Sizcə, yardım paylayarkən minnətdarlıq şəkli çəkdirmək etikdirmi?
Naxçıvandakı aztəminatlı ailələrə Zəfər Günü ərəfəsində sovqat paylanıb. Yardım almaq istəyənlərdən isə, əllərində bağlama kameraya baxıb, minnətdarlıq şəkili çəkdirmələri istənilib. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib. Məlumata görə, imkansız ailələrin bir çoxu bunu öz qüruruna sığışdırmayıb və yardımdan imtina edib. Onların arasında şəhid və qazi ailələri də var.
Başqa tənqid olunan məqam isə, bağlamaların içərisindəki ucuz ərzaqlar olub. Sakinlər deyir ki, yardım bağlamaları böyük görünsə də, içləri yarımçıq doldurulub. Onların hər birinin içərisində cəmi 1 litr günəbaxan yağı, 2 kilo düyü, 2 kilo un, iki ədəd yarım kiloluq makaron və bir qutu vafli olub.
Yardımın təşkilatçısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasıdır. Rəsmi məlumata görə, yardım şəhid və qazi ailələrinin də daxil olduğu 1250 ailə üçün nəzərdə tutulub.
Sovqatların mənzilbaşına yola salınma mərasimində Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və muxtar respublikada səfərdə olan konfederasiya sədri Səttar Möhbalıyev də iştirak ediblər.
Şəkil Fuad Nəcədlinin rəsmi İnstaqram səhifəsindən götürülüb.
 

Dünyapress TV

Xəbər lenti