Noyabrın 15-də (hər il) Azərbaycanda kommunal xidmətlərdə rəsmi qış mövsümünə keçilir.
Əvvəlki illərdə Bakının bəzi binalarının isidilməsində problemlər yaşanmışdı. Sakinlər bildirmişdi ki, bəzi binalarda noyabrın sonuna qədər istilik verilmir. Üstəlik, məktəblərdə, uşaq bağçalarında da tez-tez istiliyin olmadığından şikayətlər eşidilirdi. Azərbaycan kəndlərinin bəzilərində isə hələ də qaz yoxdur...
BŞİH-dən deyilənlər Bakı şəhər İcra Hakimiyyətindən "Turan"a bildirilib ki, artıq hər bir rayona cavabdeh şəxs təyin edilib: "Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb".
"Azəristiliktəchizat" ASC-dən deyilib ki, təmir-bərpa işləri tamamlanıb, bütün zəruri işlər görülüb: "Bu il payız-qış mövsümündə 561 qazanxananın və 88 istilik məntəqəsinin istismarı nəzərdə tutulur. Bu qazanxanalar vasitəsilə 3 min 863 yaşayış binasının, 287 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə... və 2 min 200 təsərrüfat obyektlərinin istiliklə təmin etməsi nəzərdə tutulur".
"Azəriqaz" İB-dən verilən məlumatına görə, ilin sonunadək 150-dək məntəqənin qazlaşdırılması nəzərdə tutulub və əksəriyyətində işlər başa çatıb və ya tamamlanmaq üzrədir. Bildirilib ki, qış mövsümündə qaz təchizatı ilə bağlı problem olmayacaq.
"Düz 10 ildir Azərbaycanda..." Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda isitmə problemi çoxdan mövcuddur: "Xüsusən də rayonlarda bu problem var. Oradakı evlərin çoxu fərdi evlərdir və elə kəndlər var ki, qazla təmin edilmir. Düz 10 ildir Azərbaycanda qazlaşma 96 faiz səviyyəsində olduğu deyilir. Nə aşağı düşürlər, nə də yuxarı qalxmaq istəmirlər".
M.Qəhrəmanlı vurğulayıb ki, mərkəzi istiliklə təminatında da problemlər mövcuddur: "Yaşayış binalarını istiliklə təmin edən qurumlarda ümumi qaz borcu yaranırsa, bütün binanın istilik təchizatını dayandırırlar".
""Qışa hazırıq" ifadələri pafosdolu sözlərdir" Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, keçən illərin təcrübəsi göstərir ki, qurumların "qışa hazırıq" ifadələri pafosdolu sözlərdir: "Qışa hazırlıq yalnız bəzi küçə və prospektlər üçündür. Digər küçə və prospektlər Allahın ümidinə qalır. Yaxud da "lopatka" və süpürgə ilə küçələri qardan təmizləyən mənzil-kommunal istismar sahələrində işləyən yaşlı qadın və kişilərin ümidinə".
Ekspert hesab edir ki, qarşıdakı günlər şikayətlər eşidildikcə, real vəziyyət aydınlaşacaq: "Hər il "Azəristiliktəchizat" "qışa hazırıq" deyir, amma qışın ortasında birdən görürsən, hansısa qəsəbə etiraz edir ki, istilik verilmir. "Azəriqaz" və "Azərişıq" da deyir "hazırıq", amma müəyyən yerlərdə biz fəsadları görürük".