Marketlərdə endirim OYUNU: gizlədilən qiymətlər... - NƏ ETMƏLİ?
“30 manatlıq yağ 15 manata düşdü. Məhsullara 70% endirim. 1 alana 1 hədiyyə”.

Yəqin ki, bu elanları görən çox adam özünü həmin marketdəki endirimlərə çatdırır. Endirimlərin yalan yaxud gerçək olduğunu anlamaq isə xüsusən, mübahisəli məqamdır. Amma bu elanların altında malın əsl qiymətini gizlədib endirim şousu göstərənlər də var. Bu barədə hətta sosial şəbəkələrdə görüntülər də yayılıb.

Maraqlıdır, bu cür yüksək endirim təkliflərində ərzaq mağazalarının xeyri nədir?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, endirim istehlakçını qapıdan içəri salmaq üçündür:

“Marketlərin endirim kampaniyasının əsas məqsədi istehlakçını qapıdan içəri salmaqdır. İstehlakçını içəri saldıqdan sonra ikinci məqsəd ona hansısa malı endirim adı ilə satmaqdır. Elə bu endirim məsələsində marketinq hiyləsi edirlər. Belə ki, istehlakçı vitrində endirimə qoyulmuş malı almaq üçün kassaya yaxınlaşdıqda onun endirimdə olmadığını görür. Çünki insanları aldatmaq üçün endirimə qoyulmuş məhsulun yanına bu siyahıya aid edilməyən məhsul yerləşdirirlər. Bir çox insan da kassaya gəldiyi üçün məcbur endirimsiz məhsulu alır.

Məhsullara aşağı qiymət qoyulması əsasən market sahibləri tərəfindən həyata keçirilir. Onlar təchizatçıların başlarına oyun açırlar. Təchizatçılar market şəbəkələrinə qoşulmaq üçün külli miqdarda pul ödəyirlər. Daha sonra, market sahibləri təchizatçıları endirim üçün məcbur edir ki, mağazaya çox müştəri gəlsin”.

Onun sözlərinə görə, son 1 ildə insanlar almadıqları məhsul üçün 500 milyon manata ödəyib:

“Birliyimizə gələn şikayətlərdən ən vacibi endirimlərlə bağlıdır. Məhsulun əvvəlki qiymətini endirim adı ilə vitrinə qoyurlar. Bu da alıcının aldadılmasıdır. Belə halla qarşılaşan istehlakçı məhsulun əvvəlki qiyməti yazılan sənədləri tələb edə bilər. Çox təəssüf ki, bu tələblərə cavab verilmir. Qiymət siyasətinə nəzarət etməli olan İqtisadiyyat Nazirliyinin müvafiq xidməti isə demək olar ki, heç bir iş görmür.

Apardığımız tədqiqat onu göstərir ki, 1 ildə Azərbaycan istehlakçıları kartla ödəniş zamanı almadıqları məhsul üçün 500 milyon manat pul ödəyirlər. Bu haqsızlıqla qarşılaşmamaq üçün məhsul alan zaman kassa çekinə nəzarət edilməlidir”.

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, marketlərdə qiymət üzərində heç bir ucuzlaşdırılma siyasəti həyata keçirilmir:

“Marketlərdə qiymətlərin tənzimlənmə prosesi ciddi müzakirə tələb edən məsələdir. İqtisadi qanunlara görə, hər bir məhsulun istehsal, daşınma dəyəri və satış obyektində məhsulun üzərinə gələn ticarət əlavəsi var. Marketlərdə isə əksər malların qiyməti bu amillərdən xeyli kənarlaşır. Düzdür, bu amillərdən əlavə tələb və təklif məsələsi də var.

Yəni, bir məhsula yüksək dərəcədə tələb varsa, sadaladığım amillərdən başqa qiyməti şişirdilə bilər. Bu gün ölkəmizdə ticarət şəbəkələri inkişaf edib. Hər bir məhsul mağazalarda kifayət qədər ki, bu məqamda ərzaq qıtlığından söz gedə bilməz. Yəni, tələbin təklifdən yüksək olduğu deyilməsi mümkün deyil.

Nəticədə yüksək qiymətə qoyulan məhsulun satışı azaldıqda market qəfil kəskin qiymət enişi elan edir. Amma məsələ burasındadır ki, həmin malın real qiyməti elə endirimə qoyulandır.

Qiymətlərin qanunsuz yolla artırılmasını inzibati yollarla aradan götürmək çox çətindir, hətta mümkün deyil. Bazar bunu özü tənzimləməlidir”.

Görünən odur ki, təklifin tələbi ödədiyi bir iqtisadiyyatda olsaq da, hələ uzun bir müddət “qanunlu” qiymət artımı və “əla” endirimlərlə “sevinməli” olacağıq.
 

Dünyapress TV

Xəbər lenti