DİPLOMATİK KORPUSUMUZUN “AĞIR ARTİLLERİYALARI” – “Vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr”...
Azərbaycanın xaricdəki diplomatik korpusu öz “rəngarəngliyi” ilə seçilir. Burada “elit” ailələrin övladlarından, hansısa xidmətlərinə görə səfir rütbəsilə “mükafatlandırılanlar”dan tutmuş, “sürgünə göndərilənlər”ə, “vurulanlar”a, hətta “yaddan çıxmışlara” qədər kimlər yoxdur…

Elə səfirlərimiz var ki, hələ ötən əsrin 90-cı illərindən bir növ Azərbaycandan uzaqlaşdırılıblar və ötən dövr ərzində bir neçə ölkə dəyişiblər. Bu kateqoriyanın ən parlaq nümunəsi Tamerlan Qarayevdir. 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini postundan və təmsil olunduğu partiyadan istefa verən Qarayev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə göndərilib. 1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olub. 13 dekabr 2018-ci ildə geri çağırılaraq, Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu gün də həmin postdadır. Bu, üst-üstə 32 il(!) deməkdir…

Belə demək mümkünsə, “gedib-gələn”, yaxud iri məmur ikən “vurulan” səfirlərimiz də az deyil. Məsələn, 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri vəzifəsində çalışmış Ramiz Həsənov geri çağırılaraq, 14 dekabr 2005-ci ildə yüksək vəzifəyə - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdu. Bu, təbii ki, ciddi karyera sıçrayışı idi. Beləliklə də, Həsənov 2018-ci ilə qədər Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. 15 may 2018-ci ildə isə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənov 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilərək, elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Əlbəttə ki, bunu qətiyyən onun əvvəlki vəzifələri ilə müqayisədə “yüksəlmə” hesab etmək olmazdı…

Yaxud, Məhərrəm Əliyev. O, hazırkı səfirlər arasında daha əvvəl məmur kimi ən yüksək postlar tutmuş, nüfuz sahibi olmuş şəxslərdən biri, bəlkə də birincisidir. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək 14 il(!) Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş M.Əliyev 2007-ci ildə gözlənilmədən Tacikistana səfir göndərilib və 2011-ci ilə qədər orada çalışıb. Lakin Prezidentin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib və Bakıya qayıdaraq, 2012–2017-ci illərdə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. 5 iyun 2017-ci ildə Ədliyyə nazirinin müavini təyin edilib. 2019-cu ilin noyabrında vəzifəsi daha da yüksəldilərək, Prezidentin hərbi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Lakin 9 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb və Dövlət başçısının digər Sərəncamı ilə Belarusa səfir göndərilib.

Yeri gəlmişkən, M.Əliyevin Belarusdakı sələflərindən biri 2016-cı ildən 2021-ci ilə qədər bu ölkədə səfirimiz olmuş Lətif Qəndilovdur. Yaşı 70-ə yaxınlaşan və uzun illər ayrı-ayrı ölkələrdə çalışımış səfirlərdən biri olan L.Qəndilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru olmuş Seyfəddin Qəndilovun oğludur və hazırda ölkəmizin Qırğızıstandakı səfiridir.

Elə həmin Qırğızıstanla sərhəd Özbəkistandakı səfirimiz Hüseyn Quliyev isə ən qocaman səfir sayıla bilər. Yaşı 80-ə çatan Quliyev 13 ildir ki, bu postu tutur…

Əlbəttə ki, səfirliklərimiz belə demək olarsa, elitaya aid ailələrin övladları ilə də “zəngindir”. Buna misal olaraq, sabiq millət vəkili və ADU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovu göstərmək olar. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri olub, 2021-ci idən Estoniyada səfirdir. Mətbuatda bu səfirin İspaniyada şərab biznesilə məşğul olduğu, bu biznesdə iştirak edən atası Abel Məhərrəmovun isə həmin ölkəyə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində içkili vəziyyətdə qalmaqal yaratdığı barədə məlumatlar yayılmışdı. Hətta məhz həmin hadisənin Abel Məhərrəmovun karyerasına son qoyduğu iddia edilirdi…

Yaxud bir müddət əvvəl Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin vəzifəsindən azad olunması barədə xəbərlər yayıldı. İddialara görə, Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov ikinci katib Qafqaz Aslansoyla birlikdə Rəhman Şahhüseynlini döyüblər. XİN də bu məlumatlı dolayısı ilə təsdiqləyərək, döyüldüyü iddia edilən birinci katibi günahkar çıxardı…

Hazırda dünyada elə ölkələr var ki, ayrı-ayrı səfirləri həmin ölkənin XİN başçısından daha nüfuzlu və tanınandır. Azərbaycana gəlincə, bizdə də belə “nümunə” olub, amma təəssüf ki, daha çox neqativ rakursda. Belə ki, Rusiyada Polad Bülbüloğlunu məlum səbəblərdən bizim XİN başçılarından daha çox tanıyıblar. Rusiyadakı həmvətənlərimiz isə daim səfirliyimizin işindən narazılıq bildiriblər. Əvəzində, P.Bülbüloğlu daha çox Kremlin adından Rusiyadakı azərbaycanlılara “Rusiyanın çörəyini yeyirsiniz” deyərək, minnət qoyması və Putinin qarşısında “Podmoskovnıye veçera” oxuması ilə yadda qalıb…

Bütün bunlar onu göstərir ki, xarici diplomatik korpusumuz idealdan çox-çox uzaqdır, əksər səfirlərimiz şəxsi işlərilə, bizneslərilə məşğuldurlar, bir çox səfirliklərimizdəki mühit sağlam deyil və sair.

Əlbəttə ki, fəallığı və peşəkarlığı ilə seçilən Fransadakı səfirimiz Leyla Abdullayeva, 2021-ci ilə qədər ABŞ-də, indi isə İngiltərədə səfirimiz olan Elin Süleymanov, yaxud mətbuatla işləməyi bacaran Rumıniyadakı səfir Qüdsi Osmanov və digərləri kimi səfirlər də var. Lakin ümumi heyətdə belələrinin sayı çox deyil…

“Dünya əvvəlki kimi olmayacaq” ifadəsi getdikcə daha çox aktuallaşır və reallıqda öz təsdiqini tapır. Bu tektonik dəyişikliklər fonunda əlbəttə ki, Azərbaycanın xarici siyasətində heç də sonuncu vintciklər olmayan səfirliklərimiz, xarici diplomatik koprpusumuz da zamanın çağırışlarına uyğunlaşdırılmalıdır. Bu sahədə təcrübə ilə müasirliyin vəhdətini təşkil edə bilən peşəkar diplomatlara, daha çevik diplomatik korpusa ehtiyac var və burada, əlbəttə ki, təkcə yeni səfir təyinatları ilə iş bitmir.

Ümumilikdə diplomatik korpusun “vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr” və digər zümrələrdən formalaşması prinsipinə yenidən baxılmalı, sistemli dəyişikliklər edilməli, onun fəaliyyət sahəsinin, imkanlarının genişlənməsinə önəm verilməlidir. Zaman tələb edir ki, xarici diplomatik korpusumuzun “ağır artilleriyası” sabiq iri məmurlar, elitadakı imkanlı ailələrin özünə dinc və rahat həyat axtaran nümayəndələri yox, müasir dünyagörüşlü, peşəkar və savadlı diplomatlar olsun…

Cəlal Məmmədov

“AzPolitika.info”

Bölmənin digər xəbərləri

13 Aprel 2025 "Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahisi
13 Aprel 2025 Gündəmi zəbt edən qəzadakı taksi sürücüsünə yeni maşın hədiyyə ediləcək
13 Aprel 2025 Biznesmen Balayar Ağamalıyev İNTİHAR ETDİ
13 Aprel 2025 Azərbaycanda video operator faciəvi şəkildə öldü - FOTO
13 Aprel 2025 Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
12 Aprel 2025 Türkiyədə yaşayan jurnalist Bakıdakı evinin əlindən alınması problemi ilə üzləşib
12 Aprel 2025 Bakı-Tbilisi qatarı ilə sərnişin daşımalarının bərpası təxirə salınıb
12 Aprel 2025  “Tikinti şirkəti söz verir, amma heç bir iş görülmür” - NARAZILIQ VAR...
12 Aprel 2025 Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq
12 Aprel 2025 Sürücünün oğlu hər şeyi açıqladı: “Bolt” yalan danışır”
11 Aprel 2025 Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi – Mənimsənildi
11 Aprel 2025 Səlahiyyət müddəti başa çatır: Ona yenidən etimad göstəriləcəkmi? - AKTUAL
11 Aprel 2025 Tibbi qurumların müəmmalı QAYDASI - Ölüm şəhadətnaməsi niyə GECİKDİRİLİR?
10 Aprel 2025 Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
10 Aprel 2025  Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...
10 Aprel 2025 “Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” - BU NƏDİ BELƏ?..
09 Aprel 2025 “ƏDV-ni geri al”da GERİ ALMAQ PROBLEMİ... - NƏ ETMƏLİ?
09 Aprel 2025 Sosial Xidmətlər Agentliyində nə baş verir: - Qapını sındırmaq istəyənlərlə bağlı TƏFƏRRÜAT
09 Aprel 2025  Heydərovların “London macərası” başa çatdı - DETALLAR
08 Aprel 2025 Bakıda velosiped yolu NƏYƏ LAZIMDIR? İşi bilmirsiz, İSTEFA VERİN! -Tural Abbaslı kimlərə OD PÜSKÜRDÜ? - VİDEO

Dünyapress TV

Xəbər lenti