DİA.AZ: - İcbari Tibbi Sığorta Agentliyi ““Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması ilə bağlı tenderinə yekun vurub.
DİA.AZ xəbər verir ki, qalib "Arash Medical Company" MMC (VÖEN: 1402018961) olub. Qalib şirkətə 704 784 manat ödəniləcək.
"Arash Medical Company" MMC daha öncə də həmin agentliyin 265 289 manat dəyərindəki "Agentliyi “Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması ilə bağlı tenderinin qalibi seçilib (22.02.2023).
DİA.AZ xatırladır ki, "Arash Medical Company" MMC heç də sıradan bir şirkət deyil və yerli KİV-də bununla bağlı ilginc faktlar açıqlanıb və aydın olur ki, "Arash Medical Company" MMC-yə dövlət qurumlarının ÖZƏL MÜNASİBƏTİ SƏBƏBSİZ DEYİL.
Azərbaycanda hər sahənin öz “tender kralı”nın olduğu heç kimə sirr deyil. Həmin “krallar”ın isə bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğunu da bilməyən yoxdur. Həmçinin, Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsinə dair ən böyük şübhələrin məhz dövlət satınalmaları və tenderlərlə bağlı olduğunu da mütəxəssislər dəfələrlə səsləndiriblər. Amma nə faydası, yenə “köhnə hamam, köhnə tas…”
Hər sahənin öz “sahibi” olduğu kimi, son 12 ildən artıq müddətin nəticələri göstərir ki, tibbi ləvazimatların təchizatı, avadanlıqların satınalınması başda olmaqla, səhiyyə sisteminin də favoriti “Arash Medical Company” MMC-dir.
Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.
Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” təkcə həmin yarandığı il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.
“Araş Medical Company MMC” son 12 il ərzində əksəriyyəti Səhiyyə Nazirliyindən olmaqla ümumi dəyəri 250 milyon manatdan yuxarı dövlət satınalması əldə edib. Bu, olduqca böyük məbləğdir və ona görə də bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmır. Belə ki, sözügedən şirkətin sabiq spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsus olduğu bildirilir və qeyd olunur ki, bu şirkətin səhiyyə sisteminin “favorit”inə çevrilməsində Oqtay Əsədovla keçmiş Səhiyyə naziri Oqtay Şirəliyevin münasibətlərinin xüsusi rolu var. Hələlik mətbuatda bu iddianı təkzib edən məlumat dərc olunmayıb.
Maraqlıdır ki, Oqtay Əsədov artıq xeyli vaxtdır vəzifəsilə vidalaşsa da, hətta Oqtay Şirəliyev də görəvdən alınsa da, sözügedən şirkətin səhiyyə tenderlərilə bağlı işləri yenə öz qaydasında gedir. Bir daha xatırladaq ki, mətbuatda dərc edilən rəsmi statistik göstəricilərə görə, son 12 ildə sözügedən şirkət 300 milyon manatdan artıq dəyərdə tenderin qalibi olub…
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...