Karl Marksın təbirincə ifadə etsək, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir kabus dolaşmaqdadır – Ramiz Mehdiyev kabusu.
Deyəcəksiniz ki, Ramiz Mehdiyev AMEA-dan çoxdan yola salınıb, onun məsələyə nə dəxli var? Amma son bir ayda sosial media şəbəkələrində akademiya ilə bağlı tənqidi statuslara nəzər salsaq, bunun ona çox dəxli olduğuna əminlik yaranır. Məhz Ramiz Mehdiyevin “islahat dəyişiklikləri” adı ilə elm məbədinə sırıdığı “nizam-intizam” qaydaları alimlərin canını boğazına yığıb. Prezident İlham Əliyevin iki aydan artıqdır, AMEA-nın yeni Nizamnaməsini təsdiq etdiyi, amma elm məbədinin hələ də Ramiz Mehdiyevin rəhbərliyi dövründə yazılmış qeyri-legitim “nizamnamə” ilə fəaliyyət göstərdiyi bildirilir.
Müşahidəmiz göstərir ki, alimlərin kəskin və davamlı etirazının iki başlıca səbəbi var: birincisi, elmi müəssisənin spesifikliyi nəzərə alınmadan alimlərlə inzibati administrasiya işçiləri kimi davranırlar. Onlardan səhər saat 9-dan 18-dək işdə olmaq tələb edilir. İkincisi, alimlərin əməkhaqqı orta aylıq əməkhaqqından çox aşağıdır və iş şəraiti müasir standartlara uyğun deyil.
Bəlli olur ki, alimlər əvvəlki rəhbərlərinin mütəvazi davranışının xiffətini çəkir, akademiyanın indiki prezidenti İsa Həbibbəylidən və sabiq prezidenti Ramiz Mehdiyevdən fərqli olaraq onların elmə və elm xadimlərinə həssaslıqla yanaşdıqları, kabinetlərinin qapılarının əməkdaşların üzünə taybatay açıq olduğunu, qəbula gələnləri saatlarla gözlətmədiklərini, əsl alimləri davamiyyət bəhanəsi ilə işdən azad etmədiklərini, inzibati-amirlik metodları ilə hərəkət etmədiklərini nisgillə xatırladırlar.
Yazılanlara inansaq, indi AMEA alimlərindən kəşflər, ixtiralar deyil, iş saatının yığılmış hesabı tələb olunur. Qeyd edilir ki, AMEA-nın turniketinin proqramlaşdırılması yenilənmədiyindən iş saatları düzgün hesablanmır. Bu da alimlər üçün “saat yığmaq” problemi yaradır. Halbuki, səhər 9-dan axşam 18-dək işləmək tələbi yalnız aparat əməkdaşlarına aid edilə bilər, elmi işçilərə sərbəst rejimdə çalışmaq şəraiti yaradılmalıdır.
AMEA-nın nəzdindəki institutların müxtəlif otaqlarında sıx şəkildə əyləşən elmi əməkdaşların heç də hamısının kompüterlə təmin edilmədiyi, həmin institutlardakı kitabxanalar yararsız durumda olduğundan ciddi elmi işlə məşğul ola bilmədikləri narahatlıq doğuran məqamlardandır.
10 il öncə alimlər üçün tikilmiş Mərkəzi Kitabxana ilə bağlı durum lap absurddur. Həmin kitabxananın illərdir alimlərin üzünə bağlı olduğu iddia edilir. Burası çox maraqlıdır: alimlərin kitabxanalarda çalışdıqları saatlar iş vaxtından çıxılır. Bu, işdən yayınmaq hesab edilir. Necə deyərlər, bu günləri də gördük!
Bundan başqa, alimlər müxtəlif tədbirlərdə, o cümlədən televiziya və radio proqramlarında iştirak etməsi Mehdiyevin miras qoyub getdiyi “nizam-intizam” qaydaları üzündən müşkülə dönüb. Bunun üçün “icazə vərəqi” doldurulub imzalatdırılmalıdır. Belə xoşagəlməz duruma görə alimlərin çoxu bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırıblar.
Dodaq qaçıran müqayisədir, amma, görəsən, Arximedə və ya Nyutona belə iş rejimi tətbiq olunsaydı, Arximed qüvvəsi və ya cazibə qanunu meydana çıxa bilərdimi?! Axı rəvayətlərə inansaq, biri vannada, digəri alma ağacının altında oturarkən bu qanunları kəşf ediblər.
Yaxın dostumun sözüdür: əgər alim hansısa “manıs”dan pis yaşayırsa, bu, cəmiyyətin anormalllığını göstərir.
Bunu biz demirik, AMEA əməkdaşları iddia edirlər ki, nəinki postsovet məkanında yerləşən ölkələrin alimlərindən xeyli dərəcədə az maaş alırlar, hətta ölkə üzrə orta aylıq əməkhaqqından çox aşağı əməkhaqqına məhkum ediliblər. Halbuki, elmi fəaliyyətə düzgün qiymətləndirmə sisteminin tətbiq olunması biabırçı duruma son qoya bilər. “Hər kəsə əməyinə görə” kimi dəyərləndirmə sistemi həm saxta “alim”lərdən və “ölü can”lardan qurtulmağa, əsl alimlərin rifah halının yüksəlməsinə, həm də elmi nailiyyətlərin əldə olunmasına xidmət edər.
Alimlərin iddiasına görə, elmi layihələrdə dəstəbazlıq, qohumbazlıq, tayfabazlıq prinsiplərinin əsas götürülməsi, qrant layihələrinin rifahın təminatçısı kimi qəbul edilməsi, yalnız qazanc əldəetmə hissinin öndə olması, gənc tədqiqatçılarla təcrübəli alimlər arasında koordinasiyanın olmaması, bəzən düşmənçilik səviyyəsinə gəlib çıxan rəqabət Azərbaycan elminə bəlalar gətirməkdədir.
İsa Həbibbəylinin kadrlarının bir çoxunun tutduqları məsul vəzifələrə uyğun gəlmədiyinə xüsusi diqqət cəlb edilib.
“Onların içərisində Azərbaycan dilinin orfoqrafiya qaydalarından xəbərsizlər də var, mətni üzündən höccələyərək oxuyanlar da, əlinə qələm aldığı gündən bircə dürüst cümlə yazmamışlar da. Müşavirələrdə 3 cümləlik çıxarışı 8 aya yazıb, 8 xətaya yol verən “savad”lılara təsadüf edilir. Məhz belələri Ədəbiyyat İnstitutuna utancverici olay yaşadırlar. İnstitutun rəsmi “Facebook” səhifəsində statusu paylaşanlar hələ də bilmirlər ki, “Ali Baş Komandan” söz birləşməsinin tərkibindəki sözlərin ilk hərfi böyük yazılmalıdır. Hələ mətnin son dərəcə bəsitliyindən danışmırıq. Bu statusu bəyənən “məsul” şəxslər, səhifənin idarəçiləri hara baxırlar? Görəsən, bu rəzalətə görə məsuliyyət daşıyan, xəcalət çəkən kimsə varmı? Ayaqqabını geyinmək bir şeydir, ağayana, məğrur yerimək başqa şey. Nəhayət, bu rəzalətə görə bir an öncə üzr istəməyi də unutmayın…”, – deyə AMEA əməkdaşlarından biri yazır.
Həmin sənədi tərtib edən “savadlı” şəxsin görkəmli alimləri attestasiya edən komissiyanın sədri təyin olunduğu, yüksək maaş, mükafat aldığı, üstəlik heç nəyə yaramayan “cızma-qaralarını” dövlət büdcəsi hesabına çap etdirdiyi, dəyərli alimlərin ərsəyə gətirdikləri kitabların dərcinə isə vəsaitin tapılmadığı vurğulanıb.
Onların fikrincə, AMEA-nın kabusu uzaqlaşdırılsa da, bu qurumda ciddi elmi islahatlara və yenidənqurmaya böyük ehtiyac var. Əks halda elmi azadlığın olmaması, inzibati-amirlik sisteminin eybəcər formasının tətbiqi milli elmimizin çöküşünü qaçılmaz edəcək.
AMEA-nın təəssübünü çəkənlər əmindirlər ki, belə vəziyyət çox çəkməyəcək. Azərbaycan dövlətinin qətiyyətli əli mehdiyevçi şəbəkəni tam ifşa edəcək və elmimiz qalib xalqımıza layiqli şəkildə inkişaf edəcək. Çünki xarici ölkələrin elmi dairələrində yüksək nəticələrə nail olan gənc azərbaycanlı alimlər indiki durumda olan AMEA-nın heç qapısından içəri keçmək belə istəməzlər.