"Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb”
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə Rəfail Xələfov ifadə verib.
O bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik rütbəsində olub.
Prosesdə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətindən əldə olunan məlumata görə, Rəfail Xələfovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ayrıca icraatda cinayət işi davam etdirilir. Hakim əlavə edib ki, Rəfail Xələfovun təqsirləndirilən şəxs qismində barəsində cinayət işi aparılır və bu səbəbdən o, bu məhkəmədə də təqsirləndirilən şəxsin hüquqlarından istifadə olunmaqla ifadə verir.
Rəfail Xələfov ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. O qeyd edib ki, onun şöbəsi maliyyə məsələləri ilə bağlı hərbi hissələrdə təftişlər həyata keçirib: “2017-ci ilin sonundan 2021-ci il yanvarın 1-ə qədər qurumda mənimsəmələrə yol verilib. Maliyyə idarəsinə ayrılan pullar idarə, şöbə və hərbi hissələrə paylanılıb. Həmin vəsaitlərin 20 faizi maliyyələşdirmədə, 30 faizi isə təftiş vaxtı geri alınıb. Bu isə idarədə bir qayda olub. Bu qaydaları da idarə rəisi qoyub. Heç kim də buna etiraz etməyib, hamı da buna razı olaraq işləyib. Məsələn, xərclərdən artıq 10 min manat pul ayrılıbsa, bunun iki min manatını maliyyələşdirmə alırdı, üç mini təftiş şöbəsi, beş min manatı isə özlərinə qalırdı. Bütün bunlar Nizami Məmmədova məruzə edilirdi”.
Sabiq şöbə rəisi qeyd edib ki, 2021-ci ildə N saylı hərbi hissədə təftiş zamanı 1 milyon 700 min manat yeyinti olması aşkar olunub: “Həmin təftişi Həsən Paşayev aparırdı. Təftişin sonunda 500 min manat pul alındı. Həmin pullar barədə də idarə rəisinə məruzə edildi və vəsait təhvil verildi. Daha sonra nazirliyin Təlim Tədris Mərkəzində 470 min manat yeyintiyə yol verilməsi müəyyən edilib. Həmin təftişi aparan Teymur Teymurov tərəfindən 400 min manat mərkəzdən alınaraq mənə verildi. Həmin pulu gətirib idarə rəisinə təhvil vermişəm. Bundan başqa təftişlərdən savayı nazirliyin özünün inspeksiyaları hərbi hissələrə maliyyə şöbələrinə yoxlama aparırdı. Nizami Məmmədovun tapşırığı ilə gedib o məsələləri həll edirdim. Yoxlamalar zamanı çıxan problemlərə görə pullar alınıb, məsələnin həlli üçün istifadə olunub”.
Rəfail Xələfov deyib ki, Vətən müharibəsindən sonra pul almaq söhbətləri bitib: “İdarə rəisi hamını yığıb bu cür işləməyə son verdiklərini deyib. 2021-ci ilin yanvarın 1-dən bu məsələlərə son qoyulub”.
O, prokurorun suallarını cavablandıran zaman dəymiş ziyandan 4 milyon 100 min manat ödədiyini deyib.
Bu zaman digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov replika ataraq Rəfail Xələfovun 25 milyon manatdan çox pul mənimsədiyini deyib.
Bundan sonra tərəflər arasında mübahisə düşüb, hakim hər iki şəxsə xəbərdarlıq edib.
Sualları cavablandıran Rəfail Xələfov deyib ki, ildə iki dəfə idarə rəisi tərəfindən xüsusi tapşırıqlar alıb: “Xüsusi tapşırıq olurdu, maliyyələşmə və bizim təftiş şöbəsi hərəyə bir milyon 200 min manat pul toplayıb idarə rəisinə verirdik, onun həmən pulu kimə verməsindən xəbərim yoxdur”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran təqsirləndirilən şəxs istintaq və məhkəmə dövründə verdiyi ifadələrin ziddiyyətli olmasını izah edə bilməyib.
Vəkil “20 nəfərlə istintaq zamanı üzləşmən olub, sizə böyük məbləğlərdə pullar verilib, həmin pullarla bağlı rəhbərliyə məruzə etməmisiz?” sualına Rəfail Xələfov belə cavab verib: “Bütün vəsaitlərlə bağlı Nizami Məmmədova məruzə etmişəm”.
Vəkilin sualına cavab verən şəxs qeyd edib ki, ümumi dəymiş ziyan olan 143 milyon manat yeyintinin olmasına inanmır: “İş üzrə dediyim kimi yeyintilər olub, amma mənim fikrimcə zərər 143 milyon manat ola bilməz”.
Təqsirləndirilən şəxslər – Cəlal Kazımov, Bayram Bayramov və Vüsal Əlizadə də Rəfail Xələfova pul verdiklərini deyiblər.
Vüsal Əlizadə deyib ki, Rəfail Xələfova 10 min manat verib. Bu faktı etiraf edən Rəfail Xələfov deyib ki, hansısa bayramda Vüsal Əlizadə ona pul verib: “Vüsal Əlizadə pulu stolun üstünə qoydu. Mən də götürdüm. Bunu da idarə rəisinə məruzə etmədim. Bayramda, ad günlərində hədiyyələr verilirdi, bunun məruzə olunması üçün əsas yox idi. İstintaq dövründə həmin vəsaiti də etiraf etdim və ödədim”.
Daha sonra Cəlal Kazımovla Rəfail Xələfov arasında mübahisə yaranıb. Cəlal Kazımov deyib ki, onun tərəfindən pullar Rəfail Xələfova verilsə də, Rəfail Xələfov bunu etiraf etməyib. Bu zaman Cəlal Kazımov onu ittiham edib: “Deyirsiz ki, gəlib etiraf etmirlər, at kimi üzə dururlar. Sizin özünüz də burada at kimi üzə durursunuz. Bütün maliyyə xidmətləri rəislərinə tapşırıqları Nizami Məmmədov yox, Rəfail Xələfov verib. Bütün pullar ona verilib. Dəfələrdə aldığı pullardan rəisinin sonradan xəbəri olub. Bunu maliyyə xidmətlərinin rəisləri istintaqda da, məhkəmədə də təsdiq ediblər. Rəfail Xələfov aşağıları da, yuxarıları da aldadıb. Aşağılardan çox pul alıb, yuxarılara az verib”.
Rəfail Xələfov isə Cəlal Kazımovu yalan danışmaqda ittiham edib. Bildirib ki, Cəlal Kazımov baş qərargah rəisi Nəcməddin Sadıkovun otağına sərbəst girib-çıxanlardan biri olub: “Bəziləri at kimi üzümə durur. Nədir, bütün pulları mənimlə Nizami yeyib? Hamı burada pul qazanıb”.
Daha sonra suallara cavab verən Rəfail Xələfov deyib ki, baş verənlərdən Baş Qərargah rəisinin xəbərinin olub-olmamasını bilməyib.
İş üzrə məhkəmə dekabrın 8-də davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görülən digər zabitlər həbs ediliblər. Ümumi cinayət işi üzrə dövlətə dəyən zərər 143 milyon manatdır.