Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı…
Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 74 ünvanında yaşayan Nəbiyev Zilfiqar Hətəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, bacısı ona notarius vasitəsilə “ölüm kağızı” alaraq, qanunsuz olaraq ata evini başqa şəxslərə satıb:

"Mən, Nəbiyev Zilfiqar Hətəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılamsına kömək göstərəsiniz.

Hal-hazırda sənədlərimdə ölü bir insanam. Öz bacım mənə saxta “ölüm kağızı” çıxartdıraraq, ata mülkünü bir necə şəxsə satmışdır.

3-cü qrup əlil, həm də Birinci Qarabağ Müharibəsinin veteranıyam. 2 övladım var, biri yanımda yaşayır.

İllərlə Rusiyada yaşamışam, elə bundan da istifadə edən bacım mənə “ölüm kağızı” çıxartdıraraq torpağımı mənimsəyib satıb. Şəmkir notariusuna gedəndə məni lağa qoyub gülürlər ki, "ölü gəlib".

Rusiyaya gedib işləməyimə səbəb də bacılarım olub. Başımı götürüb getmişəm. Azərbaycanda olduğum müddətdə bacılarımla dalaşırdıq, məni tutdururdular. Dəfələrlə tutulub çıxırdım, yenə eyni hadisələr davam edirdi. Bu səbəbdən də illərlə Rusiyada yaşadım, evimin satılmağından, “ölü” olmağımdan bixəbər.

Rusiyada işlədiyim müddətdə yaxşı insanlarla tanış oldum və həmin insanlar satılan ata torpağımda mənə ev tikdirdilər. Övladlar arasında bölünən bu torpaq hərəyə 6 sot düşürdü, həmin 6 sotda mən ev tikdirdim. Nəbiyeva Hicranın qanunsuz satdığı torpaqda hal-hazırda yaşanlar Duraxanov Əli, Duraxanov Şəhla və s. qohum əqrabaları tez-tez evimə gəlib məni və uşağımı təhqir edir, döyürlər ki, çıx bu evdən, biz bu evin pulunu vermişik. Pulu alıb yeyən Hicrana söz demirlər, yiyəsiz məni görüb, mənim üstümə düşürlər.

Yoldaşımla bacım əlbir olub, torpağı satıblar. Daha sonra bacım və qonşular ailəmi yola vermədiyindən, yoldaşım evdən gedib. Uşağın biri anası ilə qalmadı, məni tək buraxmadı, gəlib yanımda yaşayır. Mən öz canımdan yox, onsuz da “ölmüşəm”, uşağımdan qorxuram. Uşağımı qonşunun uşağı təpiklə vuraraq, kor bağırsağını partladıb. Evimi alan və qonşuluğumda yaşayan şəxslər evimə gələn su borusunu qırıb. Evə 6 nəfər basqın etdi, körpə uşağımı və məni döydülər ki, çıxın evdən. Təpiklə necə vurdularsa, qolum sındı. Sübutlarım da var, amma polis işimə baxmır. Mən sabah cinayət etsəm, “ölü adam” kimi tutulacam, amma məni öldürmək istəyənlər “at oynadırlar”.

Mən sizin qəzet vasitəsilə sual verirəm: ay polislər, mən kimisə öldürsəm yenədə məni heçə sayacaqsız, yoxsa onda qanunla gəlib həbs edəcəksiz? Döyülməyimlə bağlı ekspert kağızım var, uşağım döyülür, niyə məni anlayan yoxdur?!

Qonşuluqda yaşayırlar, biri üstümə gələn kimi hamısı yığılır gəlir. Təkəm, yaşım o yaş deyil ki, onlara cavab verim. Əri yanında olan qadınlar əxlaqsız söyüşlər söyür, məni təhqir edirlər. Onun ərinin gücü çatıb susdura bilmirsə, mən yad kişi nə edim elə insanlara?!

Oğlum məktəbdə oxuyur, savadlı uşaqdı, amma yaşayış yerim yoxdur ki, onu yanımda məktəbə qoyum, təhsilinə davam etsin”.

Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı…
Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı…

P.S. Maraqlısı odur ki, 2016-ci ildə kimlik alan şəxs hələ də Əmlak Komitəsində və notariusun sənədləşməsində “ölü” kimi göstərilir. Təsəvvür edin, hal-hazırda bu insan yaşadığını sübüt edib, torpağını ala bilmir. İllərdir məhkəmələr davam edir, amma nəticə yoxdur. Deməli, Əmlak Komitəsi ilə notarius əlbir olub, bir insanın həyatını məhv ediblər. Belə çıxır ki, bizim daxili mübarizəmiz ermənilərlə mübarizədən daha çətin olacaq.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti