İş adamları   Fərəcovdan borcunu qaytarmasını tələb edir - Deyəsən  "vəziyyət  uruscadı"
Müdriklər deyib, "Kələklə gələn, küləklə gedər".

Bəli, taa Abşeron rayon İcra Hakimiyyətinin başçısı olduğu zamandan bugünə qədər az qala Abşeron və Sumqayıtı "kəndi satın almış köy ağası" kimi idarə edən Zakir Fərəcovun deyəsən vəziyyəti ürəkaçan deyil...

Bir zamanlar adı gələndə işində hər hansı bir süni əngəl yaradacağından qorxub tir-tir əsən, bir sözünü iki etməmək məcburiyyətində qalan iş adamları yoldaş Fərəcovun "dalanda qarşısını kəsiblər".

Bəli, biz yuxarıda işlətdiyimiz atalar məsəlini elə-belə yazmadıq.

Redaksiyamıza daxil olan bir qrup iş adamları Fərəcovun onlara külli miqdarda pul borcu olduğundan və uzun müddətdir ki, geri ala bilmədiklərindən gileylənirlər.

Belə ki, Laçını alan sərkərdənin (ölkə başçısının) tapşırıqlarına məhəl qoymayıb xalqa xidmət deyil, ağalıq edən, həmçinin Laçın uğrunda canını qurban verən şəhidlərin ailələrini, qaziləri görməzdən gələn və etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə hazırda Laçında böyük biznes obyektləri qurduran Zakir Fərəcov sən demə dövlət büdcəsindən şəhərin abadlaşdırılması, dənizkənarı Sumqayıt bulvarının yenidən qurulması üçün ayrılan vəsaitləri "cibinin pulu" kimi xərcləyib, işi təhvil vermək zamanı gələndə şirin dilini işə salıb, lazımi işləri onların özlərinin dili ilə desək, güya borc almaq adı altında iş adamlarına gördürüb.

Həmçinin, dövlət banklarından birindən külli miqdarda kredit götürüb. Etibarlı mənbənin "DogruXeber.az"a bildirdiyinə görə hazırda həmin bank Fərəcovu məhkəməyə verdiyi üçün, vəziyyəti biraz kritikdir.

Hə...bir də deyiblər ki, "Kəsənin üzünü tikən ağardar."

Fərəcovun üzünü ağardanlar isə artıq uzun müddətdir ki, onun yaşatdığı əsəb-stress içində dövlət qurumlarının qapılarını döyürlər.

Bundan əlavə, onlar mətbuata üz tutublar ki, "Jurnalistlər mənim dostumdur. Mən çox vaxt məlumatları mətbuatdan alıram" deyən ölkə başçısına bəlkə bu yolla, onun etimad göstərib bir şəhərə rəhbər təyin etdiyi Fərəcovun onlara nə divan tutduğunu çatdıra bildilər.

Beləliklə, onların "DogruXeber.az" redaksiyasına göndərdikləri müraciətdə deyilir ki, " Zakir Fərəcov Dənizkənarı bulvar başda olmaqla bütün şəhərdə aparılmış bir çox abadlıq işlərini biz iş adamlarına gördürüb. Amma, 6 ildir ki, hər birimizə ayrı-ayrılıqda borclu olduğu milyonları geri ala bilmirik.

Bulvarın tikintisi üçün dövlət büdcəsindən pul ayrılmadığı yalanını danışmaqla, bizi aldadıb, borclu olduğu məbləğin 30 faizini ona bağışlamağımızı tələb etdi. Biz də ölkə üçün dövlət üçün görülən işlərdə qatqımız olsun deyə buna razılaşdıq və 30 faizi notarial qaydada bağışladıq. Geri qalan məbləği isə hələ də ödənilməmiş qalır.

İndi də Zakir Fərəcov deyir ki, güya ona şəhərdə öz hesabından bir neçə təhsil müəssisəsi tikdirmək tapşırığı verilib, bunun üçün də 6.000.000 (altı milyon) manat vəsait lazımdır, ona görə borcları verə bilməyəcək.

Prezidentin etibar etdiyi bu şəxs bu cür yalanları ilə dövlətə və dövlət başçısına qarşı da iş adamları arasında inamsızlıq yaratmağa çalışır. Biz bilirik ki, dövlət tapşırıq verdiyi işlər üçün büdcədən vəsait ayırıb, amma o vəsaitin hara xərcləndiyi kimsəyə məlum deyil. Təbii ki, Fərəcovun özündən başqa...

Bir də bilsə-bilsə Fərəcovun ən etibarlı adamları olan Baş memar Adil Xudadatov və Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev bilər. Çünki, bütün işləri Zakir Fərəcov məhz onların iştirakı ilə həyata keçirir. Bizə əvvəllər az-az verilən məbləğləri də məhz Adil Xudadatov şəhərdə fəaliyyət göstərən sahibkarlar və iş adamlarından yığıb verirdi."

Görünür, ölkənin ən böyük sənaye şəhərlərindən biri olan Sumqayıtda, el dilində desək, "at izi, it izinə qarışıb ". Maraqlıdır, ödəniş, pul məsələlərinə baş memar baxırsa, qurumun mühasibi nə işə yarayır?

Bir də diqqət etdinizsə iş adamları "Fərəcovun etibarlı adamları" ifadəsini işlətdilər. Elə Zakir Fərəcovun da pul, ödəniş məsələlərini aidiyyatı üzrə qurumun mühasibinə deyil, baş memar Adil Xudadatova həvalə etməsinin özü də müəyyən şübhələr doğurur.

Qeyd edək ki, bu barədə hələlik, "şübhə" deyə bəhs edirik ki, ətraflı yazsaq material çox uzanacaq.

Odur ki, materialı daha da uzadıb sizləri yormamaq üçün, bu dəfə mövzuya qısa giriş verdik. Qarşıdakı günlərdə isə başçının etibar edilən şəxslərə niyə etibar etdiyi, Fərəcovun borclu olduğu iş adamlarının adları, ayrı-ayrılıqda müraciətləri və borclu olduqlari məbləğləri, həmçinin Fərəcovun sahib olduğu mülkləri, biznesləri, eləcə də hazırda tikintisi gedən biznesləri barəsində daha ətraflı məlumatları təqdim edəcəyik.

Yetər ki, diqqətiniz bizdə olsun.

Yeri gəlmişkən, hər kəsə məlumdur ki, "DogruXeber.az" hər zaman adının haqqını verərək məlumatlar dərc edir və mütləq qarşı tərəfin də mövqeyini öyrənməyə çalışır.

Bu dəfə də ənənəmizə və media haqqında qanunlara sadiq qalaraq, məsələ barəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənmək üçün əsas adı çəkilən şəxslərdən biri olan Gündüz Əliyevə zəng etdik.

Gündüz Əliyev fikir bildirmək istəmədiyini, suallarımızı mətbuata cavabdeh olduğunu dediyi Eyvaz Qocayevə ünvanlamağimızı bildirdi.

Halbuki, "Aparatın strukturu"nda Eyvaz Qocayevin adı Gündüz Əliyevin müdiri olduğu Ərazi İdarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi olduğu yazılıb. Demək ki, çəkdiyimiz el məsəli burda da özünü bir daha göstərdi.

Əlqərəz...

Gündüz Əliyevlə sağollaşıb, zəng etdik "mətbuata cavabdeh" Eyvaz Qocayevə. Eyvaz Qocayev isə bildirdi ki, suallarımızı yazılı şəkildə votsap vasitəsilə ona göndərək. Biz də razılaşdıq.

Odur ki, sualları dərhal hazırlayıb, cəmi bir neçə dəqiqə sonra votsap vasitəsilə göndərdik.

Qeyd edək ki, bütün bu zənglər , suallar günün birinci yarısında həyata keçirildi.

Mesajın çatmasına baxmayaraq, iş gününün sonuna qədər Eyvaz Qocayevdən heç bir cavab gəlmədi. Belə olan halda, yenidən zəng etdik, bu dəfə isə ümumiyyətlə zəngimizə cavab vermədi.

"Susmaq razılıq əlamətidir" deyiblər, belə çıxır ki, Eyvaz Qocayev verəcək cavabı olmadığından, suallarımızı susmaqla cavablandırmağı düşünüb.

Yuxarıda da qeyd etdiyimiz kimi, məsələyə yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dünyapress TV

Xəbər lenti