Cənub bölgəsinin əsas biznes mərkəzlərindən biri sayılan Masallı rayonunda 2023-cü ilin əvvəlindən indiyədək dövlət satınalmaları portalı vasitəsilə 4 434 802 AZN dəyərində 35 ədəd tender keçirilib.
Dia-az.info xəbər verir ki, sayca tenderləri ən çox udan şirkətlər "Viktory Construction Group" MMC, "Dirçəliş 14" MMC, "KRB Projects" MMC, "Vest Supply" MMC və “Aztelekom” MMC olub.
Qeyd olunan şirkətlərdən "Dirçəliş 14" MMC, "KRB Projects" MMC və "Vest Supply" MMC hərəyə 3 tenderin qalibi olub, yerdə qalan şirkətlər isə 2 tenderin qalibi seçilib.
Tenderlərin məbləğinə nəzər salsaq Masallıda dövlət qurumlarından ən böyük məbləğdə sifariş alan şirkət "Viktory Construction Group" MMC olub, qalib şirkət tenderlərdən 1 965 794 AZN qazanıb.
Qeyd edək ki, “Viktory Construction Group” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Bədəlov Bayram oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Çaykovski, ev 2, m. 21 ünvanında yerləşir.
Daha bir şirkət milyon manatdan yuxarı sifariş almağa müvəffəq olub - "Dirçəliş 14" MMC. Sözügedən şirkət 1 648 639 AZN dəyərində 3 tender udub.
Qeyd edək ki, “Dirçəliş 14” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elçin Vəliyev Məhəmməd oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli , ev 42 C ünvanında yerləşir.
Tenderlərdə yerdə qalan şirkətlərin udduğu məbləğlər milyon manatdan aşağıdır.
Rayonun müvafiq dövlət qurumlarının keçirdiyi tenderlərdə şirkətlərlə yanaşı fiziki şəxslərdə qalib ola biliblər. Belə ki, ən çox tender udan fiziki şəxslər İsabəyli Pünhan Abdul oğlu və Nədirov Cəmil Əlizadə oğlu olub. Adı çəkilən fiziki şəxslərin hər biri ayrı-ayrılıqda 2 tenderin qalibi olub.