Şahbuz rayon Külüs kənd orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulub. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup müəllim məlumat verib. Onların sözlərinə görə, buna səbəb bu ilin əvvəlində müəllimlərdən birinin məktəbdəki pozuntularla bağlı internetdə canlı yayına cəhd etməsi olub. Külüs kəndi dağlıq ərazidə yerləşdiyindən burada mobil internetdən istifadə məhduddur.
Müəllimlər bildirir ki, bu hadisədən sonra məktəbin direktoru Nicat Abdullayev internetə giriş şifrəsini dəyişib, hamıdan gizli saxlayır. Şikayətçilər deyir ki, hazırda o, məktəbə aid olan interneti özü tək işlədir:
“Məktəbdə çoxlu problemlər var. Onlardan ən əsası da suyun olmamasıdır. Bu səbəbdən, ötən il qışda valideynlərin bir qismi uşaqlarını məktəbə buraxmırdı. Bununla bağlı canlı yayıma cəhd edilsə də, imkan verilməmişdi. Buna baxmayaraq, valideynlər məktəbdəki problemlərlə bağlı mətbuata məlumat ötürmüşdülər. Elə, o vaxtdan direktor heç kimə məlumat vermədən məktəb internetinin şifrəsini dəyişib. Məktəbdə internetdən yalnız özü istifadə edir”.
Müəllimlər deyir ki, məktəbdə internetin qadağan olunması dərsin keyfiyyətinə də təsir edir:
“Bu gün həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Məktəblərdə həm müəllimlərə həm də şagirdlərə internet lazımdır. Demək olar ki, bütün dərs vəsaitlərinin hamısı orada var. Nəyisə dəqiqləşdirmək, öyrənmək və operativ məlumatlar üçün hər zaman internetin olmasına ehtiyac var. Direktor isə, neqativ halların çəkilib yayılmaması üçün kollektivi internetsiz qoyub.”//„Gündəlik Naxçıvan“