Zirədə niyə zibil konteyneri yoxdur? (VİDEO)
Zirə qəsəbəsinin sakinləri zibil problemindən əziyyət çəkir.

Sakinlər Qaynarinfo-ya bildirib ki, qəsəbədə zibil konteymerləri olmadığına görə küçələr zibilxananı xatırladır.

"Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşəklə, "Muravey" motoskleti ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın ərazidən uzaqlaşdırsın", deyə sakinlər bildirib.

Onların sözlərinə görə, dəfələrlər Zirə qəsəbəsinin bələdiyyəsinə, həmçinin icra nümayəndəliyinə müraciət eiblər. Lakin heç bir nəticə yoxdur.

"Deyirik ki, gətirin konteyner qoyun. Camaat zibili hara atsın, küçəyə atsın? Axı belə biabırçılıq olmaz. Hər dəfə vəd verirlər, amma əməl etmirlər. Artıq bir müddətdir ki, bu problem var. Özü də qəsəbədə hansısa məhəllənin deyil, bütövlükdə qəsəbənin problemidir. Yəni, qəsəbənin demək olar ki, hər yerində bu hal hökm sürürür", deyə sakinlər əlavə edib.

Onlar artıq Xəzər Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini bildirib. "Ümid edirik ki, tezliklə problem həllini tapar” deyən sakinlər ərazidən çəkilmiş foto və videoları da redaksiyamıza təqdim ediblər.

Məlumat üçün deyək ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Zirə qəsəbəsi üzrə icra nümayəndəsi Rasim Hüseynov, Zirə bələdiyyəsinin sədri isə Anar Hüseynlidir.


 
 
 

Dünyapress TV

Xəbər lenti