Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq, həmçinin hazırlanan dərslik və metodik vəsaitləri təkrar nəşr üçün təkmilləşdirəcək.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir. Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir. Ramiz Mehdiyevin müəllifi olduğu əksər kitablar da “Şərq-Qərb” nəşriyyatında çap olunub.
Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.
Maraqlıdır ki, barəsində Baş Prokurorluğa müraciət edilən “Şərq-Qərb” ASC əvvəlki tender müsabiqələrindən fərqli olaraq bu dəfə Elm və Təhsil Nazirliyinin satınalmalarında müsabiqəsiz qalib seçilib. Üstəlik satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
Bildiyimiz kimi, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, dərslik və metodik vəsaitlərin hazırlanmasının Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.