"Cənab nazir, bu sahə məhv olmaq üzrədir..."
“25 ilin arıçısıyam. 100 arı təhnəm var. Ötən il hər təhnədən 15 kq bal alırdımsa, bu il 2-3 kq bal oldu. İyul ayında ton yarım əvəzinə 250 kq bal topladım, onu da 5 ildir ki, davamlı iştirak etdiyim bal yarmarkasına aparacam. Artıq 500 manat xərcim laboratoriya və yer haqqına çıxıb. Kiloqramını 30 manatdan satım ki, sərf etsin. Kəndimizdə, rayonda çox arıçı məhsuldarlıqda itirdi. Subsidiyanı isə beş il aldım və ötən il bitdi, artıq dövlətdən dəstək yoxdur. Yazda bu dəstək bərpa olsa, yaxşı olar”, – arıçı Mansur Orucov deyir.

Mansur Orucov ölkədəki 32933 arıçı təsərrüfat sahiblərindən biridir. Balakənin Talalar kəndində illərdir ki, arıçılıqla məşğul olub, fərdi dolanışığını baldan gələn gəlir ilə təmin edir. Onun kimi ölkənin əksər arıçıları builki hava şəraitinin əlverişsiz keçməsindən, yazda yağıntıların bol olmasından dolayı arılarına yem tapmaqda çətinlik çəkib. Nəticədə bəziləri az, bəziləri heç bal götürə bilməyib. Bu isə balın qiymətlərində 5-10 manat miqdarında artıma səbəb olub.

Arıçı Vüsal Bodurovun sözlərinə görə belə hava şəraiti, ümumiyyətlə region boz Qafqaz cinsindən fərqli olaraq qərbdən gətirilən arı cinsləri üçün uyğun deyil. Yerli cins isə bir neçə ildir ki, sıradan çıxır.

“Ötən il 20 manat idisə, bu il 30 manatdır

“Xəstəliklərdən də qırılırlar. 18 təhnəmdən dörd təhnəm qaldı, hamısı qırıldı. Onu da artırıb 9 təhnəyə çatdırdım, ümumi 18 kiloqram bal toplaya bildim. Yağışdan dolayı arı böyürtkən meyvəsi ilə qidalandı, hərəkət edə bilmədi, yer dəyişmək mümkün olmadı. Odur ki, rəngi qaradır balımın. Rənginə görə hələ ucuz satacam. Ötən il 20 manat idisə, bu il 30 manatdır”, – arıçı danışır.

“Elə arıçılar var idi ki, balı çox olanda rayon daxilində 13-15 manatdan da satırdı. İndi onlar da 20-25 manata nizamlayıb qiymətləri. Satış üçün uzaq məsafə, bal yarmarkasının xərcləri sərf etmir, yaxşısı rayon daxilində münasib qiymətə satmaqdır. Mütəxəssislər, şərait də yoxdur ki, güclü məsləhətlər alasan, dəstək görəsən. Ona görə baha da olsa, yazda cins ana təkini 25-30 manata alıb, arı töhnələrinin sayını artırmağı düşünürəm”, – Vüsal Bodurov deyir.

“Baldansa təhnəni satmaq sərf edir”

Balakənli Soltan Bodurov adlı arıçı isə mövcud vəziyyətdən çıxış yolu kimi təhnələrini satmaq məcburiyyətində qalıb. Bir təhnə on kiloqram balın pulu edir. O növbəti illərdə də damazlıq arı cinsləri alaraq təhnələrinin sayını artırıb satmağı düşünür.


“Məhsuldarlıq sıfır, çox zəif oldu. Bir təhnədən 15-20 kq məhsul götürən mən bu il ən yaxşı halda üç kiloqram ala bildim. Bir ton bal satdığım il olurdu. Ona görə təhnələrimin çoxunu Qarabağ regionundan gələnlərə satdım. Baldansa təhnəni satmaq sərf edir. Bir təhnədən üç şanı 100-150 manata, hətta 170 manata, təhnə qarışıq isə 250-300 manata satdıq. 12 təhnə saxladım. Gördüm yağıntı çoxdur, məhsul olmayacaq, buna da şəkər yedizdirəsi olsaq, heç sərf etmir, odur ki, arı töhnələrinin sayını artırıb regionlara satmağı düşünürəm”.

Statistikaya görə, ötən il ölkədə 656,1 min arı ailəsindən ümumi 445,9 ton bal istehsal olunub ki, bu, 2021-ci illə müqayisədə 9,45 % çoxdur. Bu il isə mütəxəssislər hava şəraiti ilə əlaqədar bal istehsalının 2-3 dəfə az olacağını düşünür. Kənd Təsərrüfatı Nazirliyi dəqiq göstəricilərin gələn il ərzində açıqlanacağını deyir.

“Arıya dəyən ziyan arıçılardan asılıdır”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirir ki, ölkədə bu il hava şəraiti ilə əlaqədar balın miqdarında azalma olsa da, satış qiymətinin müəyyənləşdirilməsi arıçılardan asılıdır.

O, ölkədə balın kütləvi satışı ilə bağlı ildə bir dəfə yarmarkanın keçirilməsi ilə yanaşı, xarici bazarlara ixracın arıçıların fərdi təşəbbüslərindən asılı olduğunu əlavə etdi:

“Balın ölkədə müxtəlif qiyməti var, kiloqramı 5 manatdan tutmuş 60 manat qədər. Qiyməti arıçılar özləri müəyyən edir. Arıçılar qiymətin baha olmasından dolayı satışda problem yaşaya bilər. Arıya dəyən ziyan arıçılardan asılıdır. Biri yaxşı baxır, digəri yaxşı baxa bilmirsə, təsərrüfatda qırılma olur. Bizim apardığımız araşdırma da göstərdi ki, yağıntıların bol miqdarı bal istehsalına mənfi təsir etdi. Ancaq regionlara görə fərqlidir. Nazirlik bunun monitorinqi ilə məşğul deyil deyə, regionlarda nə qədər arıçıya hava şəraiti ziyan vurub, bunu bilmirik. Adətən peşəkar arıçılar aktiv yerdəyişmə apardığına görə onların yaxşı məhsulu olur. Elə arıçılar var ki, məhz yağıntılardan dolayı məhsul götürə bilməyib”.

“Bu il də oktyabrdan iqtisadi zonalar üzrə bal yarmarkası keçirilir və 250 arıçı 400 kq bal, 60 şan satışa çıxara bilər. Arıçı var 100 kq, arıçı var 400 kq gətirir. Ancaq keyfiyyət məsələsi var. Sertifikat göstəriciləri uyğun gəlməyənlər yarmarkaya buraxılmır. Yarmarka bitəndən sonra məlumatlar paylaşılır. Xarici bazar hazırda fərdi təşəbbüskarlardan asılıdır. Fərdi şəkildə sahibkar Lətif Binyətoğlu tərəfindən Yaponiyaya belə məhsul göndərildi. Sahibkarlar özləri axtarıb, xaricdə özlərinə bazar tapıb sata bilər”, – Vüqar Hüseynov deyir.

Arıçıların subsidiya ilə bağlı narazılığına gəlincə, nazirlik rəsmisi bildirib ki, subsidiya beş il nəzərdə tutulub və ötən ilə qədər verilib: “2018-ci ildə Nazirlər Kabinetinin qərarı vardı ki, beş il veriləcək və bitəcək. Ötən il bitdi və beş il də dövlət arıçılara öz dəstəyini göstərdi. Biz icraçı qurumuq bu məsələdə”.

Ölkədə adambaşına düşən illik istehlak səbətində balın miqdarı 500 qram təşkil edir. Bu, dünyada orta istehlak göstəriciləri ilə müqayisədə aşağıdır. Türkiyə və bəzi qərb ölkələrində həmin göstərici 1-1.5 kqdır. Çin, Kanada kimi iri ölkələrdə bir arı təhnəsindən 48-55 kq arası bal götürmək olur ki, kənd təsərrüfatı üzrə mütəxəssis bunun Azərbaycanda da mümkün sayır.

“Arıçılığın inkişafı üçün mütəxəssislər işləməlidir”

Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, arı ailələrinin sayını və məhsuldarlığını artırmaq üçün öncə ölkədə yem bazasını gücləndirmək, bitkiçiliyi inkişaf etdirmək, meşə ehtiyatını artırmaq istiqamətində dövlət kompleks tədbirlər görməlidir:

“Azərbaycanda arıçılığın inkişafı üçün bitkiçilik inkişaf etməyib. Bitkiçiliyin inkişafı ilə arıların yemə olan bazası təmin olunmalıdır. Arıçıların yem üçün müxtəlif region dəyişməsi həm vaxt itirir, həm məhsuldarlığa təsir göstərir, həm də xərci artırır. İqlim dəyişməsinin yaratdığı problemlər də bir tərəfdən. İntensiv yağıntılar, sel, dolu dağıntılara səbəb olur. Hər iki problem arıçıların işinə təsir edir, həm də məhsuldarlığa. Yem azlığı arılar arsında xəstəliyi də artırır. Zəif olanda xəstəlik çoxalır. Hökumət məsləyə kompleks yanaşmalıdır, bunun üçün də peşəkar mütəxəssislər olmalıdır”.

Vahid Məhərrəmli deyir ki, problemin həlli, məhsuldarlığın artımı, arıçılığın inkişafı üçün mütəxəssislər işləməlidir. Necə etmək olar ki, heyvandarlıq, arıçılıq və bitkiçilik inkişaf etsin deyə kompleks tədbirlər həyata keçirilməlidir:

‘Belə olduğu təqdirdə arıçılar yerdəyişmə vəziyyətindən azad olar. Meşə ehtiyatı bizdə azdır və həmin ehtiyatları müəyyən adamlar qoruyur, ancaq inhisara alınır. Arıçılığı həm də meşələrdə artırmaq olur. Ağaclar seyrəkdir, təbii yanğınlar artır, bu da təsir edir. İndiki şəraitdə arıçılar zülümlə o təsərrüfatı əldə edib qoruyur, əziyyət çəkir. 6-7 dəfə il ərzində arının yerini dəyişir ki, bu ağır bir prosedurdur. Əlavə işçi qüvvəsi, yol xərci, yer icazəsi və s. tələb olunur. Hökumət bu istiqamətdə iş görmür”.

“Türkiyə ilə birgə təsərrüfatın inkişafı üçün institut yaradıla bilər”

Mütəxəssis damazlıq arı cinslərindən yerli mühitə uyğun olanının xarici ölkədən gətirilməsini əsas sayır. Həmçinin Türkiyə ilə birgə bu sahədə institut yaradıb arıçılığın inkişafına töhfə verilməsini ən uyğun həll yolu hesab edir. Birlik və yarmarkaların isə regionlarda olmasını monopoliyadan xilas kimi qaçılmaz görür. Qonşu ölkələrlə müqayisədə balın qiymətinin baha olmasını balın maya dəyərinin baha olması ilə əlaqələndirir:

“Bunlarla xüsusi institutlar məşğul olmalı, arıçılığın inkişafı, məhsuldarlığı, damazlıq təsərrüfatının inkişafı üçün xaricdən uyğun ölkələrin arı cinsləri gətirilməlidir. Türkiyədə yetişdirilən cinslər bura daha uyğundur. Hökumət təşəbbüs göstərməli, nazirlik çalışmalıdır. Formal xarakterli işlərlə olmur”.

Vahid Məhərrəmli deyir ki, arıçılar özləri birləşib, regional qurumlarla çalışıb, bal yarmarkaları təşkil edə bilər. Hesab edir ki, rayon səviyyəsində balın qablaşdırılması üçün müəssisə yaradılmalıdır.

“Bunun üçün yüksək vəsaitə ehtiyac yoxdur. Hər rayonda da bu müəssisə olmalıdır. Balın keyfiyyətini yoxlayıb sertifikat verməlidir. İstənilən bazara çıxış əldə ediməlidir. Balın qiyməti baha başa gəlir ki, məhsuldarlıq aşağıdır. Məhsuldarlıq artdığı təqdirdə qiymət də aşağı olar. Ötən il ortalama 26-27 manat idi, bu il bahalaşma var. İranda 5 manat, Türkiyədə 17 manatdır. Bu da bizdəki balın maya dəyərinin baha olduğunu göstər, çünki məhsuldarlıq aşağıdır. Çox bal istehsal edilsə, cins arıların baha qiymətə satılması da gözə görünməz”, – mütəxəssis vurğulayıb.
 //meydanTV//
 

Dünyapress TV

Xəbər lenti