AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər
AFFA-da yeni prezidentin seçilməsindən, futbol təsərrüfatına yeni komandanın gəlişindən bir ay keçdi. 30 gün. 30 gün necə keçdi, heç xəbərimiz də olmadı. 30 gündə nə iş görüb yeni komanda? Çox, lap çox iş görüb.

Yox, AFFA rəhbərliyi 30 gün ərzində heç olmasa 10 rayona baş çəkməyib, orada futbol infrastrukturu ilə maraqlanmayıb, inkişaf üçün perspektivi müəyyən etməyib.

Yox, bunu etmək olmaz. Adam əldən düşər. Heç olmasa, 5-10 kilo çəki itirər insan. Heç insafdandır…

AFFA rəhbərliyi heç Bakı ətrafındakı qəsəbələrə də baş çəkməyib. Nə var ey, Bakının ətrafındakı qəsəbələrdə? Kasıb-kusubla söhbət etmək adamı yorur.

Bəs bunlar nə iş görüblər bu 30 gündə? Çox iş görüblər, atam balası. AFFA-nın yeni rəhbərliyi 30 gün ərzində 10 dəfə restoranda toplaşıb. Futbol təsərrüfatını monopoliyaya götürməyi “yuyublar” düz on dəfə. “Yuduqca” da, “yumağın” yollarını müzakirə ediblər. Asan iş deyil “yumaq”. Elə “yumalısan” ki, pul, çaşdım ey, su ətrafa sıçramasın.

AFFA-nın yeni rəhbərliyi restoranlardakı “yuma” məclislərində xeyli kabab yeyib, kəklikotulu çay içiblər. Yaxşı, əsəbiləşməyin, bahalı xarici içki olub, amma çaydan əvvəl. Ən azı 50 min manat hesab veriblər. Onlar üçün qəpik-quruşdur. Amma Azərbaycanın bölgələrində forma, top üzünə həsrət qalan uşaqlar üçün böyük məbləğdir. Bu 30 gündə 10 restorana giriblər, amma bir dəfə də AFFA-nın qapısından içəri daxil olmayıblar.

Çox iş görüblər bu 30 gündə. Növbəti 30 gündə nə iş görəcəklər? Rəhmətliyin nəvələri, sizdə heç insaf yoxdur ki… Dincəlməlidirlər, növbəti bir ayda. Ondan sonra baxarlar hara getmək lazım olduğuna. Bölgələri, heç Bakının ətraf qəsəbələrini də nəzərdə tutmuram. Restoranları deyirəm. Bakıda bahalı restoran çoxdur. Azərbaycan futbolu etibarlı adamlara tapşırılıb, qəti narahat olmayın. 30 gün necə keçdi, heç xəbərimiz də olmadı.

Natiq Muxtarlı

aut.az

Dünyapress TV

Xəbər lenti