Bir müddət öncə, daha dəqiq desək, noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı oldu. Bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir. 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və eksponatları izləmək mümkündür. Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür. Sərgi “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun - Azərbaycan tarixində ilk diplomat qadın”, “Despinə Xatun” və digər bölmələrdən ibarətdir. Burada Uzun Həsən, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin çox ləyaqətli və cəsarətli həyat yoldaşı Despinə Xatun haqqında məlumatlar yer alıb. Bu qısa girişi nə üçün yazdıq..?
XX əsrin 91 ilində Azərbaycan cəmi 23 ay ( 1918-1920) müstəqil olub. Ancaq hazırkı Müstəqil Azərbaycan Respublikasının 33 yaşı var, İnşallah bu müstəqillik Ulu Öndər demişkən, əbədi olacaq. Biz müstəqil dövlət qurmaq istəyiriksə, mütləq bunun ənənəsi, bünövrəsi, özülü olmalıdır. Yəni bu dövlətin keçmişi var, Ağqoyunlu kimi dövləti və bu dövləti quran xadimlər, sərkərdələr olub. Bütün bunlarla yanaşı Ağqoyunlu dövlətinin, ümumiyyətlə, Azərbaycan tarixinin Sara Xatun kimi diplomatı olub. Sara Xatun Ağqoyunlu kimi dövlətin xarici siyasətinin müəyyən olunmasında və həyata keçirilməsində başlıca rol oynayıb.
Sözümüzün canı odur ki, ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun rəhbəri, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın bugünkü parlaq fəaliyyəti millətimizin ənənəsi üzərində bərqərar olub. Bu gün Mehriban xanım Əliyeva Azərbaycan Respublakasının daxili və xarici siyasətinin müəyyən olunmasında və həyata keçirilməsində cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə çox böyük dəstək olur.
Bütün bunlardan əlavə Mehriban xanımın təhsil, səhiyyə və digər sahələrin inkişafında rolunu bütün cəmiyyətimiz görür. Yüzlərlə məktəbin tikilməsində, təmir edilməsində, səhiyyə ocaqlarının müasir tələblərə cavab verən tibbi avadanlıqlarla təmin olunmasında Mehriban xanım Əliyevanın rolu əvəzolunmazdır.
Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyada təbliğ olunması üçün əlindən gələni edir. Mehriban xanım Əliyeva həm də uca Tanrının lütfü olaraq iki məşhur ailənin təmsilçisidir. Belə ki, Mehriban xanım Əliyeva 1964-cü il avqustun 26-da Azərbaycanın tanınmış ziyalı ailəsində, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Arif Paşayevin və Azərbaycanın ilk ərəbşünas alimi, professor Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açmışdır. Mehriban xanımın babaları–görkəmli yazıçı və ədəbiyyatşünas, professor Mircəlal Paşayev və dövrünün məşhur söz, qələm və fikir adamı görkəmli jurnalist və pedaqoq Nəsir İmanquliyev Azərbaycanın tanınmış və hörmətli ziyalılarından olmuşlar. Yəni Mehriban xanım Əliyevanın xalqa bağlılığının, vətənə, millətə sədaqətinin kökündə onun genetik mənsubiyyətinin rolu çox böyükdür. Məhz bu genetik köklərin üstündə böyüyən Mehriban xanım Əliyeva orta məktəbi qızıl medalla bitirərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunmuş, sonralar təhsilini İ.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunda davam etdirmişdir. Mehriban xanım Əliyevanın digər bir xoşbəxtliyi odur ki, onun həyatı Ümummilli lider Heydər Əliyevin və əsilzadə xanım, dövrünün məşhur oftalmoloq alimi akademik Zərifə xanım Əliyevanın ocağına bağlı olmuşdur. Mehriban xanım Əliyevanın məhz bu iki əsilzadə ailəyə bağlı olması Mehriban xanımı bu gün dünyaca məşhur şəxsiyyətə çevirib.
Onu da qeyd edək ki, müasir Azərbaycan dövləti təkcə son illərin problemlərini daşımır. Dövlətimizin üzərində yüz illərlə həll olunmamış problemlər var idi ( məsələn, Qarabağ məsələsi). Məhz bu problemlərin həll olunmasında Mehriban xanım Əliyeva cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın siyasi və mənəvi dəstəkçisi olub. Buna görə də Mehriban xanım Əliyeva xalqımızın sonsuz sevgisini qazanıb.
Mehriban xanım Əlyevanın sıravi insanlarla, uşaqlarla görüşləri insanlıq, kübarlıq nümunəsidir. Eyni zamanda Mehriban xanım Əliyeva gənclərin müasir təhsilə yiyələnməsi üçün həmişə onlara dəstək olub və onların dövlət idarəçiliyinə cəlb olunmasının təşəbbüskarıdır. Mehriban xanımın humanizminin sərhəddi yoxdur. Xanım Əliyeva çıxışlarının birində deyir: “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.
Bəli, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həbsxanada olan insanlara qarşı “Amnistiya haqqında” qərarlar qəbul olunub və nəticədə 10 minlərlə məhbus öz ailəsinə qovuşub. Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsində və təbliğində də mühüm işlər görür. Bütün bu işləri, vəzifələri, böyük missiyasi ilə bərabər Mehriban xanım həm də anadır və Birinci Xanımdır. Mehriban xanım öz müsahibələrinin birində deyir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.
Bəli, Mehriban xanım Prezidentin həm ömür-gün yoldaşı, həm də məsləkdaşıdır. Azərbaycan xalqı əmindir ki, İlham Əliyev və Mehriban Əliyeva nümunəsi tarix boyu millətimiz üçün bir örnək olacaqdır. Və Azərbaycan xalqı bundan sonra da hər iki şəxsiyyətin sayəsində böyük uğurlara imza atacaqdır.
"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev