Ağsu sakini Nüşabə Cəfərova deyir ki, əmlakını ona heç bir xəbərdarlıq edilmədən, məhkəmə qərarı olmadan söküblər. Onun sözlərinə görə, əlində mülkiyyət hüququnu təsdiqləyən və başqa lazımi sənədlər ola-ola əmlakını yerlə-yeksan ediblər. Bəziləri deyib ki, bunu edənlər Ağsu rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır. Amma dağıntıda Meşə Təsərrüfatı Mərkəzinin də adını hallandıranlar olub.
Söhbət Bakı-Qazax yolunun 150-ci kilometrliyində (Ağsu dolayları), yolun üstündə yerləşən restorandan gedir.
İcra hakimiyyəti: “Şərtlərə əməl etməyib…”
Nüşabə Cəfərova bildirir ki, obyektini dağıdanlara elə söküntü vaxtı etiraz ediblər. Amma etirazları nəticəsiz qalıb. Məcbur olub, Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edib. Amma bu şikayətin də xeyri olmayıb.
Ardınca o, rəsmi qaydada Ağsu Rayon İcra Hakimiyyətinə üz tutub, tələb edib ki, obyekti bərpa olunsun, həmçinin ona dəymiş zərər ödənilsin. Bir müddət sonra icra hakimiyyətindən cavab alıb ki, yeməkxananın yerləşdiyi ərazi meşə fonduna aiddir.
“Müqavilə şərtlərinə əsasən, sizə istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fond torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan ərazidə çadır tipli, yaxud da sökülüb-yığılan yüngül konstiruksiyalı qurğulardan istifadə etməli idiniz. Lakin şərtlərə əməl etməyib, orada əsaslı tikinti aparmısınız…”, – icra hakimiyyətinin cavab məktubunda belə yazılıb.
Əlavə olunub ki, Meşələrin İnksafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzindən sözügedən yeməkxana ilə bağlı icra hakimiyyətinə məktub göndərilib. Orada göstərilib ki, müqavilənin şərtləri pozulduğuna görə yeməkxana qanunsuz tikili hesab olunub.
İcra hakimiyyəti iddia edib ki, söküntünü Şamaxı Regional Meşə Təsərrufatıı Mərkəzinin əməkdaşları aparıb.
“Sökülən tikinti materialları da ünvanınıza aparılıb…”, – icra hakimiyyətindən bildirilib.
“15 ildən sonra niyə yadlarına düşdü?”
Nüşabə Cəfərova deyir ki, bundan sonra Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə müraciət edib. Bu qurumdan mülkiyyətçiyə gələn cavabda iddia olunub ki, qardaşı Lətif Cəfərov ərazidə inşa olunmuş obyektlərin sökülməsi üçün mərkəzin əməkdaşlarından kömək istəyib:
“Lətif Cəfərovla birlikdə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Ağsu rayonundakı sosial işçilərinin köməyilə tikililər sökülüb…”.
Həmçinin iddia olunub ki, bu əmlakla əlaqədar Lətif Cəfərovla keçmiş Şamaxı Meşə Mühafiə və Bərpası Müəssisəsi arasında istirahət rekrasiya məqsədilə 1 illik müqavilə bağlanıb. 2004-cü ilin aprelində bağlanmış müqavilənin müddəti isə 2005-ci ildə başa çatıb.
Mülkiyyətçi Nüşabə Cəfərova dövlət orqanlarından ona gələn cavab məktublarında yazılanların yalan olduğunu bildirir. Deyir ki, əgər müqavilənin müddəti 2005-ci ildə başa çatıbsa, o zaman niyə 15 ildən sonra yadlarına düşdü:
“Ən əsası, mülkiyyət toxunulmazdır. Məhkəmə qərarı olmadan obyektin darmadağın edilməsi mülkiyyət hüququnun tapdanmasıdır”.
O da məlum olub ki, yeməkxananın yerləşdiyi torpaq sahəsi hələ 1998-ci ildə Ağsu Rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla rayonun Aratkənd kənd sakini Cabir Səftərova verilib. O isə ərazidə kiçik yeməkxana tikdirib. Tikilini Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Aztexinventarlaşdırma” İstehsalat Birliyi elə 1998-ci ilin martında onu Reyestr kitabında qeydə alıb. Yeməkxanaya qeydiyyat vəsiqəsi və texniki pasport da verilib.
2002-ci ilin sentyabrında Cabir Səftərov yeməkxananı Nüşabə Cəfərovaya satıb, həmin vaxtdan da əmlak onun mülkiyyətindədir.
“Məhkəmənin göstərdiyi əsas gülüncdür, kimin əmlakı qanunsuz sökülsə, sarsılmaz?”
Əmlakın sökülməsindən sonra dövlət orqanlarına ünvanladığı məktublardan qaneedici cavab ala bilmədiyini deyən Nüşabə Cəfərova daha sonra məhkəməyə üz tutub. O, həm Ağsu Rayon İcra Hakimiyyətini, həm də Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzini məhkəməyə verib.
Ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə təqdim olunan iddia ərizəsində ona dəymiş ziyanın ödənilməsi məqsədilə Maliyyə Nazirliyi də üçüncü şəxs qismində göstərilib.
Nüşabə Cəfərovanın məhkəməyə ərizəsində tələbi belə olub ki, Ağsu Rayon İcra Hakimiyyəti və Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzindən birlikdə 180 min manat pul tutulub, ona verilsin. Bu məbləğin də 80 mini sökülmüş tikilinin dəyərinin əvəzi, 100 min manatı isə ona dəymiş mənəvi ziyana görə təzminat kimi qoyulub.
Şəki İnzibati Məhkəməsi bu iddianı təmin etməyib. Nüşabə Cəfərova bu qərardan apelyasiya şikayəti verib:
“Şəki İnzibati Məhkəməsinin rədd qərarında birinci əsas budur ki, guya mənim həmin əmlakla bağlı ümumiyyətlə, mülkiyyət hüququm yoxdur. Məhkəmənin gətirdiyi bu əsas gülüncdür. Üstəlik, tam qanunsuzdur. Həmin əmlakla bağlı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınıb. Əmlak da mənə notariat qaydada, alqı-satqı müqaviləsiylə satılıb. Mülkiyyət hüququ başqa necə olur? Məhkəmənin qərarında yazıb ki, guya mən özümə mənəvi zərər vurulduğunu sübut eləyə bilməmişəm. Kiminsə əmlakını qanunsuz sökürlərsə, o adamın sarsıntı keçirdiyinə kimin şübhəsi ola bilər?”
Məhkəmə qərarı: “İcra hakimiyyəti 23 min 630 manat pul ödəsin”
Nüşabə Cəfərovanın sözlərinə görə, məhkəməyə şikayətindən sonra Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi də ona qarşı iddia qaldırıb. Bu qurum Ağsu Rayon Məhkəməsinə müraciətində sözügedən əmlakın alqı-satqısıyla bağlı 2002-ci ildə notariat kontorunda bağlanmış müqavilənin, həmçinin əmlakın qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasını istəyib. Ancaq Ağsu Rayon Məhkəməsi iddianı rədd edib.
Şəki İnzibati Məhkəməsinin rədd qərarından Nüşabə Cəfərovanın verdiyi apelyasiya şikayətinə baxılarkən ekspertiza təyin olunub. Ekspertizanın rəyinə görə, sökülmüş restoranın bərpası üçün təmir-tikinti işlərinin ümumi dəyəri 23 min 630 manat müəyyənləşdirilib. Ekspertlər rəydə onu da qeyd ediblər ki, obyektin özünün bazar qiymətlərinə uyğun dəyərini hesablamaq üçün tədqiqat keçirməyiblər. Yalnız bərpa üçün lazım olan məbləğ hesablanıb.
Apelyasiya məhkəməsində söküntü ilə əlaqədar bir sıra şahidlər də dindirilib. Onlar bildiriblər ki, obyekti Ağsu Rayon İcra Hakimiyyətindən gələn göstəriş əsasında icra hakimiyyətinin özünün, həmçinin onun tabeliyində olan Mənzil-İstismar İdarəsi, Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri söküb.
Şəki Apelyasiya Məhkəməsi bu araşdırmalardan sonra Nüşabə Cəfərovanın şikayətini qismən təmin edib. Ekspertiza rəyinə əsaslanaraq, ona 23 min 630 manat ödənilməsinə qərar verib.
Söküntü ilə əlaqədar şahid ifadələrini nəzərə alıb, şikayətçiyə ödəniləcək vəsaitin Ağsu Rayon İcra Hakimiyyətindən tutulması qərara alınıb.
Şəki Apelyasiya Məhkəməsinin bu qərarı Nüşabə Cəfərovanı qane etməyib. O, Ali Məhkəməyə üz tutub. Eyni zamanda, icra hakimiyyəti də qərardan narazı qalıb və kassasiya şikayəti verib.
Ali Məhkəmə tərəflərdən heç birinin şikayətini təmin eləməyib – Şəki Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Mülkiyyət hüququnun bərpası üçün ölkədaxili bütün hüquqi vasitələrini tükəndirdiyini deyən Nüşabə Cəfərova Ali Məhkəmədən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. O, əmindir ki, Avropa Məhkəməsi onun mülkiyyət hüququnun pozulduğunu təsdiqləyəcək və buna görə ona kompensasiya təyin olunacaq.
meydan tv
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı