İrandan Azərbaycana daxil olan narkotiklər necə, hansı yollarla daşınır? – RƏSMİ QURUMLAR NİYƏ SUSURLAR? + AUDİO / YENİLƏNİB
Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində demək olar ki, hər gün onlarla şəxs həbs olunur. Heç də təsadüfi deyil ki, hazırda Penitensiar Xidmətin həbsxanalarında cəza çəkən 27 min nəfərə yaxın məhbusdan təxminən 15-16 min nəfəri məhz narkotiklə əlaqədar “yatır”. Hətta bu səbəbdən müxtəlif ekspertlər tərəfindən belə bir fikir də ortaya atılıb ki, ölkədə narkotik ittihamı ilə həbs olunan məhbuslar üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilməlidir.

Stopnarkotik.az saytı olaraq bizim apardığımız araşdırma nəticəsində də məlum olmuşdu ki, hazırda post-sovet ölkəsi olan Belarusda analoji metod tətbiq olunur, yəni narkotik ittihamı ilə həbs olunan məhbuslar ayrı kolonda saxlanılır və bu, problemin həllinə mühüm təsir göstərir. Lakin hazırda yazımızın mövzusu bu məsələ olmadığından, bütün bunlarla bağlı qarşıdakı günlərdə daha ətraflı məlumat verəcəyik. İndi isə ölkəmizdə ələ keçirilən külli miqdarda narkotik vasitələrin hansı yollarla Azərbaycana daxil olmasına aydınlıq gətirməyə çalışacağıq.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1693503848_2.jpg
Məqaləmizin əvvəlində də qeyd etdiyimiz kimi, narkotik ticarətinə qarşı mübarizə çərçivəsində hər gün onlarla vətəndaşımız həbs olunur. Üstəlik, bu zaman külli miqdarda narkotik maddə də ələ keçirilir. Bəllidir ki, bu narkotiklərin böyük əksəriyyəti, təxminən 95 faizi İrandan daxil olur. Yəqin ki, bunu ölkəmizdə bilməyən çox az adam tapılar. Amma bu narkotiklərin Azərbaycana necə, hansı yollarla daxil olması əksər vətəndaşlarımız üçün sirr olaraq qalır. Çünki müvafiq qurumlar nədənsə bu haqda cəmiyyətə açıqlama verməkdə maraqlı deyillər. Fikrimizin təsdiqi üçün bir neçə misal gətirək.

Məsələn, iyul ayının 8-də İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxsin saxlanıldığı haqda açıqlama verildi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a bildirildi ki, Sabunçu rayonunda keçirilən əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış keçirilən zaman 93 kiloqram narkotik, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib. Ən maraqlısı isə odur ki, saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Kazım” adı tanışının vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib...

Daha bir fakta diqqət edək. Avqustun 5-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən Stopnarkotik.az-a bildirildi ki, İrandan ölkəmizə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən növbəti mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanalar – 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla ümumilikdə 73 kq narkotik vasitə və psixotrop maddə, həmçinin 1500 ədəd "Metadon" həbi aşkarlanıb.

O da məlum olub ki, N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə ediblər.

Dəyərli oxucuların bir daha diqqətinə çatdıraq ki, hər iki əməliyyat zamanı 1-2 kiloqram deyil, külli miqdarda – birincidə 93 kiloqram, ikincidə isə 73 kiloqram narkotikin ələ keçirilməsindən söhbət gedir. Bu isə o deməkdir ki, sözügedən narkotik vasitələr ölkəmizə qrup halında keçirilib. Bəs, bu narkotiklər hansı yollarla və necə Azərbaycana daxil olub? Adətən rəsmi qurumlar bu sualın qarşılığında “İrandan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə Azərbaycana, buradan da digər ölkələrə göndərməyə çalışırlar”, - deyə cavab verirlər.

Birincisi, indiki şəraitdə “keçilməsi çətin olan dağlıq ərazilər” ifadəsini işlətmək yanlış və gülüncdür. Bir halda ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) üçün bütün maddi-texniki imkanlar yaradılıb, o zaman hansı “keçilməsi çətin olan dağlıq ərazilər”dən danışmaq olar?! Xüsusən də, Azərbaycanın kosmosa yeni-yeni peyklər buraxdığı indiki ərəfədə DSX-nın sərhədimizə nəzarət edə bilməməsi haqda düşünmək absurd olar. Deməli, burada maddi-texniki imkanların yetərsizliyindən deyil, yalnız məsuliyyətsizlikdən, yaxud da bu və ya digər səbəblərdən qaçaqmalçıların fəaliyyətinə göz yumulmasından söhbət gedə bilər.

O ki qaldı narkotik vasitələrin dəniz yolu ilə daşınması haqda iddialara, qeyd etdiyimiz iradlar burada da keçərlidir. Üstəlik, “keçilməsi çətin olan dağlıq ərazilər”ə nisbətən narkotiklərin dəniz yolu ilə daşınmasının qarşısını almaq daha asandır. Demək, rəsmi qurumların qeyd etdiyi hər iki “səbəb” sadəcə bəhanədir və öz fəaliyyətsizliklərini ört-basdır etmək məqsədi daşıyır.

Yox, rəsmilər bizim “haqsız” olduğumuzu iddia edirlərsə, o halda yaxşı olar ki, istər DİN, istər DSX, istər də digər müvafiq qurumlar hər bir narkoşəbəkəyə qarşı əməliyyat zamanı ələ keçirilən narkotik maddələrin sayı, növü, tərkibi, çəkisi və s. haqda məlumat verməklə yanaşı, hətta onların İran vətəndaşları “Kazım”, “Rza” və digərlərinin əli ilə ölkəmizə keçirildiyini elan edən zaman həmin narkotiklərin Azərbaycana necə, hansı “keçilməz” yollarla, quru, yoxsa dəniz vasitəsilə, hansı rayonun, hansı kəndin ərazisindən daxil olduğu haqda da açıqlama versinlər. Hər halda bu zaman cəmiyyədəki bununla bağlı bir çox söz-söhbətlərə son qoyulmaqla yanaşı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətə dəstək olmaq istəyən vətəndaşlar üçün də əlavə imkanlar yaradılmış olar...

Stopnarkotik.az

P.S. Rəsmi qurumların iddia etdiyi “keçilməz yollar”dan söhbət düşmüşkən, Stopanarkotik.az saytı olaraq bu haqda bir neçə dəfə yazmışıq, bir daha qeyd etməkdə fayda görürürk: həqiqətən də İranla sərhədə nəzarət etmək mümkünsüzdürsə, o zaman sərhəd xətti boyunca istehkam qurğularının qurulmasına ehtiyac var. Güman edirik ki, bu, narkotiklərin qaçaqmalçılıqı yolu ilə ölkəmizə daxil olmasının qarşısının alınmasına böyük fayda vermiş olar.

Dünyapress TV

Xəbər lenti