Ukraynanın əsir götürdüyü çinli danışdı: - Rusiyaya turist kimi gəlmişdim
Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən çinli bildirib ki, ona Rusiya vətəndaşlığı vəd edildiyi üçün rus ordusuna qatılıb. O, Rusiyaya Çindən turist kimi gəldiyini söyləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Ukrainska Pravda” məlumat yayıb.

Onun sözlərinə görə, Çində bir vasitəçi sayəsində rus ordusuna qoşulub, bunun üçün ona 300 min rubl (7200 AZN) ödənilib. Rusiyaya gəldikdən sonra o, Ukraynanın işğal olunmuş Luqansk vilayətində Çin vətəndaşlarından ibarət qrupun tərkibində təlim keçib.

Çinlilər təlim zamanı tərcüməçisiz olublar, jestlərdən və mobil tərcüməçidən istifadə ediblər. Bundan əlavə, o, qrupun bəzi üzvlərinin Çində qanunla bağlı problemlərinin olduğunu bildirib.

Əsir götürülən çinlinin müharibəyə getməsinin əsas motivi hərbçi olmaq və Rusiya vətəndaşlığını almaq istəyi olub. Dediyinə görə, ailəsi onun Rusiyaya turist kimi getdiyini zənn edib.

Çinlilər dil maneəsi səbəbindən hücum əməliyyatları zamanı vəziyyəti yaxşı idarə edə bilməyiblər, buna görə qrup itki verib və təslim olmaq qərarına gəlib.

Məlumata görə, əsir götürülən şəxs hazırda istintaq tərəfindən dindirilir, şəxsiyyəti və vətəndaşlığı təsdiqlənib.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun sıralarında döyüşən iki Çin vətəndaşının Donetsk vilayətində əsir götürüldüyünü açıqlamışdı.

Dünyapress TV

Xəbər lenti