Kargo sahəsindəki qanunsuzluğa niyə göz yumulur? - AKTUAL
"Uzun müddətdir ki, bir çox kargo şirkəti lisenziyasız fəaliyyət göstərir. Bu da rəqabət qaydalarını pozur. Rəsmi qurumlara müraciət edirik ki, ya lisenziya qaydasını ləğv edin, ya da lisenziyasız yerləri bağlayın".

Bu barədə Qaynarinfo-ya "Starex” şirkətinin biznesin inkişafı üzrə direktoru Pərviz Əzimov bildirib.

Pərviz Əzimovun toxunduğu məsələ barədə bir müddət əvvəl Qaynarinfo-da araşdırma yazısı dərc edilib. Həmin yazıda lisenziyasız fəaliyyət göstərən konkret şirkətlərin adı açıqlanıb. Maraqlıdır ki, dövlət qurumları da həmin şirkətlərin lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib.

Pərviz Əzimov deyib ki, müvafiq dövlət qurumları ilə təmaslarda onlara da eyni məzmunlu cavablar verilib. Yəni, bəzi şirkətlərin lisenziyasız fəaliyyət göstərməsi etiraf edilib. Lakin bunun qarşılığında heç bir tədbir görülməyib. "Beş ay öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bizə bir məktub göndərdi ki, filan-filan şirkətlərə məxsusu 50-yə yaxın təhvil məntəqəsinin lisenziyası yoxdur. Özləri etiraf edirlər ki, belə hallar mövcuddur və bu qanunsuzluqdur. Amma müvafiq tədbirlər görülməsinə gəlincə, deyirlər ki, bizim işimiz sadəcə rəy verməkdir. Qalanını gedin özünüz İqtisadiyyat Nazirliyi ilə həll edin", deyə direktor bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin müvafiq qurumları ilə də əlaqə saxlanılıb:

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dedi ki, bizlik deyil, Dövlət Vergi Xidmətinə müraciət edin. Vergi dedi bəli, düz deyirsiniz, qanunsuzdur. Hələ aylar əvvəl dedilər ki, işi göndəririk Xətai rayon məhkəməsinə. Xeyli gözlədik, axırda zəng elədik məhkəməyə ki, nə yerdədir iş? Dedilər sizə yalan deyiblər, bizdə belə bir iş yoxdur".

Məsələ ilə bağlı Baş Prokuroluğa da müraciət edilib. Oradan bildirilib ki, bu işdə cinayət tərkibi var:

"Dəvət etdilər, getdik, yazılı məktubumuzu şifahi də izah elədik. Dedilər düz deyirsiniz. Bu yerlər qanunsuzdur və dövriyənin 50 000 AZN-dən yuxarı olduğunu nəzərə alsaq, bu cür fəaliyyət cinayət məsuliyyəti yaradır. Deyirlər, amma heç bir tədbir görülmür. Dövlətin ən ali orqanları qalıb 3-4 şirkətin əlində".
 

Dünyapress TV

Xəbər lenti