Metronun Gənclik stansiyasına yaxın ərazidə olan- 200 saylı məktəbdə (MLK) imkanlı valideynlər üçün VİP xidmətlər yaradılıb. Ayda bəlli miqdar ödəyirsən, uşağının çantasını özü yox, məktəbdə texniki işdə çalışan xanımlar daşıyır. Maraqlıdır ki, söhbət çox da aşağı siniflərdən getmir ki, “çantaya gücü çatmadığı üçün kömək edirlər” bəhanəsi ortaya atılsın. Hansı valideynlərin bu xidmət üçün nə qədər pul ödədiyi də məlumdur. Gundeminfo.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkə hesabında yazıb. Daha sonra o qeyd edib:
"Bu hala daha çox çantanı daşımağa tam gücü çatan siniflərdə oxuyan şagirdlər arasında rast gəlinir. Mən bu məsələdə uşaqlarda heç bir günah görmürəm. Olmazmı ki, o xidmət üçün pul ödəyib, uşağını digər şagirdlərdən fərqləndirməyə çalışan valideynlər, belə bir rəqabəti övladını daha yaxşı oxumağa sövq etdirməklə, “kim daha çox savadlıdır?” prinsipi üzrə apararsın? Məktəb və onun rəhbərliyi niyə bu cür fəaliyyətləri stimullaşdırmaqla uşaqlar arasında diskriminasiya yaradır? Hətta vəziyyət o həddə çatıb ki, aşağı siniflərdə oxuyanlardan birinin valideyni uşağının başqa şagirdlərlə deyil, tək oturması üçün xüsusi yumşaq oturacaq və digər aksesuarlarla təchiz edilmiş parta yığdırıb. Məktəb deyil ey, sanki eyni təyyarədə uçan, ancaq birinin bileti biznes, digərininki isə ekanom klas olan sərnişinlərə göstərilən xidmətdir. Hörmətli Emin Əmrullayev, biz övladlarımızı məktəbə təhsil almağa göndəririk, yırtıcı kapitalizmin doğurduğu reallıqlar altında psixoloji olaraq əzilməyə yox!"