Ölkədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi adlı bir qurum var. Qurumun əsasnaməsində yazılır ki, onlar dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən Azərbaycan Respublikasının publik hüquqi şəxsdir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılıb. Mərkəzə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri edir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Bu təqdimatı təsadüfən etmədim. Göründüyü kimi, Fərid Şəfiyev adlı şəxsə və onun rəhbərlik etdiyi quruma şəxsən Prezident tərəfindən böyük etimad göstərilib. Bir sözlə, bu qurum ölkənin “beyin mərkəzi” rolunu oynamalıdır. Ancaq gəlin görək, ölkəmiz üçün belə həssas bir məqamda Fərid Şəfiyev nə etdi? Çıxdı birbaşa ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən media qurumuna videomüsahibə verdi və ölkənin Qarabağla bağlı yürütdüyü siyasətlə uzlaşmayan bir mövqe ortaya qoydu. Məsələn, dedi ki, bizim hələ Xankəndiyə girib, orada idarəetməni birbaşa əlimizə almağımıza hələ çox var. Ardınca nə oldu? Hakimiyyətin nəzarətində olan media resursları adının açıqlanmasını istəməyən yüksək dövlət rəsmisinə istinadən Fərid Şəfiyevlə bağlı çox sərt ritorikaya söykənən mövqe ortaya qoydular. Həmin yazı hətta belə bir başlıqla tirajlandı- Fərid Şəfiyev HEÇ KİMDİR: "Onun belə fikirlər səsləndirməyə nə haqqı var, nə də səlahiyyəti". Bunun ardınca, Fərid Şəfiyevin rəhbəri olduğu qurumun adından güya onun mövqeyinə düşəliş edildi. Yenə də günahı atdılar medianın üstünə. İddia olundu ki, güya Fərid Şəfiyevin fikirləri təhrif olunub, kontekstdən çıxarılıb. Görünən budur ki, Fərid Şəfiyevi bərk danlayıblar. Hansı təhrifdən söhbət gedə bilər ki, əgər sən videomüsahibə veribsən. Mən həmin müsahibəni sona qədər izlədim və Fərid Şəfiyevin həqiqətən bəzi “quşlar” buraxdığının şahidi oldum. Mühüm quruma rəhbərlik edən təcrübəli bir diplomatın belə həssas məqamda, məhz “Azadlıq” radiosunda deyilən səpkidə müsahibə verməsi təsadüf sayıla bilməz. Bu, daha çox hakimiyyətin kursuna açıq etiraza bənzəyir. Niyəsi isə çox maraqlıdır…