Naxçıvanda unun qiymətinin 30 faiz aşağı salınması ilə bağlı iki həftə öncə rəsmi məlumat yayılmışdı. DİA.AZ xəbə verir ki, br qrup yerli sakin isə „Gündəlik Naxçıvan“a müraciət edərk, bu məlumatın yalan olduğunu, əksinə, unun qiymətinin bahalandığını bildiririb. Elə, bizim yerli marketlərdə apardığımız monitorinq də Naxçıvan Ali Məclisinin rəsmi orqanı olan Naxçıvan Televiziyasının ucuzlaşma ilə bağlı xəbərinin həqiqəti əks etdirmədiyini göstərir. Rəsmi məlumatda bildirilirdi ki, 50 kiloqramlıq unun kisəsi 37 manatdan 27-yə endirilib. Bizim araşdırmalarımızın nəticəsinə görə isə əksinə, bu məhsul bir manat bahalanaraq, 38 manat olub. Şərur rayon sakini Arzu Məmmədov deyir ki, unun ucuzlaşması ilə bağlı rəsmi xəbəri eşidəndə çox sevinib. Lakin, muxtar respublikadakı bütün satış mərkəzlərini, marketləri ələk-vələk etsə də deyilən qiymətə un tapa bilməyib: “Biz böyük ailəyik və evdə çörək bişirməklə hər ay iki kisə 50 kiloluq un istifadə edirik. Xəbəri eşidib, çox sevindik ki, hər ay 20 manat qənaət edəcəyik. Sən demə, yalan xəbər imiş. Rayonumuzda, qonşu rayonlarda və Naxçıvan şəhərində bütün dükanlarl axtardım, deyilən qiymətə un tapa bilmədim. Un necə ucuzlaşıb ki, ən aşağı keyfiyyətli unun 50 kiloluq kisəsinin qiyməti 38 manatadır. Hələ, bir manat da bahalanıb. Yüksək növ un isə 44-45 manatadır. Digər çəkili un kisələrinin də qiymətlərində heç bir endirim yoxdur. Həmişəki kimi yalan məlumat yayıb, insanları aldadıblar”. Kəngərli rayon sakini Qurban Musayev isə deyir ki, bu xəbəri eşitdikdən sonra, çörək və digər un məhsullarının da ucuzlaşacağını zənn edib: “Çox sevindik ki çörək də ucuzlaşacaq. Əksinə, qiymət öz yerində qalıb, çörəyin çəkisi aşağı salınıb. Mən hər ay lavaş alıram. Lavaşçıya deyirəm ki, un ucuzlaşıb, niyə qiyməti aşağı salmırsınız. Dedi ki, yalan məlumatdı, əksinə biraz bahalanıb, ona görə də lavaşın çəkisini aşağı salmağa məcbur olmuşuq”. Unun topdan satışı ilə məşğul olan sahibkarlar da qiymətlərin aşağı salınması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyirlər. Bu xəbəri paylaşdıqdan sonra „Gəmiqaya Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Canməmməd Canməmmədov „Gündəlik Naxçıvan“la əlaqə saxladı. Unun ucuzlaşması haqda məlumatın həqiqəti əks etdirmədiyi ilə bağlı paylaşıma etiraz edən icraçı direktor bidirir ki, MMC-yə gəlib, rəsmi məlumatda göstərilən qiymətə un almaq mümkündür: “Naxçıvanda unun ucuzlaşması ilə bağlı məlumat həqiqətdir. İstənilən şəxs bizim müəssisənin Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən ünvanına gəlib, 50 kiloluq unu 27 manata ala bilər. Xahiş edirik, məlumatınızı yenidən araşdırın. Unun köhnə və yarasız olması ilə bağlı iddialar da həqiqəti əks etdirmir. Biz yeni qablaşdırılmış keyfiyyətli unu qeyd etdiyimiz qiymətə satırıq. Biz marketlərə də topdan ucuz qiymətə satırıq. Gedib, bu marketlərdən də ala bilərlər”. Lakin, icraçı direktor ucuz qiymətə unu hansı marketlərə verdikləri, 50 kiloluq kisənin MMC-dən başqa harada 27 manata satılması ilə bağlı suallarımızı cavabsız qoydu.