İqtisadçı iddia edir ki, sərhəddə məhdudiyyətin əsas səbəblərindən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır

“2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi mənim səlahiyyətimdir. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.

Bunu martın 15-də Milli Məclisdə deputatların sərhədlərin bağlı saxlanması ilə bağlı iradlarına cavab verərkən baş nazir Əli Əsədov deyib. Baş nazir onu bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. Ancaq 2023-cü ilin göstəricisini açıqlamayıb. 

“Azpolitika.info bu mövzudakı yazıda iddia edir ki,  2023-cü il ÜDM artımı rəsmi statistikaya görə, cəmi 1.1 faiz olub. “Biz ölkə olaraq bu göstərici üzrə keçmiş SSRİ məkanında ən sonuncu yerdəyik. Yaxşı olardı ki, baş nazir "mən bağlamışam" deyərkən, bunun da izahını verəydi və nəhayət, bu qapanmanın səbəblərini açıqlayaydı", - deyə saytın yazısında qeyd edilir. 

Rəsmi izahat olmadığından çox səsləndirilən versiyalardan biri təhlükəsizlikdir: “Təhlükəsizlik məsələsinə baxsaq, regionda söz sahibinə çevrilmiş, güclü ordusu, sərt hüquq-mühafizə sistemi, kifayət qədər yeni texnologiyalarla təmin olunmuş sərhəd və peşəkar təhlükəsizlik xidməti orqanları, güc strukturları olan Azərbaycan kimi bir dövlətin öz təhlükəsizliyini sərhədlərin bağlı saxlanması yolu ilə təmin etməsi iddiası, yumşaq desək, inandırıcı görünmür. Yuxarıda sadaladıqlarımızın heç yarısına da malik olmayan qonşu Gürcüstan və Ermənistan quru sərhədlərini çoxdan açdığı halda, bizim bağlı saxlamağımız ən azından anlaşılmazdır”.  

Onu da bildirək ki, ABŞ Dövlət Departamenti özünün illik hesabatında quru sərhədlərin bağlı saxlanılmasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə Gununsesi.info-ya deyib ki, karantin rejiminin uzadılması bir tək sərhədə görədir: “Dünyada artıq karantin yoxdur. Azərbaycan hökuməti illər əvvəl karantin rejimi ilə bağlı qərar verərkən həmin protokollara istinad etmişdi. ÜST də çoxdan protokolları ləğv edib. Ona görə də hökumətinin israrla "karantin var" deməsi inandırıcı deyil". O hesab edir ki, sərhəddə məhdudiyyətin saxlanmasının əsas səbəblərdən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır: “Bu da çox yanlış bir yoldur və iqtisadi aktivliyə mənfi təsir göstərir. Rəsmi rəqəmlər də bunu sübut edir. Keçən il MDB məkanında Azərbaycan ümumi daxili məhsulu ən az artan ölkə oldu - bizdə ÜDM cəmi 1 faiz civarında artdı. Bunun səbəblərindən biri məhz quru sərhədlərin bağlı olmasıdır”.  Bu vəziyyət nə qədər davam edəcək və s. suallarla ekspertlərə müraciət etdik. 

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a öncə bildirdi ki, quru sərhədlərin bağlı olmasının ölkənin iqtisadiyyatına ciddi ziyan vurmasına dair fikirlər əsaslı deyil: “Sərhədlərin bağlı olduğu dövrdə ölkədə idxal və ixracın həcmində baş vermiş dəyişikliklərin sərhədlərin bağlı olması ilə əlaqəsi yoxdur. Çünki biz ölkədən kənara istədiyimiz məhsulu ixrac edir və ya kənardan lazım olan nə varsa, onu da idxal edə bilirik. Əksinə, quru sərhədlərin bağlı olduğu dövrdə qeyri-neft sektorundan ixracımızın həcmi sürətlə artmışdı. Deməli, iqtisadiyyatdakı durumu quru sərhədlərin bağlı olması ilə əlaqələndirmək düzgün deyil”. 

Bəs nədən hökumət quru sərhədlərin bağlı saxlanmasında bu qədər israrlıdır? İqtisadçının mövqeyi belədir: “Hesab edirəm ki, məsələnin hökumət tərəfindən bəyan olunmayan bir neçə qlobal səbəbləri var. Bu gün Azərbaycana qarşı ciddi və haqsız təzyiqlər mövcuddur. Bizə düşmən olan güclər ölkə daxilində müxtəlif şəbəkələri qurub yaratmaqla hər vəchlə daxili sabitliyi pozmağa çalışırlar. Bu yaxınlarda ölkəmizdə İranın böyük dindar casus şəbəkəsinin ifşa edilməsi dediklərimizin bir nümunəsidir. Bəlkə də çoxlarımız düşmən qüvvələrin Azərbaycanda İslam dini vasitəsilə etmək istədiklərinin fərqində deyillər. Son onilliklər ərzində İslamın Azərbaycanda həm eninə, həm də dərininə sürətlə genişləndiyini görməmək mümkün deyil. Bunu kim və ya kimlər edir? Sanki biz bölgədə İrandan sonra ikinci İslam dövləti yaratmağı hədəfləmişik. Ancaq bu belə deyil!

Unutmayaq - dünyanın ən güclü silahı təbliğatdır. Düzgün qurulmuş təbliğatla istənilən insanın beynini ən qısa zaman kəsiyində yuyub, onun baxışlarını 180 dərəcə dəyişmək mümkündür. Baxın, son illər ərzində Azərbaycanda məhz bu dediyimiz baş verir. İslama bağlanan kütlələrin son illərdə keçirdikləri bəzi aksiyaların miqyasını yada salmağı tövsiyə edərdim. Bir sözlə, dövlət baş verən bütün prosesləri görür və onlara uyğun qərarlar qəbul edir. Əgər dövlət bu addımları atmasa, bir müddətdən sonra biz acı nəticələrlə üz-üzə qalmış olarıq. Bizə kənardan eybəcərlik ixrac edənləri durdurmalıyıq və bu gün dövlətimiz bunu edir". 

Sabiq nazir bir səbəb də açıqladı: “Quru sərhədlərin bağlı saxlanmasının bir başqa səbəbi şimal və cənub qonşularımız olan Rusiya və İranla bağlı baş verən proseslərdir. Bu gün bütün sivil dünya var gücü ilə bu iki ölkənin üzərinə gedir və bütün imkanları bir araya gətirərək hər iki ölkəni içəridən dağıtmağa çalışır. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hərbi toqquşmaların ali hədəflərindən biri və birincisi də elə budur. Bu baş verərsə, nələrin olacağını göz önünə gətirmək lazımdır. Əhalisinin sayı 145 milyondan çox olan Rusiyada və 87 milyona yaxın insanın yaşadığı İranda vətəndaş qarşıdurmasının nə demək olduğunu və onun qonşu ölkələr üçün hansı fəsadlar yarada biləcəyini bir anlıq təsəvvür edək. Baş verəcək daxili qarşıdurmalar fonunda bu ölkələrdən əhalinin 3-5%-nin qaçqın kimi öz ölkəsini tərk edərək qonşu ölkələrin ərazisinə keçməsinin nə demək olduğunu göz önünə alaq. Baxın, dövlət bütün bunları hesablayır. Biz bu gün  sərhədləri açıb sabah bu hadisələr baş verəndə onu qapadarıqsa, bizi dünyada heç kim başa düşməz. Ancaq sərhədlər əzəldən bağlıdırsa, bu zaman bizə heç kim irad bildirə bilməz. Düşünürəm ki, sərhədlərin bağlı saxlanmasının iki əsas səbəbi məhz bunlardır”.

Daha bir deputatın biznesi ÜZƏ ÇIXDI: Ticarət mərkəzi tikdirib - FOTO, son  xeberler

Azər Badamov

Deputat Azər Badamov da fərqli düşünmür: “2023-cü ildə Azərbaycanda ÜDM-in 1,1%-ə düşməsinin quru sərhədlərin bağlı qalması ilə heç bir bağlılığı yoxdur. Çünki quru sərhədlərin bağlı olduğu 2022-ci ildə ÜDM 5,6%, 2022-ci ildə isə 5,7% olub. 2023-cü ildə sərhədləri açıq Avropanın inkişaf etmiş ölkələrində iqtisadi fəallıq aşağı olub. Qonşu ölkələrlə iqtisadi əməkdaşlığımız günü-gündən artmaqdadır. O cümlədən qonşu dövlətlərlə xarici ticarət dövriyyəmiz də artır. Quru sərhədlərimizin bağlı qalmasının qonşu ölkələlərlə iqtisadi əlaqələrin inkişafına və davam etdirilməsinə bir təsiri yoxdur. Bu baxımdan quru sərhədlərin bağlı qalmasının da iqtisadiyyatın azalması ilə bir bağlılığı yoxdur. İqtisadiyyatın 2022-ci ilə nisbətən 2023-cü ildə azalmasının başqa səbəblərini tapmaq lazımdır. 2024-cü ildə isə Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2,7% artacağını proqnozlaşdırır. Qeyd edə bilərik ki, 2024-cü ilin ilk aylarının iqtisadi inkişaf dinamikası pozitivdir. Bu, bir daha 2024-cü ildə 2023-cü ilə nisbətən iqtisadiyyatda artımların olacağını deməyimizə imkan verir. Sərhədlərin açılması ilk növbədə insanların qonşu respublikalara gediş-gəlişi üçün vacibdir. Çünki biz qonşu ölkələrlə sıx bağlıyıq. Hətta qohumluq əlaqələri olan ailələr çoxdur. Quru sərhədlər bağlı olduğundan onlar bir-birini ziyarət edə bilmirlər, məclislərdə iştirak etmək və bir-birinin yanında olmaq imkanından xaricdirlər. Bununla yanaşı, baş nazir yenə üç ay quru sərhədlərin bağlı saxlanılması ilə bağlı bir qərarı imzalayıbsa, burada bizim bilmədiyimiz məsələlər var deməkdir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 
 
 

Dünyapress TV

Xəbər lenti