Sabiq səfir Elmira Axundovanın vaxtilə Prezident Adminisitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yazdığı gizli məktubun mətbuata sızması geniş müzakirələrə səbəb olub.
Hamını maraqlandıran əsas suallar isə bunlardır: Bu, necə baş verib? Məktubun ictimailəşdirilməsində məqsəd nədir? Əlbəttə, bu suallara dəqiq cavabı yəqin ki, prosesin iştirakçıları verə bilər. Biz sadəcə, ehtimallar üzərində dayana bilərik. Birincisi, hiss olunur ki, hansısa dairələr PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin unudulmasına istəmir. Əlbəttə, bu heç də ona simpatiyadan irəli gəlmir. Əksinə, məqsəd hakimiyyətdə olduğu illərdə Ramiz Mehdiyevin necə deyərlər, qara-qura işlərlə məşğul olduğunu, müəyyən deputatları himayə etdiyini, biznes mübahisələrində "ağsaqqal" rolu oynadığını diqqət mərkəzinə gətirmək, onun mənfi obrazının unudulmamasına çalışmaqdır. Başqa sözlə, "Rusiyanın adamı" kimi tanınan Ramiz Mehdiyevin özünü komfortda hiss etməməsi üçün vaxtaşırı bu tip fakt və kompromatlar mediaya sızdırılır və bu, normaldır. Gizli məktubun üzə çıxmasının ikinci səbəbi isə birincidən heç də az önəmli deyil - Məqsəd Elmira Axundovanı hədəfə gətirməkdir. Fikir verirsinizsə, son illər onun karyerası enən xətt üzrə "irəliləyir". Deputat kimi yaddaqalan fəaliyyəti olmayan, tez-tez Azərbaycan dilini yaxşı bilmədiyi başına qaxınc edilən Elmira Axundovanın səfir kimi fəaliyyəti də çox uğursuz oldu. Bu, xüsusən də özünü Ukraynada müharibə başlayarkən azərbaycanlıların evakuasiyası məsələsində göstərdi. Məhz elə bu istiqamətdə tamamilə yarıtmaz fəaliyyəti onun səfir kimi geri çağırılmasında həlledici rol oynadı. Amma Ramiz Mehdiyevin komandasının üzvü kimi unudulmaqda olan Elmira Axundovanın yenidən gündəmə gətiriılməsi yalnız siyasi səbəblə - onun yenidən deputat olmaq istəyinin üzərindən xətt çəkməklə bağlı deyil. Bu, həm də hələ də bitməyən bir biznes məsələsi - hələ çürüdülməmiş haqq-hesab, dələduzluq olayı ilə bağlıdır.
Xatırlayırsınızsa, 2018-ci ildən etibarən Elmira Axundovanın adı səs-küylü bir dələduzluq olayında hallanmağa başladı. O zaman mətbuatda gedən yazılarda qeyd olunurdu ki, Elmira Axundova ətrafındakı imkanlı adamlardan oğlunun biznesinə dəstək verməyi, birlikdə pul qazanmağı xahiş edib. Məhz bu xahişdən sonra sabiq səfirin oğlu Həbib Axundov və Elnur İbrahimovun xaricdən katric gətirib satmaq adı ilə xeyli adamdan pul aldıqları (ümumilikdə 1 milyon manatdan çox) və onları aldatdıqlarına dair xəbərlər yayıldı. Daha sonra Rusiyaya qaçan Elnur İbrahimov həbs edilib ölkəyə gətirildi və uzun müddət davam edən məhkəmə prosesindən sonra 9 il müddətinə həbs edildi. Həmin iş üzrə Həbib Axundov da zərərçəkmiş şəxs qismində tanınmışdı. Ancaq buna baxmayaraq, digər zərərçəkənlər, xüsusən də Fərman Məmmədov dələduzluq faktına görə deputat və onun oğlunu da ittiham edirdilər. Fərman Məmmədovun iddiasına görə, onun Elnur İbrahimova verdiyi pulların geri qaytarılmasına məhz Həbib Axundov zamin durub. Hətta mətbautda Elmira Axundovanın dələduzluqla üzləşən və 450 mindən çox ziyana düşən Fərman Məmmədova əvvəlcə 200 min, daha sonra isə 40 min pul qaytardığı haqda xəbərlər gedib. Ancaq buna baxmayaraq, məhkəmə zərərçəkənlərin dələduzluqda ittiham etdikləri Həbib Axundovla bağlı heç bir cəza tədbiri görməyib. Məhkəmə prosesində Fərman Məmmədovun vəkili olan Fuad Ağayev Bakupost.az -a açıqlamasında yekunda bir nəfərin - Elnur İbrahimovun məsuliyyətə cəlb olunduğunu bildirib. "Necə düşünürsünüz, müdafiə etdiyiniz şəxsin dələduzluqla üzləşməsində Həbib Axundovun təqsiri vardımı? O, məsuliyyətə cəlb olunmalı idimi" suallarına isə vəkil belə cavab verib:
"Mən artıq o işdə heç kimi təmsil etmirəm. Bu suala cavab vermək vəkil etikasından kənar olardı. Bu suallara Fərman Məmmədov özü cavab verə bilər". Fərman Məmmədov isə mətbuata açıqlamasında məsələ ilə bağlı bunları deyib: "Elmira Axundova evində elan etmişdi ki, oğlu Həbib Axundov biznes qurub, ölkəyə xaricdən katric və dəftərxana ləvazimatı gətirib dövlət orqanlarına satacaq. Bizi də oğlunun biznesinə pul qoymağa çağırıb. O zaman Elmira Axundovanın evində məndən başqa xeyli adam olub. Şəxsən mən deputat olan Elmira Axundovaya inanmışdım, oğlu Həbib Axundova biznesə qoymaq üçün külli miqdarda pul vermişdim. Həmin vaxt Həbib Axundov Gömrük Komitəsində işləyirdi. Yəni həm Elmira Axundovaya, həm də Həbib Axundova inanmamağım üçün əsasım yox idi. Aramızda həm Həbib Axundovla, həm də Elmira Axundova ilə bu məsələylə bağlı kifayət qədər danışıqlar olub, dediklərimi təsdiq edən sübutlar var. Hansıları ki, mən istintaqa, məhkəmələrə də təqdim etmişəm. Çox təəssüf olsun ki, bu günə qədər də həmin sübutlara hüquqi qiymət verilməyib. Səs yazıları var. Orada açıq şəkildə pulumu qaytarmaq üçün Elmira Axundovanın özü də, oğlu da məndən vaxt istəyirlər. Mən də bir insan kimi onlara pullarımı qaytarmaları üçün vaxt verirəm. Eyni zamanda öyrənirəm ki, lap əvvəldən heç bir biznes olmayıb". Beləliklə, Fərman Məmmədov aldadılıb və ortada heç bir biznesin olmadığı, sadəcə "piramida" qurulduğu, əldə olunan pulların Həbib Axundovun "Favorit" marketinə qoyulduğu üzə çıxıb. Hər halda Fərman Məmmədov belə iddia edir. O, mülki iddiasının yalnız Elnur İbrahimova qarşı təmin olunduğunu, lakin məhkəmə qərarına rəğmən, bu günə qədər ona 1 qəpik də pul qaytarılmadığını bildirib. Beləliklə, aydın olur ki, Elnur İbrahimov Fərman Məmmədovdan aldığı pulları qaytarmadığı üçün borc məsələsi yenidən gündəmə gətirilib. Görünür, o, qalan məbləği sabiq səfirdən almaq niyyətindədir. Hər halda Fərman Məmmədovun son açıqlamasındna belə anlaşılır: "Cinayət varsa, cəza da var. Əminəm ki, biz zərərçəkənlərə qarşı törədilən cinayət gec-tez araşdırılacaq, hər kəsin əməlinə hüquqi qiymət veriləcək".