Bakıda gecə saatlarında “Bakkumusichall” restoranına bir qrup şəxs hücum edib.
Bu haqda “Yeni Sabah”a zərərçəkmiş, restoranın sahibi Vüsal Rəhimov məlumat verib.
O bildirib ki, 09.09.2022-ci il tarixində gecə saatlarında meyxanaçı Aqşin Fatehin və onun şəriki İlqar Abdullayevin adamları kriminal aləmə məxsus olan şəxslərlə restorana basqın ediblər.
V.Rəhimov bildirib ki, həmin qrup öncə restoranın qarşısında dava salıb, sonra birinci mərtəbəyə enərək mühafizə əməkdaşını, işçiləri döyüblər.
Hadisə yerinə polis çağırılıb, basqında iştirak edənlər hadisə yerindən qaçmağa nail ola biliblər.
Vüsal Rəhimov bildirib ki, bir müddət əvvəl – 15.04.2022-ci il tarixində də eyni qaydada restorana basqın edilmişdi. Bu faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işinin istintaqı aparılır.
Restoran sahibi baş vermiş hadisə ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Qeyd edək ki, əvvəllər sözügedən restoranı A.Fatehlə V.Rəhimov şərik olaraq idarə ediblər. Sonradan meyxanaçı ilə müqavilə ləğv olunub.