Qarabağ qazisinin telefonu 59 qəpik “qəbz borcu”na görə kəsilib
İstehlakçıların hüquqlarının dövlət, məhkəmə müdafiəsinə qadağa qoyulub
2022-ci ilin noyabrından Tarif Şurası stasionar telefon nömrələrinin abunə haqqını birdən - birə 40 faiz - 2.50 manatdan 3.50 manata qaldırdı! Nə sosial-iqtisadi əsaslandırma həyata keçirildi , nə də əhalinin sosial müdafiəsi, ağır durumda olması nəzərə alındı! (?) Hökumət elə “gecə yatıb, səhər durdu ki “, bəs telefon qiymətləri on illərdir “stasionar” durumda sabit qalıb, 40 faiz artırmaq gərəkir. Dillənən də olmadı, kim dillənəcəkdi ki? Dillənməli qurumlar özləri – İqtisadiyyat Nazirliyi (yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədr, müavin qismində Tarif Şurasında təmsil olunduğundan əhalinin hüquqlarının müdafiəsinə yox, birdən - birə 40 faiz qiymət artımına “dilləniblər” , bərəkallah! Yaxşı ki, mobil operatorlar var, yoxsa ölkədə “telefon üsyanı” baş verə bilərdi. Zarafat deyil, keyfiyyət bir yana , heç bir xidmət göstərilmədən abunə haqqı 2.50 manatdan 3.50 manata qaldırılıb! Onu da vurğulayaq ki, gerçəkdə 3.50 manat yox, 3.85 manat abunə haqqı inhisarçı hökmranlığı ilə zorla tutulur. Bu zorakı haqq tutumu, heç demə, zəngləri müəyyən etmək “xidməti” adına əlavədir . Keyfiyyətli xidmətə baxın, zəng edən nömrəni müəyyən etmək üçün əlavə ödəniş etməlisən! Amma buna da şükür, Tarif Şurasının “başına salsaydılar” , “qulağına pıçıldasaydılar” , bu “xidmət” haqqı”nı da artırardı. Heç demə, telefon xidmətinin tətbiq etdiyi “xidmət haqqı” abunə haqqı ilə yekunlaşmırmış…
Ayın əvvəlində (5644907 nömrəsinin) abunə haqqını yeni qiymətlərlə ödəyən 1-ci dərəcəli Qarabağ qazisinin telefonu 59 qəpik “qəbz borcu”na görə kəsilib! (?) Telefon xidmətinin “qaynar xətti” altıncı, bazar günləri “dincəldiyindən” telefonun kəsilməsinə cavab almayan abonentə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 1655 nömrəsindən bildirilib ki, telefonun 59 qəpik “qəbz borcu” var ! (?) Bəyəm qəpik – quruşa görə 1-ci dərəcəli əlili xidmətdən məhrum edərlər? Bir də telefonla zəng edib demək olmaz ki, 59 qəpik “qəbz borcu” var, ödənməsə, kəsiləcək, yaxud birtərəfli qaydada bağlanacaq? Yoxsa, bu xidmət(sizlik) də pulludur? Abonent haradan bilsin ki, abunə haqqından əlavə də “qəbz haqqı” ödəməlidir? Bir də bu “qəbz haqqı” nə deməkdir axı? Elektronika əsridir, qəbzə nə ehtiyac var, bir saniyə ödəniş gecikən kimi, telefonun, internetin kəsilməsi avtomatik “xidmət”lə həyata keçirilir!
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 195-4 qaynar telefon xidmətinə müraciət etməyə o qədər sənəd, “qəbz” tələb edildi ki, istehlakçı hüquqlarının 59 qəpiklik “qəbz borcu” adına kəsilməsinə cavab ala bilmədik. Məhkəməyə müraciət etmək hüququna isə qadağa qoyulub. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-cı il tarixli 1113 saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, öz hüquqlarını və qanuni mənafelərini qorumaq üçün səlahiyyətli dövlət orqanına və məhkəməyə müraciət etmək istehlakçının hüququ olsa da, 26 -cı maddəyə görə, məhkəmə təminatı hüququ rüsum ödəmədən həyata keçirilməli olsa da, səlahiyyətli dövlət orqanı istehlakçı hüquqlarının pozuntusuna hüquqi qiymət verilməsini təmin etmir, məhkəmə isə məhkəməyə müraciət etmək hüququna qadağa qoyub. Təsəvvür edin, Ağsu rayon məhkəməsi Ağsu Telefon Qovşağına qarşı Qarabağa qazisinin istehlakçı hüquqlarının müdafiəsi haqqında iddiasına 3 ildən çoxdur nəinki baxır , heç cavab belə vermir. Ombudsmana şikayətə cavab olaraq Ağsu məhkəməsinin “elektron məhkəmə” sisteminə qoşulmadığı bildirilib. İddia ərizəsi məktubla göndərilibsə, elektron xidmətlərin bura nə aidliyi var və eyni zamanda, niyə məhkəmə elektronika əsrində elektron qaydada müraciətləri qəbul etməsin? Elə bunun özü “elektron hökumət”in, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin istehlakçı və məhkəmə müdafiəsi hüququnu pozmasını ortaya qoyur. Ombudsman Aparatı isə insan hüquqlarının qorunması əvəzinə pozulmasını “elektron qayda ilə” izah edir .
Bəs Nizami məhkəməsinə nə gəlib ? Bu sətirlərin yazarının, abunə haqqını ödədiyi halda, Baktelekomun dələduzluqla “telefon danışığına avans” kimi qəbul edib, telefonu kəsməsinə, eyni nömrəyə görə iki dəfə çəkiliş haqqı almasına görə pozulmuş istehlakçı hüquqlarının müdafiəsi haqqlnda iddiasını Nizami məhkəməsinin hakimi Qumru Əliyeva geri qaytarıb ki, cavabdehin VÖEN -i göstərilməyib. Nöqsanı düzəldilib yenidən verilən iddiaya isə altı aydır heç bir cavab yoxdur. Eləcə də Həqiqət Əhmədova Beynəlxalq Bankın Nizami filialına qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında 2 iddia üzrə heç bir qərarını vermir. Bu məhkəmə instansiyası, deyəsən, gizli fəaliyyət göstərir, iddiaları elə gizlədir ki, nə Ombudsman, nə Məhkəmə Hüquq Şurası tapa bilir. Hələ bu məhkəmə Sabunçu məhkəməsinin yanında “toyagetməlidir”, Sabunçu məhkəməsinə “Azərişıq” ASC -nin 6 ildir verdiyi texniki şərti icra etməkdən imtinasından verilən iddiadan, ümumiyyətlə, soraq yoxdur.
Nə isə, istehlakçı hüquqlarının müdafiəsinə qadağa qoyulub. Elə ona görə də, kefləri istəyəndə qiyməti 40-50, 100 faiz qaldırırlar, 59 qəpiyə görə “qəbz borcu” adı ilə xidmətdən məhrum edirlər. Neyləyə bilərik, səlahiyyətli dövlət qurumu yox, məhkəmə yox, ombudsman yox! “Yox”un üzü isə qaradır!
Məğrur Bədəlsoy

 
 
 

Dünyapress TV

Xəbər lenti