Təhsildə barbarlıq: ASP-li şagirdlərə qarşı aqressiya var -
"13 il idi təhsil sistemi ilə heç bir əlaqəm yox idi. Bu il Muradı məktəbə qədər hazırlığa qoyduq və təhsilin nə qədər bədbəxt və bərbad olmasını dəhşət içində izləyirəm. 1 ay öncə cənab nazir Emin Amrullayevin sosial media hesabından özünə mesaj formasında müraciət ünvanladım, daha sonra nazirliyin rəsmi saytında qəbul üçün onlayn müraciət etdim. Amma heç birinə cavab ala bilmədiyim üçün məcburam bunları açıq yazım".
TEREF.AZ bakupost.az-a istinadla xəbər verir ki, bunu gənc fəal Pərviz Əzimov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanda hər il 1000-dən çox uşaq ASP (Autizm Spektr Pozğunluğu) ilə dünyaya gəlir:
"Dünya ortalamasına görə hər 36 uşaqdan biri ASP-lidir. Bunların 3/4 hissəsi oğlanlar, 1/4 hissəsi qızlardır. Ölkəmizdə heç bir şeyin normal statistikası olmadığı kimi bu rəqəmin də dəqiq statistikası yoxdur. Amma rəqəm aşağı - yuxarı yazdığım kimidir.
Bu gün özəl məktəblərdən tutmuş, dövlət məktəblərinə qədər heç bir məktdəbdə ASP-li uşaqların inteqrasiyası üçün heç bir proqram yoxdur. Ümumiyyətlə, məktəbəqədər hazırlıq və ibtidai sinif pedaqoqlarının ASP haqqında məlumatı yoxdur. Hər 36 uşaqdan biri o deməkdir ki, ortalama hər 3 sinifdən birinə bir ASP-li uşaq düşür. Və bu rəqəm sürətlə artır".
Pərviz Əzimov qeyd edib ki, Azərbaycan təhsil sistemində ASP ilə bağlı bircə proqram belə yoxdur:
"Nəinki inteqrasiya proqramı yoxdur, əksinə pedaqoqlar tərəfindən bu uşaqlara qarşı bulinq var. Emin Əmrullayev hər fürsət düşəndə 150-200 min müəllimə göndərdiyi SMS-in pulu ilə ildə bir neçə məktəbin müəllimini peşəkarlaşdıra bilərdi.
Nazirlik hər il yüzlərlə mənasız layihəyələrə və xərc maddələrinə milyonlarla pul xərcləyir. Ancaq ölkənin vətəndaşlarının taleyi heç veclərinə də deyil.
Mənim müşahidə elədiklərim hələ özəl məktəblərdə olan problemlərdir. Bunu görəndən sonra adam dövlət məktəblərindəki vəziyyəti təsəvvür belə etməyə qorxur".
Gənc fəalın bildirdiyinə görə, hər il 100-lərlə ASP-li uşaq təhsildən mərhum olur:
"Bunun axırı necə olacaq, kim inteqrasiya edəcək bunları cəmiyyətə?! Bir ASP-li uşağın adi bağça xərci aylıq 1500-2000 AZN arasıdır. Azərbaycanda neçə faiz ailənin aylıq bu məbləği ödəmək imkanı var?!
Peşəkar həkim, psixiatr, klinik psixoloqlara müraciət edirsən, deyirlər, uşaq məktəbə tam hazırdır, ora getməlidir ki, daha da inkişaf etsin. Gedirsən məktəbə, biabırçılıq. Uşağı inkişaf etdirmək əvəzinə, daha da geri salırlar və ya bir çox hallarda uşağı qəbul belə etmirlər.
Peşəkarlıq qalıb bir tərəfdə, barbar qaydalarla təhsil idarə olunur".
 
 
 

Dünyapress TV

Xəbər lenti