OĞLU ÖLDÜRÜLƏN ATANIN FƏRYADI -
Ucar rayonu, Yuxarı Şilyan kənd sakini Xələfov Məhəmməd Molla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi polisdən və məhkəmənin qərarından narazıdır:

“Mən, Xələfov Məhəmməd Molla oğlu, yazaraq bildirirəm ki, mənim dərdim mal-mülk deyil, övlad dərdidir.

39 yaşlı oğlumu evimin yaxınlığında maşınla vurub öldürüblər. Bu günə kimi nə mərhum oğlumun, nə də özümün hüquqlarımı bərpa edə bilməmişəm.

Qeyd edim ki, oğlum ölən gündən bizə qarşı çirkin oyunlar oynayırlar. Əziyyətini isə 67 yaşlı ata-ana çəkir.

Belə ki, 29.08.2022-ci ildə öz ad gününü qeyd edən 1990-cı il təvəllüdlü Qasımov Fuad Bəkir oğlu sürücülük vəsiqəsi olmadan, sərxoş şəkildə idarə etdiyi maşınla kənddən rayon istiqamətində hərəkətdə olarkən, öz hərəkət zolağından çıxaraq, evimin yaxınlığında qarpız alaraq geri dönən 1984-cü il təvəllüdlü oğlum Xələfov Vüsal Məhəmməd oğlunu vuraraq, hadisə yerindən qaçmışdır.

Hadisədən xəbərdar olaraq, oğlumu özümüz xəstəxanaya aparmışıq. Həkimlərin səyləri nəticəsiz qaldı və oğlum orada dünyasını dəyişdi.

Törədilən cinayət barədə Ucar rayonu Polis Şöbəsində ibtidai istintaq işi başlanmışdır. Bundan əvvəl etdiyim müraciətlər əsasında Respublika Prokurorluğu toplanmış materiallar və aftoekspertiza rəyinə əsaslanaraq, müvafiq maddələr qoyub, işi baxılması üçün Şəki Şəhər Ağır Cinayətlər məhkəməsinə göndərmişdir.

25.01.2023-cu il tarixində hakim Bilal Məmmədovun sədrliyi ilə birinci məhkəmə iclası keçirilmişdir. Elə həmin gündən sonra keçirilən bütün məhkəmə iclasları vəkil Əliyev Emil Namik oğlununun diqtəsi və təqsirləndirilən şəxs Qasımov Fuadın, eləcə də onun anasının arzu-istəkləri ilə müxtəlif bəhanələrlə 1il süründürülmüş və sona çatmışdır.

14.08.2023-cü il tarixində məhkəmə qarşı tərəfin təkidi ilə hadisə yerinə baxış keçirdi. Bu prosesdə də ciddi nöqsanlara yol verilmişdir. Biz zərərçəkən tərəf olaraq, prosesdə iştirak etmədik. Yəni bizim fikilərimiz nəzərə alınmadan, təqsirləndirilən şəxsin göstərdiyi yalanlar ilə təkrar aftoekspertiza video-çəkilişi aparıldı.

Zərərçəkən tərəf olaraq, bizi bir il müddətində Şəki şəhəri ilə Ucar rayonu arasındakı 150 km yolu 16 dəfə gedib-gəlsək də, məhkəmə qarşı tərəfin "nazıyla oynadı". Bizə məhkəmədə söz deməyə imkan vermədilər.

23.01.2024-cü il tarixində keçirilmiş sonuncu məhkəmə iclasında törənən cinayət öz təsdiqini tapdığı halda və dövlət ittihamçısı Tofik Mirzəyev təqsirləndirilən şəxsə 9 il 6 ay iş istədiyi halda prosesə sədrlik edən hakim Bilal Məmmədov müşavirədən qayıdıb, məhkuma 6 il cəza verdi.

Sonradan xəbər tutdum ki, iş kəsildikdən sonra müttəhimi islah olunmaq üçün təcridxanaya deyil, müalicə mərkəzinə aparıblar. Həm övlad itirmişəm, həm də hakim tərəfindən belə bir qanunsuzluğa rast gəlmişəm.

Bütün bunlara səbəb, qarşı tərəfin imkanlı, vəzifəli qohum-əqrabasının olmasıdır.

Oğlum yeni öldürülən vaxtları müttəhimin anası həyat yoldaşıma demişdi ki, "gəl barışaq". Biz razı olmadıqda demişdi ki, barışsan da özün bilərsən, barışmasan da, pulumu verib oğlumu qurtaracam, mənim oğlum türmədə yatmayacaq”.

Gedişatla bəlli oldu ki, belə adamların pulu varsa məhkəmə də, qanun da onlardır. Sənin oğlun ölüb, evin dağılıb, heç kəsin vecinə deyil.

Qərardan sonra Şəki şəhər Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm. Qarşı tərəfin Xəyal İbrahimovun da adından apellyasiya şikayəti vermişəm. Demək olar ki, Apellyasiya Məhkəməsi də Ağır Cinayətlər Məhkəməsində keçirilən qeyri-obyektiv və qarşı tərəfin xeyrinə yekunlaşan qərəzli iclasların davamıdır. Prosesə sədrlik edən hakim Xəqani Səmədov iki dəfə məhkəmə iclası keçirsə də, qarşı tərəfdən heç məhkəməyə dəvət olunan olmayıb. İkinci məhkəmə iclasında hakim mənə bildirdi ki, "müttəhimi müalicə mərkəzindən onlayın qoşacam". Elə də etdi. Əsas bu işləri qurub-qoşan, məhkəmə iclaslarında mərhum oglumun ruhun təhqir etməkdən belə çəkinməyən, məhkəmədə vəkillik fəaliyyəti ilə məşğul olan Əliyev Emil Namik ogludur.
O, keçirilən ikinci iclasda gəlib ki, mən müttəhimin hüquqların müdafiə edirəm, müttəhimə bəraət istəyirəm. Hansı ki, Agır Cinayətlər Məhkəməsinə proseslər gedəndə müttəhim yazılı ərizə ilə rəsmi etiraz etmiş, onun müdafiəsini rədd etmişdi.

Oğlumun ölüm işi hələ ibtidai istintaqda olandan haray çəkirəm ki, cinayət işi Ucar rayonunun istintaqçıları işə qarışmadan, başqa rayonlardan birində baxılmaqla, ibtidai istintaqa qaytarılsın. Harayımı eşidən yoxdur".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1717701651_1.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti