Nəsimi rayonu Həsən Əliyev küçəsində vətəndaş Natiq Həsənova məxsus fərdi yaşayış evi qanunsuz olaraq sökülüb.
Bu barədə Qaynarinfo-ya Natiq Həsənovun özü bildirib.
Onun sözlərinə görə, 1993-cü ildə Qubadlı rayonundan məcbur köçkün düşüblər. "Elə həmin ildən Həsən Əliyev küçəsi, ev 143-da məskunlaşmışıq. 2023-cü ildə bu evə rəsmi qeydiyyata düşmüşük", deyə şikayətçi əlavə edib.
Natiq Həsənov bildirib ki, 1997-ci ildə isə əmisi həmin həyətdə ev tikib:
"Yəni, 1997-ci ildən bir həyətdə iki ev olub. Bizim ev ünvanımız 143, əmimin ünvanı isə 143A-dır. Həmin evin tikintisinə dair arayışlar və müvafiq sənədlər də var. Sonradan əmim Zaməddin Qasımov adlı maklerlə sövdələşərək yaşadığı evə çıxarış alıb. Çıxarış maklerin adınadır. Yəni, əmim evi ona satıb. Zaməddin Qasımov isə təkcə əmimin evi ilə kifayətlənmək istəmir. O, bizi də həyətdən çıxarmaq istəyir. Bunun üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərarında 143A ünvanının boşadılması göstərilsə də, icraçılar bizi də evdən çıxarıblar".
Şikayətçinin sözlərinə görə, məhkəmə qərarına və ekspertiza rəylərinə baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin icraçıları onları zorla evdən çıxarıb:
"Təsəvvür edin, Ədliyyə Nazirliyinin ekspertiza mərkəzi rəy verib ki, həyətdə iki ev var. Bu, sayğaclardan da görünür. Yəni, su, işıq və qaz sayğaclarının hərəsindən iki ədəd quraşdırılıb. Biri bizim evimiz, digəri isə əmimin evi üçün. Lakin icraçılar buna məhəl qoymaraq bizi zorla evdən çıxardılar. Bu azmış kimi evimizi sökdülər. Bu gün də söküntü işləri aparılır".
Natiq Həsənov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyib. Şikayətçi onu da qeyd edib ki, makler baş verənlərin arxasında hansısa məmurun dayandığını iddia edir.
"Deyir ki, bu işin arxasında məmurlardan biri dayanır. Guya bizim həyətimiz ona lazımdır. Bu baxımdan, bizi də evdən çıxarırlar. Biz bilmirik hansı məmurdan söhbət gedir. Maklerin onun adını açıqlamır", deyə Natiq Həsənov bildirib.
Vətəndaş məsələ ilə əlaqədar ölkə rəhbərliyinə də müraciət edəcəyini deyib.