Fuad Babayev təhsilimizə necə 'töhfə' verir?
Bizim el içində bir misal var: atdan düşüb, eşşəyə minmək... Bu aqibəti yaşayan o qədər vəzifəli şəxs, məmur olub ki, sayı-hesabı bitməz. Adlarını çəkməyə ehtiyac yoxdur, amma onlara mətbuat leksikonunda portfelsiz məmur da deyilir. Yəni vəzifəsi var, amma səlahiyyəti yoxdur. Allah heç bir məmuru o günə qoymasın. Yaman ağır dərddi. Çünki günün birində gözünü açıb özünü başqa kresloda görürsən, di gəl heç bir işə yaramayan vəzifə sahibi olduğunu anlayırsan , istənilən vəzifə üçün yalvarasan və ürəyində deyingənlik edirsən ki, Allah kəssin belə rəhbər şəxs olmağı. Çox uzatmadan mətləbə keçirik, yəni nəyi demək istəyirik: bilirsiniz ki, bu günlərdə Bakı şəhər Təhsil İdarəsində sektor müdiri Fuad Babayevi işindən uzaqlaşdırıblar. Fuad Babayev yağlı bir tikədən, böyük gəlir mənbəyindən məhrum edilib. Onun qurduğu şəbəkə pullar qazandırırdı, məktəblərə direktor təyinatı biznesə çevrilmişdi. Kim istəyərdi ki, BŞTİ-də sektor müdiri vəzifəsini əldən versin?! İntəhası, yuxarıda gətirdiyimiz misalın lətifəsi Fuad Babayevdən uzaq, indi məlum olur ki, keçmiş şöbə müdiri Bakının 60 saylı orta məktəbinə direktor getməyə hazırlaşır. Özü məktəblərə direktor təyin etdirən, bu yolla adamlarını yerləşdirən, qaz vurub qazan dolduran Fuad Babayev indi o hala düşüb ki, məktəb direktoru olmaq istəyir. Əlbəttə, məktəb direktoru olmaq qəbahət deyil, çox da yaxşı işdir, burada da az pul yoxdur, ilboyu ordan-burdan pul çıxarırsan, amma Fuad Babayevin 60 nömrəli məktəbi direktoru olmaq eşqinə düşməsi daha çox əlacsızlığın nəticəsi kimi görünür. Gələn məlumatlarda vurğulanır ki, Fuad Babayev bu təyinatın artıq behini də verib, lazımı instansiya ilə də anlaşıb, bütün sövdələşmələri həyata keçirib, yeganə qalan Elm və Təhsil Nazirliyidir. İddialara görə, məsələ nazir Emin Əmirullayevin qulağına çatıb və onun razılığı olmadan 60 saylı məktəbə direktor təyin olunmasına qarşı çıxıb. Ona görə də Fuad Babayev üçün aşılması çətin olan tək sədd nazirdir və indi onu da razı salmalıdır ki, işi yağ kimi getsin. Təbii ki, razı salmaq dedikdə Əmirullayevə rüşvət verilməsi nəzərdə tutulmur, sadəcə, onun bu işə "hə" deməsi üçün ya minnətçi salmalı, ya beh verdiyi tərəf işi öhdəsinə götürməlidir. Ruubrika .az sayıtına verilən xəbərlərə görə, Fuad Babayev artıq öz ətrafında söhbət düşəndə bildirir ki, narahat olmayın, nazirə deyiləcək, məsələ həll olunacaq. Hətta bir qədər irəli gedərək danışır ki, nazir istədi-istəmədi bu təyinat olacaq. Çünki Fuad Babayev iddia edib ki, direktor olması üçün lazımı qədər haqq hesab verib, hətta "60 nömrəli məktəbi almışam, mənlikdir" kimi sözlər dilə gətirdiyi iddiaları səslənir. Hər halda portfelsiz keçmiş məmur, artıq böyük sahəni itirmiş Babayev indi məktəb direktoru təyinatına nazirdən əmr gözləməkdədir. Nə deyirik, məktəbə dükan kimi baxan təhsil adamının 60 nömrəli elm ocağını "alması" mübarəkdir!

Müəllif: Aqşin - Mənbə: Rubrika.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti