“Hüquq mühafizə orqanları cinayətin qarşısını almaqdansa, cinayətə yol açırlar” - ŞİKAYƏT
“Hüquq mühafizə orqanları cinayətin qarşısını almaqdansa, cinayətə yol açırlar” - ŞİKAYƏT
Gəncə şəhəri, D.Bünyadzadə küçəsi 106 ünvanında yaşayan Hüseynova Esmira Əli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edir:

“Hörmətli cənablar!

Bildirirəm ki, 07.07.2013-cü il tarixdə qardaşım Hüseynov İsmayıl həyat yoldaşı Hüseynova Nahidə ilə birgə əşyalarını bizim həyətə yığdılar. Atamın razılığı olmadan, həyətdə olan 1 otağımızı uçurub, yerində barı hördülər. Bununla da hər gün evdə söz-söhbət başladı. Üstəlik, qardaşım Nahidəni dəfələrlə bəzi adamlarla tutub, gətirib evdə döyürdü. Atam da belə şeyləri qəbul etmir, onların evdən getmələrini tələb edirdi. Bu zaman isə İsmayıl atama qarşı sərt rəftar edir, onu söyürdü. Həmçinin, Nahidə də əxlaqsız hərəkətlər, söyüş söyür, atamı vururdu.

Atam bütün bunlarla bağlı məhkəməyə müraciət etdi. 07.03.2016-cı ildə məhkəmə onların fərdi yaşayış evindən çıxarılması haqda qərar verdi. İsmayıl qərardan apellyasiya şikayəti verdi. 13.01.2016-cı il tarixdə hakim İsfəndiyar Şəfiyev onlara yaşamaq hüququ verdi.

Məhkəmə qərarı əvvəlcədən hazırlanmışdı. Şahidlərin hamısı onların yaxınları idi. Bizim şahidlər isə dindirilmədi.

Atam İsmayılın evdən çıxarılması ilə əlaqədar Ali Məhkəməyə şikayət verdi. 28.12.2016-cı il tarixdə məhkəməyə gedəndə İsmayıl dedi ki, xərc çəkib getməyin, onsuz da mənim xeyrimə qərar veriləcək. Elə də oldu, hakim Ələsgər Əliyev atamın iddiasını rədd etdi. Məhkəmədən bir həftə qabaq İsmayıl Bakıya hakimi görmək üçün getmişdi, gələndən deyirdi işi həll etdim.

Hakimlərin haqsızlığı ucbatından əziyyət çəkən atam yenidən məhkəməyə “Ləyaqətsiz vərəsə” iddia ərizəsi verdi. 03.08.2016-cı ildə hakim Mahir Niftəliyev iddianı rədd etdi. Bundan sonra atam Apellyasiya şikayəti verdi. Hakim Fikrət Mehdiyev 16.12.2016-cı il, saat 15:00-da məhkəmə baxışı olmalı idi. Gözlədik, hakim gəlmədi. 18:15-də hakimin köməkçisi zəng vurdu ki, məhkəməyə gəlin. Yenidən məhkəmə getdik və zalının qapısının ağzındaca iddiamızın rədd edilməsi haqda qərar verildi. Qərarı bizə vermədilər ki, vaxt keçsin, Ali Məhkəməyə müraciət edə bilməyək.

Nəhayət, Ali Məhkəməyə müraciət etdik. Aylar keçdi, məhkəmədən xəbər çıxmadı. Sonradan məlum oldu ki, hakim Vafəddin İbayev iddiaçının xəbəri olmadan qərar verib.

28.01.2017-ci ildə atam rəhmətə getdi. Həmin gün Nahidə atamı yenə döymüşdü. Ortaya vərəsəlik söhbəti çıxanda, əsəbləşdilər və mənim üstümə hücum çəkdilər ki, səni də atanın arxasınca göndərəcəyik.

İsmayıl evə Əmlak Komitəsindan nümayəndə gətirdi ki, özü üçün sənəd çıxarsın. Mən razılıq vermədim ki, notarius pay ayırıb və möhürü ilə təsdiq edib. Bu zaman İsmayıl təhqiqatçıya zəng vurdu ki, dünən rəisinizin yanında söbət etdik, indi ölçü götürülməsinə mane olur. Biraz keçmişdi ki, polis gəldi, mənə təzyiq göstərmək istədi. Mən, “DİN-ə zəng vuracam, polis rəisi nə vaxtdan ev bölür?”, - dedim.

Atam mənə vaxtilə vərəsəlik vermişdi. Qardaş və bacım da öz paylarını mənə vermişdilər, 7/8 pay mənə, 1 pay da qardaşım İsmayıla ayrılmışdı. Evə ekspert gətirdilər. 24.07.2018-ci il tarixdə məhkəmə oldu və ekspertin “ev bölünmür” rəyi təsdiq olundu. 06.09.2018-ci il tarixində mənim xəbərim olmadan Nahidə evə qeydiyyata düşüb.

Evdə hər gün dava düşürdü, elə gün olurdu ki, 2 dəfə polis gəlirdi. Nahidə sayğacdan qazı kəsir, sonra açırdı ki, nəticədə 6 nəfər evdə zəhərlənə bilərdi. Bir sözlə, yaşamağa imkan vermirdilər. Evin pəncərələrini daşla qırırlardılar. Dəfələrlə başımdan xəsarətlər almışam. 10 ildən artıqdır ki, hər gün polisə şikayət edrik.

Yaşamaq mümkün olmadığından, İsmayıla kompensasiya verib ayırmaq məqsədilə məhkəməyə iddia ərizəsi verdim. 13.03.2020-il tarixdə məhkəmə oldu. Hakim Zaur Hümbətov evə baxış keçirdi və gedəndən 20 dəqiqəq sonra keçmiş köməkçisi Ayaz zəng vurdu ki, məhkəməyə gəl. Məhkəmə başlayana kimi Ayaz İsmayıl və Nahidəni zala saldı, mənə dedi ki, gözlə. Nəhayət, hakim iddiamı rədd etdi, İsmayıl ilə birlikdə yaşamaq hüququ verdi.

Məhkəmədən sonra Ayaz İsmayılla birgə zaldan çıxdı. Belə hərəkətlər məhkəməyə müdaxiləni təsdiq edir. Mən şikayət edəcəyimi deyəndə Ayaz mənə bildiridi ki, səndən Prokurorluğa şikayət edib, cəza verdirərəm.

03.06.2021-ci il tarixdə apellyasiya şikayəti verdim. Hakim Rəşad Məmmədov dedi ki, ev hərraca çıxarılmalı, pulu bölünməlidir, çünki yola getmirsiniz.

01.03.2024-cü il tarixdə “evə köçrülmə və yerin təyini” haqda Apellyasiya Məhkəməsi oldu. Hakim Fikrət Mehdiyevdən etiraz etdim, buna baxmayaraq məhkəmə davam etdi.

Apellyasiya Məhkəməsindən sonra həyət qapısının ağzında Nahidə taxta ilə üstümə hücum çəkdi. Evə qaçdım, İsmayıl və Nahidə evə girərək məni döydülər. İsmayıl əlindəki biçaqla başımdan xəsarət yetirdi, “çıx evdən, məhkəmə məni evə köçürüb, çıxmasan atanın arxasınca səni də göndərəcəm”, - dedi. Polis gəldi, evdə divarda qan izləri var idi.Lakin polis cinayət işi yoxdur deyib getdi. Gərək mən ölüm, sora cinayət olsun?!

Mən evin hərraca çıxarılması ilə bağlı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi verdim. Lakin bu dəfə də qəbul edilmədi. Başa düşə bilmirəm, mənə 7/8 pay düşməsinə baxmayaraq, nə payımdan istifadə edə, nə də evi sata bilmirəm. Belə vərəsəlik qanununu kimə lazımdı?! Huquq mühafizə orqanları da hər şeyi bilir, nəyinsə xətrinə susur, göz yumurlar. Yəqin cinayət olacağını gözləyirlər.

Başda hakimlər olmaqla, hüquq mühafizə orqanlarının qanunsuzluğa imza atmaları məni artıq usandırıb. Bu qurumlar cinayətin qarşısını almaqdansa, cinayətə yol açırlar”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adlarıq qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti