Təhsil sistemimiz NİYƏ BATAQLIQDADIR... -
Emin Əmirullayev nazirlər arasında yeni Hacıbala Abutalıbov prototipidir. Anaxeber.info xatırladır ki, vaxtilə keçmiş Bakı merinin də hər çıxışı dillərdə dastana, müzakirələrə və məsxərəyə obyekti olardı. İndi elm və təhsil nazirimiz də hər çıxışında "gül" vurur, sonra məlum olur ki, birinci növbədə islahatlara özündən başlamalıdır. Əmirullayev təhsil naziri olduğu vaxtdan əmr vermir, sadəcə təhsil ekspert kimi başımıza məsləhət verən kəsilib, yalnız təkliflər irəli sürür. Di gəl, heç bilmirsən bu baş-ayaq reseptləri kimə söyləyir; əgər cəmiyyətə təklif edirsə, ictimai müzakirələr təşkil olunmalıdır, elm və təhsil adamlarına ünvanlanıbsa, onları nazirliyə dəvət edib fikirlərini öyrənmək lazımdır - yəni həm təhsil adamlarını, həm alimləri, ekspertləri, parlamentin təhsil komitəsinin üzvlərini, valideynləri və müəllimləri... Amma nazir Əmirullayev nə edir? - məktəblərdə pul yığılması ilə bağlı əndrəbadi təklif və fikirlər səsləndirir, bununla necə mübarizə aparıldığını heç özü də bilmədiyini qeyd edir, problemin həllini cəmiyyətin öhdəsinə buraxır. Heç belə nazir olar? Saakaşvili kimi, birmənalı və sərt tələb qoyursan, yumruğunu masaya vurub iradə ortaya qoyursan ki, hansı məktəbdə pul yığılsa, direktoru cəzalandırılsın. Yeri gəlmişkən, yeni tədris ili başlayıb, 5 oktyabr Müəllim Gününə az qalıb və indidən pul yığmaqla bağlı valideyn komitələri votsapda müzakirələrə başlayıb. Bu məsələnin bir tərəfi... və islahatçı təhsil naziri imici qazanmağa çalışan Əmirullayevin bu sahədə fəaliyyətsizliyinə bir "quş"! Nazir bu neçə il ərzində heç bir iş görməyib. Pul də yığılır, rüşvət də var, təhsilin keyfiyyəti də yerində sayır, məktəblər dərs keçmir, hətta o səviyyəyə enmişik ki, 190 bal toplayan da tələbə adını qazana bilir. Bu, məktəblərin son illərdə verdiyi təhsilin deqradasiyaya uğramasıdır. Anaxeber.info yazır ki, təhsil nazirinin rus sektorları ilə bağlı dedikləri də məntiqdən uzaqdır. Nazir deyir ki, rus sektorları üçün müəllim qıtlığı var, yəni uşaqlarınızı Azərbaycan sektoruna qoyun. Ancaq Əmirullayev düşünmür ki, bu problem dövlətin, nazirliyin işidir, valideynin günahı deyil. Əgər müəllim çatışmırsa, onda rus sektorlarını birdəfəlik ləğv edin. Yəni bu da nazirin növbəti "Dədə Qorqud" tövsiyələrindən biri... Bu da azmış kimi, ötənlərdə nazir dedi ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Hamı nazirin bu açıqlamasını müzakirəyə çıxardı. Amma sən saydığını say, gör... Məlum oldu ki, elm və təhsil naziri Qobu qəsəbəsində iki şagirdin ölümü ilə bağlı başsağlığında özü babat səhvlər buraxıb. Cəmi 4 cümləlik başsağlığında sizcə, nə qədər səhv ola bilər? Hörmətli dilçilərimiz bu 4 cümləni təhlil etsələr, orfoqrafik, morfoloji, sintaktik və üslub səhvlərinə rast gələ bilərlər. Deməli, təhsil naziri hələ 4 cümlədə bu qədər səhv buraxırsa, müəllimlərin "şaftalı" sözünü yanlış yazması təbii haldır. Buna görə naziri özü Azərbaycan dilini yaxşı öyrənməli, kursa getməlidir. Əmirullayev "səbir" yerinə "səbr" yazdığı halda müəllimlərə irad tutmaqla özünü növbəti dəfə çətin vəziyyətə salmış oldu. Axı elm və təhsil naziri nəhayət nə vaxt danışmaq əvəzinə real işlər görəcək? Təhsildə konkret dəyişikliklər dövrü nə zaman başlanacaq? Biz hələ də pul yığılmasından, dərsliklərin bərbad vəziyyətdə olmasından, direktorların pul yığmağı tələb edən audio yazılarının yayılmasından danışırıq, hələ də müəllim - direktor - valideyn komitəsi alver şəbəkəsi davam edir, Təhsil Nazirliyinin adı dəyişib Elm və Təhsil Nazirliyi olub, yenə də keyfiyyət, məzmun, məna dəyişməyibsə, nazir özü sözü düz yaza bilməyib müəllimləri səhv çıxarırsa, onda vay bu millətin gələcəyinin halına! Ümumiyyətlə, nazirin danışmaqdan, tədbirlərdən başı açılsa, təğyiri - libas olub məktəbləri ziyarət eləsin, universitetlərə baş çəksin, nazirliyə 50 valideyn toplayıb bütövlükdə bütün valideynlərin ümumi problemlərini onların dilindən eşitsin, yoxsa o tədbir sənin, bu tədbir mənimlə təhsil irəli getməz, cənab Əmirullayev...
Anaxeber.info
 

Dünyapress TV

Xəbər lenti