Tik-tok sosial şəbəkəsindən istifadə edənlərin sayı getdikcə artır. İnsanlar bu platformadan nəinki özlərini tanıtmaq, həmçinin də pul qazanmaq üçün istifadə edirlər. Tik-tokdan istifadə edən və pul qazanan məşhurlar da müəyyən qədər var. Məsələn, aktrisa Xuraman Əlizadə tik-tokdan qazanan məşhurlardan olduğunu bildirmişdi.
“Bir neçə aydır ki, tik-tok işlədirəm. Özümə bahalı telefon almışam. 2-3 aya 5-6 min arası qazanmışam. Gərək tik-toka gündəlik girib, canlı yayım açasan ki, insanlar sənə hədiyyə yollasın. Bunun üçün də vaxt lazımdır. Bizim işimizlə qətiyyən alınmır” demişdi.
Bundan əlavə tik-tokdan ən çox qazanan məşhurlar sırasında Kənan MM, İlham Mirzəyev, Azər Zahid, Pərvin Abıyeva və s. məşhurların adı var.
DİA.AZ bildirir ki, xalq artisti Bilal Əliyev də Moderator.az-a açıqlamasında ara-sıra tik-tokdan pul qazandığını bildirib.
“Bizdə belə başa düşürlər ki, tik-tok yalnız pul qazanmaq üçündür. Amma ağıllı insanlar elə düşünmür. Bir gün tik-toka daxil oldum və gördüm ki, insanlar biabırçı vəziyyətdədirlər. Özüm üçün tik-tok səhifəsi açdım və ziyalı insanlara müraciət etdim ki, mənim səhifəmdə cəmləşin. Biz hamımız elə insanlarla mübarizə aparmalıyıq. İndi artıq 40 mindən çox izləyicim var. Hal-hazırda 800 manat pul qazanmışam. O pulu ayrıca qoymuşam, aparıb ehtiyacı olan şəxslərə çatdıracam. Mən gündə ən azı bir yerdə oxuyub 100 manat qazana bilərəm. Ailəmə gündə 100 manat kifayət edir. Görməmişlik nəyə lazımdır ki? Biz el sənətkarıyıq, xalqımız gətirib bizi bu yerlərə çatdırıb” deyə sənətkar bildirib.
Müğənni Xuraman Şuşalı da saytımıza açıqlamasında tik-tok-un aktiv istifadəçilərindən olduğunu bildirib.
“Mənim tik-toka gəlişimə səbəb instaqramda bir ildən artıqdır ki, spamda olmağımdır. Tik-tok açdım və videolarımı ora da yüklədim. Bir gün telefon uşaqların əlində idi, gördüm ki, əlləri nəyəsə toxundu canlı yayıma girdilər. Bilmirdim ki, canlı yayımı necə bağlayım. Elə canlı yayımda aktyor mənə oyun yolladı və mən də qəbul edəndən sonra bu platformanın sirlərini mənə elə canlı yayımda başa saldı. Mən tez-tez canlı yayım açmıram, darıxanda dostlarımla, fanatlarımla söhbətləşmək üçün açıram. Tik-tokdan qazandığım pulları illərdir bir neçə ağır xəstəlikdən əziyyət çəkən uşaqlar var ki, onlara ayırıram. Həmin uşaqların əməliyyat və dərman xərclərini ödəyirəm” deyə müğənni bildirib.
Aktrisa Ləman İmanova da tik-tokda aktiv sənətçilərdəndir.
“100 minlik profilim var. Tik-toka davamlı olarq vaxt sərf etmək lazımdır. Gündüz saatlarında da, axşam saatlarında da 1-2 saat canlı yayım açmalısan. Hal-hazırda çəkilişlərlə bağlı olaraq bu vaxtı mən tik-toka sərf edə bilmirəm. Paylaşımlarımı davamlı edirəm. Dəstəkçin varsa pul qazanırsan, yoxdursa yox. Əsas dəstəkçidir. Sən bilirsən ki, canlı açsan kimsə girib sənə jeton yollayacaq” deyə aktrisa bildirib.