6 apellyasiya hakimi cavabdeh xidmət qurumunun sifarişi ilə 1-ci dərəcəli qaziyə qarşı
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını, daşınar-daşınmaz əmlakının hamısını dələduzluqla sosial müdafiə, ədliyyə, icra, məhkəmə orqanlarının aparması on ildir sürən özbaşınalıq faktı kimi hamıya bəllidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, icra sənədi olmadan Qarabağ qazisinin pensiyası məktubla (?) yarıqat edilib və heç bir məhkəmə də Konstitusiyanı, qanunu rüşvətdən korrupsiyadan üstün tutmur. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin və apellyasiya instansiyasının qanunsuz qərardadlarını 2 dəfə Ali Məhkəmə ləğv edib , di gəl , 3-cü dəfə yenə də qərardadı ləğv edilən hakimin özünə baxmağa verilib. Təbii ki, Bakı İM-in hakimi Nəriman Abıyev “öz ayranına turş deməyəcəkdi” . Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarını 2 ildən sonra medianın işə qarışmasından sonra verməsi, Ali Məhkəmənin heç bir əsas olmadan kassasiya şikayətini mümkünsüz etmək çabaları Qarabağ qazisinin hüququ üzərində qanunsuz eksperiment yetgisi bağışlayır.
Son çağlarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlərdə hökm sürən özbaşınalıq Ginnesin rekordlar kitabına düşməsə də, Məhkəmə Hüquq Şurasının araşdırma kitabına düşüb. Özbaşınalığın dərəcəsinə baxın, 1-ci dərəcəli Qarabağ qazisinin Sabunçu məhkəməsinin (hakim Adilə Paşayeva) cavabdeh xidmət qurumunun qeyri- prosessual sifarişi ilə icraata xitam verməsi qərardadından şikayətini Bakı AM-in Mülki Kollegiyası( sədrlik edən Günay Axundova, Fuad Babayev və Cəmilə Musayeva) 24.07.2023 tarixli qərardadla təmin etməyib. Kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında qazinin anında verdiyi ərizəsinə iş üzrə hakimlər olmayan Fuad Abdıyev, Anar Tanrıverdiyev , Fərrux Qasımov üçlüyü 20 (?) gün sonraya təyin etdikləri iclasda “baxıb” və qazinin “gəlir deklarasiyası”nın dövlət hesabına vəkil ayrılmasına əsas vermədiyi “haqqı” ilə vəkil ayrılmasından 24.08.2023 tarixli aktla imtina edilib. MPM-in 67-1 maddəsinə zidd olaraq bu qərardaddan kassasiya verməyə də qadağa qoyulduğundan, iddiaçı qazi 29.08.2023-cü ildə birbaşa Ali Məhkəməyə elektron qaydada kassasiya şikayəti verib. Qanunsuz heyət – Fuad Abdıyev, Anar Tanrıveriyev, Fərrux Qasımov bu şikayəti də 05.09.2023 tarixli qərardadla geri qaytarıb ki, mümkün deyil. Hüquqsuzluq eksperimentindən bezən qazi 06.09.2023 tarixli kassasiya şikayətini şəxsi kabinetdən təqdim edib və yenə də qanunsuz heyətin 07.09.2023 tarixli qərardadı ilə şikayətin ali instansiyaya göndərilməsindən imtina edilib. Bundan sonra iddiaçı şəxsi kabinetdən şikayətin ali instansiyaya göndərilməsini tələb edib və …
“Elektron məhkəmə” sistemində 13.09.2023 tarixli qərardadın 15.09.2023-cü ildə yerləşdirilməsi növbəti “ŞOK-ŞOU” EFFEKTİ yaradıb. Bu qərardadı qanuni heyət -Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva imzalasa da, qərardad tam qanunsuz olub. Qanuni heyət 06.09.2023 tarixli kassasiya şikayətinə yox, guya iki ay qabaqkı 24.07.2023 tarixli qərardaddan şikayətə baxıb və vəkil yazmadığından, müddət ötürüldüyündən ali instansiyaya göndərməkdən imtina edib. Üçü qanuni, üçü qanunsuz iki heyətin- 6 hakimin cavabdeh xidmət qurumunun sifarişi ilə 1-ci dərəcəli Qarabağ əlilinə qarşı özbaşınalıq eksperimentinə baxın: 2 ay qabaq Qarabağ əlili vəkillə təminatına ərizə verib, qanunsuz heyət- FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV, FƏRRUX QASIMOV təmin etməyib, indi 2 aydan sonra qanuni heyət -GÜNAY AXUNDOVA, FUAD BABAYEV, CƏMİLƏ MUSAYEVA qazi-əlili vəkilsiz şikayət verməkdə, müddəti ötürməkdə suçlayır.
Əlillərin, qazilərin hüquqları üzərində “ məhkəmə- hüquq şousu”, eksperimenti nə qədər sürəcək? Rüşvət, korrupsiya vicdandan , Konstitusiyadan beləmi üstündür?!
Məğrur Bədəlsoy
İddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az