Fuad Nəcəflinin NAXÇIVAN İFLASI: XRONOLOGİYA
Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun vəzifədən kənarlaşdırılmasını onun yaxın ətrafından başqa, bütün naxçıvanlılar arzulayırdı. Muxtar respublika sakinləri, ölkəmizin və dünyanın müxtəlif yerlərində məskunlaşan naxçıvanlılar uzun müddət idi ki, həmin günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2022-ci ilin dekabr ayında Talıbov istefa verdi. Naxçıvanlılar ümid edirdi ki, bundan sonra hər şey daha yaxşı olacaq. Bunun üçün onların kifayət qədər əsasları vardı. Onlar bilirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvana xüsusi diqqət və qayğı göstərir, bölgənin sürətli inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin rifah halının yaxşılaşıdırlması üçün ardıcıl tapşırıqlar verir. Prezidentin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi bölgənin hərtərəfli inkişafına təkan verməli idi. Ancaq təəssüf ki, zəif idarəçilik, Vasif Talıbov sayağı atılan addımlar, heç bir rəsmi səlahiyyəti olmayan şəxslərin muxtar respublikada dövlət işlərinə qarışdırılması ölkə başçısının Naxçıvanla bağlı qarşıya qoyduğu vəzifə və tapşırıqların uğurlu icrasına mane olur. Əgər Naxçıvanın inkişaf proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ayrılan vəsait layihələrin icrasının gecikdirilməsi səbəbindən büdcəyə geri qaytarılırsa, deməli, dövlət lazım olan edir, sadəcə, muxtar respublikaya rəhbərlik edənlər bacarmır.

Bu faktdır ki, son bir ildə Naxçıvanda tikinti sektoru iflic vəziyyətinə salınıb. Kimlərinsə şəxsi ambisiyaları, hər şeyi əvvəlki dövrün üstünə atmaq, uzun illərdir, bölgədə fəaliyyət göstərən tikinti şirkətlərini Naxçıvandan sıxışdırıb çıxarmaq cəhdləri vaxtilə bu sahədə çalışan 20 min nəfərə yaxın insanı işsiz qoyub. Əvvəllər bu sahədə nələrinsə yanlış olduğunu, sənədləşdirmə işlərinin düzgün aparılmadığını, tenderlərin keçirilmədiyini, dövlət orqanlarına həddindən çox səlahiyyətlər verildiyini biz də qəbul edirik. Ancaq bu işin yeni tikintilərin başlanmasına nə aidiyyəti var? Naxçıvanda keçirilən tenderlərin nəticələrini Azərbaycanın aidiyyatı dövlət orqanları niyə ləğv edir? Bəlkə prosesə hansısa dövlət orqanları mane olur? Yoxsa Vasif Talıbov dövründən qalan məmurlar sabotajla məşğuldur? Bu suallara cavab tapılanda bütün gerçəklər ortaya çıxacaq.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublıikası Prezidentinin səlahiyəli nümayəndəsi Fuad Nəcəfli ötən dövrdə müsahibə və açıqlamalarında qısa zaman ərzində bölgədə geniş quruculuq işlərinin başlanacağını bildirib. Amma hələ ki, heç bir nəticə yoxdur.

Məsələn, Fuad Nəcəfli ötən ilin may ayında Naxçıvan televiziyasına müsahibəsində deyib: “Bizim məqsədimiz Naxçıvanda dövlət sifarişləri ilə bərabər, özəl sifarişlərin artırılması və bu özəl sifarişlərin bazarın tələbinə əsasən formalaşdırılmasından ibarətdir. Bu sahədə ciddi sıçrayışlar olacaq. Yaxın 2-3 ay ərzində Naxçıvan şəhərinin özündə çox böyük tikinti-inşaat sənayesi ilə bağlı işlər görüləcək. Özəl şirkətlərin güzəştli mənzillərin, sosial evlərin tikintisi ilə bağlı böyük bir layihəsi qarşımızdadır. Hesablamalarımıza əsasən, bu proses 3 minə yaxın yeni iş yerinin açılması ilə yekunlaşacaqdır”.

Bu fikirlərin səsləndirilməsindən 2-3 ay yox, düz 8 ay keçdi, ancaq Naxçıvanda geniş tikinti-quruculuq işlərinə start verilmədi. Cənab Nəcəfli ötən ilin dekabr ayında mediaya açıqlamasında həmin vədini vaxtı uzadaraq yenidən təkrarladı: “2024-cü ilin mart-aprel aylarından başlayaraq, Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq”.

Mart ayı bitdi. Fuad Nəcəflinin bu vədinə əməl etməsinə bir gün qalır. Etibarlı mənbələrdən aldığımız məlumata görə, nəinki aprel, heç may ayında da Naxçıvanda tikinti işlərinə başlanılacağı gözlənilmir. Mühüm dövlət postlarında çalışan vəzifəli şəxslər açıqlama verərkən yüz ölçüb, bir biçməli, verdikləri vədlərə əməl etməlidirlər. Əks təqdirdə əhali arasında nüfuzlarını və sözlərinin kəsərini itirərlər. Vəzifəli şəxslər bu sahədə Azərbaycan Prezidentindən nümunə götürməlidirlər. Dövlətimizin başçısı indiyədək edə bilmədiyi heç nəyi deməyib, verdiyi bütün sözlərə və vədlərə əməl edib. Ona görə də bütün dünyada Prezident İlham Əliyevin sözü imzası qədər keçərlidir.

Muxtar respublikada geniş tikinti işlərinə o vaxt başlanacaq ki, yuxarıdakı suallara cavab tapılacaq.

Fuad Nəcəfli 3 min yeni iş yerinin açılacağı vədini vermişdi. Ancaq ötən il Naxçıvanda 51 min iş yeri bağlandı.

İndi isə keçək digər sahələrə.

Səlahiyyətli nümayəndə Fuad Nəcəflinin dünən “X” hesabında paylaşdığı bir video diqqətimizi cəlb etdi. Naxçıvan televiziyasının hazırladığı süjetdə 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Naxçıvanın inkişafından bəhs olunur. Xub, ötən ilin müvafiq dövrü ilə müayisədə bu il bütün sahələrdə artım var. Ancaq real nəticələr 2023-cü illə deyil, 2022-ci illə müqayisə olunanda ortaya çıxır. Bu zaman anlaşılır ki, Fuad Nəcəflinin Naxçıvanda fəaliyyətə başlamasından sonra nəinki artım olub, həttə muxtar respublika iqtisadiyyatı xeyli geriləyib.

Gəlin əlahəzrət faktlara nəzər salaq.

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 200 milyon 800 min 700 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 428,3 manat olub.

Muxtar respublikada 2022-ci ilin yanvar-fevral aylarında isə 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdu. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox idi. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 818,6 manata çatmışdı.

2024-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 91 milyon 684 min 100 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələyib.

Naxçıvan 2022-ci illə müqayisədə bu sahədə də xeyli geriləyib. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin təkcə yanvar ayında sənaye üzrə 97 milyon 916 min 700 manat dəyərində məhsul istehsal edilib. 2022-ci ilin yanvar ayında Naxçıvanda istehsal olunan sənaye məhsulu bu ilin 2 ayından daha çoxdur.

Cari ilin yanvar-fevral aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 451 min 100 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 45,3 faiz azdır.

Bu sahədə 2022-ci illə müqayisədə fantastik dərəcədə geriləmə var. 2022-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 904 min 700 manat vəsait yönəldilmişdi. Əsas kapitala yönəldilmiş vəsaitin 72 milyon 749 min 600 manatı və ya 93,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdü.

2024-cü ilin yanvar-fevral aylarında 15 milyon 601 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır.

2022-ci ilin müvafiq dövründə isə 17 milyon 508 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdi.

2024-cü ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 5 milyon 401 min 400 manat olub.

Naxçıvan bu sahədə də xeyli geriləyib. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 10 milyon 552 min 100 manat olub. Bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 4,1 faiz çoxdur.

Rəqəmlərdən göründüyü kimi, Naxçıvan iqtisadiyyatı 2022-ci illə müqayisədə son bir ildə xeyli geriləyib. Bunun səbəbləri ciddi şəkildə araşdırılmalı, Naxçıvanın inkişafı ölkə başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrə uyğun təmin edilməli, iqtisadiyyatın dirçəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün ciddi addımlar atılmalıdır. Bir sözlə, Naxçıvanda görülən işlər ölkəmizin inkişaf dinamikasına uyğunlaşdırılmalıdır. Naxçıvan Muxtar Respublikası ölkəmizin ümumi inkişafından geri qalır.
TNS
 

Dünyapress TV

Xəbər lenti