan-NATO əməkdaşlığının hazırkı gedişatı və onun inkişaf imkanlarına toxunulub. Əməkdaşlığın ən uyğun istiqamətləri qeyd olunub. Ermənistan tərəfi silahlı qüvvələrdə aparılan islahatların gedişatını təqdim edib. Regional təhlükəsizlik məsələləri müzakirə olunub, tərəflər həmçinin beynəlxalq hərbi-siyasi hadisələrə dair fikir mübadiləsi aparıblar.

Bu ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunda çıxışında həm Ermənistanın, həm də Birləşmiş Ştatların ünvanına sərt mesajların yer alması diqqət çəkib.

Dövlət başçısı bildirib ki, Ermənistan təhlükəli oyunlara qoşulub. O, İkinci Qarabağ müharibəsinin tarixçəsini, antiterror əməliyyatını unutmamağı tövsiyə edib: “Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan, cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib ki, Rusiya Xüsusi Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri barədə mətbuatda qeyd edilənlər məsələnin görünən tərəfləridir. Onun sözlərinə görə, İranla İsrail arasında gərginliyin perspektivdə bölgəyə təsir edə biləcək tərəfləri, Gürcüstanda keçiriləcək parlament seçkilərinin Rusiya üçün gözlənilməz nəticələri və qonşu ölkə kimi Azərbaycanın reaksiyası və s. məsələlər müzakirə olunub. “O cümlədən, Ermənistan-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişafı, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, yenə də Azərbaycanın reaksiyası müzakirə oluna biləcək mövzulardır”, - o, əlavə edib.

Ekspert qeyd edir ki, bunlar, təbii ki, baş verə biləcək proseslər haqqında ehtimallardır və səfərin detalları bizə məlum deyil: “Bir məsələni də qeyd edək ki, Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərinin postsovet respublikalarına səfərləri Rusiyada hər zaman qısqanclıqla qarşılanıb. Bu il sentyabrın 14-də Böyük Britaniya Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Bakıya səfər edib ADA-da mühazirə oxumuşdu. Əlbəttə, bu da Mİ6 şefinin səfərinin görünən tərəfi idi. Əsil səbəb məxfi olaraq qalır. Narışkinin səfərinin Murun səfərindən 3 həftədən sonra baş tutması da kompensasiya məqsədli ola bilər”.

İlham İsmayıl deyir ki, Rusiya FTX rəhbəri Bortnikovun NATO qüvvələrinin sülhməramlı adı altında Güney Qafqaza gələcəyi barədə verdiyi məlumat Narışkinin səfərinin əsas məqsədini də özündə ehtiva edə bilər. “Rusiya kəşfiyyat şefinin səfərinin məqsədi bu məlumatın detallarını Azərbaycan rəsmiləri ilə müzakirə etməsi də inandırıcı təsir bağışlayır”, - ekspert fikirlərini yekunlaşdırıb.

Turqut
 
Ardını oxu...
Son illərin ən dəb mövzusu “iqlim dəyişikliyi” məsələsidir, bu məsələdə o qədər miflər yaradıblar ki, əsl ekoloji problemlərin həlli, az qala, kənarda qalıb. Halbuki, insan övladı məhz ekoloji problemlərin həllinə köklənməli, təbiətə vurulan ziyanı mimimuma endirməli, təbiətdə həmahəng yaşamağı öyrənməlidir.
Ekoloji problemlərin həlli çox vacibdir, amma bunun “iqlim dəyişikliyi” ilə birbaşa heç bir əlaqəsi yoxdur – bəli, dolayı və cüzi təsirləri ola bilər, amma Yer planetində iqlim həmişə dəyişib, sonradan təbiət özü tənzimləməni həyata keçirib. İnsan övladı məhz o tənzimləməyə mane olmamalıdır, öz üzərinə düşəni etməli. Su hövzələrini çirkləndirməməli, yaşıllığı qorumalı və artırmalı, təbiətin vəhşi istismarına son qoymalıdır.
Amma gördüyümüz odur ki, son illər ekoloji məsələlər kənarda qalıb, “iqlim dəyişikliyi” haqqında miflər yaradılaraq bu sahəni də iri biznesə, pul toplamaq üçün vəsitəyə çevirirlər, məsələni “gretathunbergləşdirirlər”.
Dünyada iqlim yüzminillərdir dəyişib, indiki dövrdə bu məsələni aktualaşdırıb pul yığma vasitəsinə, ölkələrə, əsasən də neft-qazla, təbii resurslarla zəngin ölkələrə təzyiq vasitəsinə çevirmək üçün müxtəlif miflər uydurulur. Məsələn:
1) Yeni bir termin uydurublar – iqlim dəyişikliyi qaçqınları, və sübut etməyə çalışırlar ki, bu 21-ci əsrin “fenomenidir”, məhz indi, iqlim dəyişir deyə ortalığa çıxıb. Tam bir cəfəgiyyatdır – insanlıq tarixi haqqında yazılı mənbələrin yaşı qədər iqlim dəyişikliyi, quraqlıq, susuzluq və s. dəyişikliklərə görə köçən edən insan qrupları haqqında məlumatlarla doludur, bu hələ son 4-5 min ilin mənbələridir. Arxeoloji qazıntılarla elmi olaraq sübut olunur ki, iqlim dəyişdiyinə görə cənubdan-şimala, şərqdən-qərbə və əks istiqamətlərdə insanlar qrup şəklində daim köç edib yeni resurslar, yeni münbit torpaqlar və şarait axtarıblar. Yəni, “iqlim dəyişikliyi qaçqınları” 21-ci əsrin yox, onminillərin mövzusudur,
2) Dünyanın “mainstream” mediyası, böyük güclərin maragına xidmət edən media-holdinqlər, məsələn, “Euronews” TV kanalı, demək olar ki, hər gün daşqınlar, quraqlıq, və s. hadisələrlə bağlı dünyanın müxtəlif yerlərindən reportajlar verib qaramsal bir mənzərə cizirlər ki, baxın ha, bütün bunlar “iqlim dəyişməsinin” nəticəsidir. Son həftələrdə isə maraqlə bir təzad yaşadılar – 2 ay əvvəl, “Avropa quraqlıqdan yanır – bu iqlim dəyişməsinin nəticəsidir, bundan sonra Avropada quraqlıq olacaq, aqrar sektor susuz qalacaq, şəhərlərdə su olmayacaq”, deyə başlıqlar atıb camaatı qorxudurdular, son 1-2 həftədə isə, “Avropa leysanlara təslim oldu, hər yeri su basdı, çaylarda su qalxdı, su çoxaldı, fəlakətdir, iqlim dəyişir”, deyib yenə hər şeyi “iqlim dəyişikliyinə” bağladılar. Birincisi, indi hamının əlində kameralı telefon, medianın hər yerdə öz jurnalistləri var – təbii ki, hər bir hadisə kameralara tuş gəlir, çəkilir-yayılır. Yaxşı, 200-300-500-1000 il əvvəl quraqlıq və subasmalar olmurdu?! Təbii ki, olurdu, sadəcə onları sənədləşdirmək mümkün deyildi, amma arxeoloqlar dəfələrlə çay yataqlarının dəyişməsi, çayların quruması, tam tərsinə, yeni çay yataqlarının yaranması ilə bağlı minlərlə faktlar ortalığa qoyublar – bəs, məsələn, 2000 il əvvəl bu hadisələr olanda insan övladı nə edirdi ki, iqlimi dəyişdirirdi?! O zaman dünyada bir neçə on milyon insan var idi, nə zavod vardı, nə fabrik, nə neft məhsulları, nə də avtomobil – yaxşı, niyə quraqlıq olurdu, nədən daşqınlar yaşanırdı?!
3) Dünyada bir neçə dəfə “buz dövrü” olub, yəni iqlim gah çox soyuyub, gah da istilənib, o zaman indiki insan övladı hələ Planetdə yaşamırdı, bəs yaxşı, iqlim nədən dəyişirdi?! Sonuncu “buz dövrü” 11 min il əvvəl bitib və qlobal istiləşmə başlayıb – inanın ki, bunun da insan fəaliyyəti ilə qəti əlaqəsi olmayıb.
İnsanlıq bu “iqlim dəyişikliyi” miflərini, təzyiq vasitəsini, iri beynəlxalq təşkilat və koorporasiyalar üçün pul yığmaq metodunu bir kənara qoyub əsl problemlə - ekologiyaya vurduğumuz yaraların sağalması ilə məşğul olmalıdır. Başqa yol yoxdur, dünya miqyasında başımızı nağıllarla aldadıb növbəti beynəlxal dərəcəli “dələduzluqla” məşğul olurlar, təbiət isə insanların ağılsız və məsuliyyətsiz münasibətindən əziyyət çəkir...
Natig Cəfərli
TEREF
 

Ardını oxu...
  

ilk yayımlanma: 20:50

Ermənistandakı revanşist qüvvələr baş nazirin COP29-da mümkün iştirakına qarşı təbliğata başlayıb. Artıq xeyli müddətdir ki, Ermənistan nümayəndə heyətinin noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab vermir.

Qeyd edək ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdü. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Ondan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Ardını oxu...

Ermənistan KİV-ləri Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi arqumentindən çıxış edərək Nikol Paşinyanın COP29 çərçivəsində Bakıya gələ biləcəyinə dair iddialar səsləndirilmişdi.  Ötən həftə Ermənistan parlamentinin spikeri iqlim sammitində sənəd imzalanmasının əleyhinə olmayacağını açıq şəkildə bildirsə də, son qərarın Azərbaycanın olduğunu qeyd edib.

Erməni revanişistlər isə Paşinyanın Bakıya getməməsi üçün ən müxtəlif bəhanələr gətirirlər.

Musavat.com xəbər verir ki, Son olaraq alphanews.am saytına danışan politoloq Baniamin Matevosyan iddia edib ki, əgər Paşinyan və ya Ermənistan nümayəndə heyəti Bakıya səfər edərsə, “Azərbaycanın son illərdə hərəkətlərinin legitimlik qazandıracaq siyasi akt olacaq. Ermənistan Zəngəzur dəhlizinin Azərbaycan tərəfinin nəzarətinə verilməsinə, konstitusiyanın dəyişdirilməsinə razılıq vermiş olacaq. Bakında Paşinyan və ya Ararat Mirzoyan kameralara gülümsəyəndə bir qədər aralıda “Artsax”ın hərbi-siyasi rəhbərliyi mühakimə edəcək”.

Ardını oxu...

Politoloq deyib ki, “açıq-aydın görünür ki, bu şəxslərin taleyi rəsmi İrəvan üçün maraqlı deyil, ən azı, onların geri qayıtmasında maraqlı deyillər. Vəziyyətdə daha bir nüans var ki, nəinki hakimiyyət orqanları, hətta “Ermənistanla Azərbaycan qonşudur” deyən ziyalılara da onlardan danışmaq istəmirlər ”.

Yada salaq ki, “Hraparak” qəzeti də bir müddət əvvəl Paşinyanın Bakıya səfər edə biləcəyindən yazmışdı. Erməni hökumətinə yaxın politoloq Areq Koçinyan Nikol Paşinyanın noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyini istisna etməyib.

“Mən istisna etmirəm ki, sazişin imzalanması COP29 çərçivəsində baş verəcək. Bir şərtlə ki, Ermənistanın baş naziri geri qayıdanda Bakıda saxlanılan hərbi əsirləri özü ilə gətirsin”, deyə bildirib.

Musavat.com

 
 
 
Ardını oxu...
2020-ci il oktyabrın 4-də düşmən üzərinə irəliləyən Şanlı Azərbaycan Ordusu Cəbrayıl şəhəri və rayonun 9 kəndini işğaldan azad etdilər. Bu hadisə Qalibiyyətli Vətən müharibəsində ilk azad edilən şəhərimiz kimi müasir Azərbaycan tarixinə düşdü. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi.
Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İndiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib və bu işlər böyük sürətlə davam edir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Sevindirici haldır ki, ölkə başçısının Cəbrayıla növbəti səfəri məhz şəhər gününün 2-ci ildönümünə təsafüf etmişdir. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.
Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə cənab Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.
“O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.
Öz çıxışında dövlətimizin rəhbəri bu fikirləri səsləndirib ki: “Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir”.
Eyni zamanda Prezident İlham Əliyev Ermənistana da xəbərdarlıq mesajı göndərib. Qeyd edib ki, Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi

 
Ardını oxu...
İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozlarında 2025-2028-ci illər üçün manatın dollara məzənnəsi cari il səviyyəsində götürülüb. Bunun fonunda məzənnənin gələcəyi ilə bağlı müzakirələr nəzərəçarpacaq dərəcədə intensivləşib – bəzi yerli analitiklər 2025-ci ildə yerli valyutanın sabit qalacağına şübhə ilə yanaşırlar.

İqtisadi cameənin heç də bütün nümayəndələri İqtisadiyyat Nazirliyinin nikbinliyini bölüşmürlər. Buna səbəb milli valyutanın inzibati qaydada tənzimlənən məzənnəsinin neft və qaz gəlirlərindən asılılığı və beynəlxalq xammal kotirovkalarının davranışının gözlənilməz olmasıdır.

İqtisadçı ekspert Akif Nəsirli AYNA-ya deyib ki, hökumətin məzənnəni sabit saxlamaq üçün geniş imkanları var: “Son vaxtlar dolların iki manata kimi bahalaşması ehtimalı geniş müzakirə olunur. Dünyada ehtiyat valyutanın ucuzlaşması və ABŞ-ın dövlət borcunun rekord həddə, altı trilyon dollara yüksəlməsi fonunda narahatlıq dalğası müşahidə olunur. Bunun səbəbi keçmişdə yaşanan mənfi təcrübə ilə əlaqəlidir”.

“Bizim cəmiyyətdə 2015-ci ildə baş verənləri xatırlayırlar. Yeri gəlmişkən, o zaman devalvasiyadan əvvəlki vəziyyətə və dollar satışının səviyyəsinə yalnız peşəkar iqtisadçılar diqqət yetirirdi. Lakin hadisədən sonra insanlara izah olundu ki, manatın ucuzlaşmasına səbəb valyuta ehtiyatlarının əriməsidir - devalvasiya olmasaydı, bizim maliyyə təhlükəsizliyi yastığımızdan heç nə qalmayacaqdı”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert etiraf edir ki, kommersiya banklarının dollara tələbi həqiqətən də 10 il əvvəl, devalvasiyadan qabaq olduğu kimi artıb: “Mərkəzi Bankın yanvar-avqust aylarında keçirdiyi 62 valyuta hərracı zamanı 4 milyard 795,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Ötən ilin hesabat aylarında isə 2 milyard 296,1 milyon ABŞ dolları məbləğində satış olub. Ona görə də cəmiyyətdə narahatlıq başadüşüləndir. Amma indiki vəziyyətdəki fərq ölkənin əsas ixrac resursunun qiymətlərindədir. Yadda qalan 2015-ci ildə neftin beynəlxalq qiymətləri 18-20 dollara düşmüşdü. Və buna görə də azalan ixrac gəlirləri dollara tələbin artması nəticəsində ərimiş valyuta ehtiyatlarını doldura bilmədi. Ona görə də manatı ucuzlaşdırmaqdan başqa çarə qalmadı”.

“İndi, tələbin iki dəfə artmasına baxmayaraq, AMB-nin valyuta ehtiyatları hesabat dövründə artaraq 11 milyard 637 milyon dollar təşkil edib. Bu, o deməkdir ki, dollar satışının artmasına baxmayaraq, hökumət milli valyutanın məzənnəsini saxlamaq üçün maliyyə manevrinin genişliyini özündə saxlayır. 2015-ci ildəki vəziyyətdən fərqli olaraq, dünya bazarında neft və qazın qiymətinin sabitləşməsi və müəyyən dərəcədə qeyri-neft ixracı sayəsində hökumət bu imkanı özündə saxlayır. Axı, bildiyiniz kimi, idxal ixracdan daxil olan valyutanın xaricə axmasına gətirib çıxarır. Əgər bu balansda müsbət fərq qalsa, maliyyə çətinlikləri üçün heç bir əsas yoxdur”, - deyə Nəsirli vurğulayıb.

Xarici ticarətdə profisit və tədiyyə balansının müsbət olduğu bir şəraitdə, Azərbaycanın pul vahidinin sabitliyindən narahat olmağa əsas olmadığı fikrini iqtisadçı ekspert Pərviz Heydərov da bölüşür. Onun AYNA-ya dediyinə görə, manatın hazırkı sabitliyi beynəlxalq bazarlarda vəziyyətin və neftin qiymətinin respublikanın maliyyə vəziyyəti üçün əlverişli olduğunu göstərir.

“Bununla belə, neft hasilatının azalması, əsas ixrac bazarında qazın ucuzlaşması, neft və qaz ixracının azalması fonunda makroiqtisadi göstəricilər pisləşir. Uzunmüddətli perspektivdə manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil, çünki milli valyutanın mövqeyi neft və qaz mənfəətindən asılıdır”, - deyə mütəxəssis söyləyib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12,7% azalaraq 30 milyard 995,42 milyon dollar təşkil edib. Rəsmi statistika idxalın 14,5% - 12 milyard 763,88 milyon dollar qədər artdığı bir şəraitdə, ixracın 25,1% - 18 milyard 231,54 milyon dollar həcmində azaldığını göstərir. Hesabat ayları ərzində ölkənin xarici ticarətində müsbət saldo saxlanılsa da, bu müsbət fərq bu il 2,4 dəfə azalaraq 5 milyard 467,66 milyon dollar təşkil edib.

Müəllif: Emma Rzayeva
 
 
 
Ardını oxu...
Sentyabrın 30-da Bakıda ölkə mədəniyyətinin tarixinə yazılan növbəti
tədbir reallaşdı. Paytaxtın mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndəsi Aşıq Ələsgərin abidəsi açıldı. Abidənin açılış mərasimində
Prezident İlham Əliyev, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident
İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdı. 18 fevral 2021-ci il
tarixli Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi qərara
alınmışdı. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti
ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış,
xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər
xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının
200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu.
Növbəti Sərəncamda isə Aşıq Ələsgərin abidəsinin ucaldılması qeyd
edilmişdi. Sərəncamın icrası ilə bağlı Xalq Rəssamı Natiq Əliyevin müəllifi
və Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevin
memarı olduğu əzəmətli abidə hazırlanaraq Bakının mərkəzində ucaldıldı.
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki
çıxşında tədbiri çox yüksək qiymətləndirərək qeyd edib ki: “Bakının
mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq
Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir.”
Dövlətimizin başçısı çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın
qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək,
uzun ömür yaşadığını və ömrünün son illərində öz doğma torpaqlarını tərk
etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: "O vaxt onun 97 yaşı var
idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz
qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından -
Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra
da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə
birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma
torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət,
gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma
onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə
baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış
və bir neçə ildən sonra orada vəfat etmişdir".
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz
töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz
iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif
mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi,
nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları
ilə seçilir.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin
mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində
qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun
hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar
hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə
mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi
ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba
torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən
dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq
Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Tarixin dönəmlərəinə nəzər salan Azərbaycan Prezidenti xalqımızın
XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını - 1918-ci ildə birinci,
1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində
üçüncü deportasiyanın baş verdiyini bildirib: "İki deportasiyadan müəyyən
müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış,
yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq
əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi
azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə
əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar
unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi
azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar".

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
Sosial şəbəkələrdə insanlar tərəfindən tənqid olunan bu şəkildəki şəraitsiz sinif otağı Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbinin sinfidir. Məktəb şəhid milli qəhrəman Elnur Muradovun adının daşıyır.

TEREF yazır ki, məktəbin şagirdlərinin qış aylarında müasir qızdırılma sistemləri ilə deyil odun sobası ilə isinməsi və müəllimlərin, şagirdlərin sinif otağında palto ilə oturması, döşəmənin yararsız vəziyyətdə, tavan təhlükəli durumda olması da şəkildə diqqət çəkib. Bir sözlə keyfiyyətli tədris üçün bina dövrün tələblərinə cavab vermir. Bu da sosial şəbəkələrdə insanlar tərəfindən tənqid edilib.

Maraqlıdır ki neçə illərdir fəaliyyət göstərən bu məktəbdə indiyənə kimi heç bir əsaslı təmir işləri görülməyib. Şəkildə gördüyünüz kimi sinif otağı tamamilə təmirsiz və yararsız vəziyyətdədir. Heç istilik sistemidə yoxdur. Hətta Ulu Öndər Heydər Əliyevin şəkli belə yararsız vəziyyətdədir. Şübhəsiz ki, bu da məktəbdə şagirdlərə dərs keçməyə imkan vermir.
QEYD: Fotolardan göründüyü kimi məktəb qəzalı vəziyyətdədir və şagirdlər üçün burda təhsillərinin davamı təhlükəlidir!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti