Ucqar kənd və qəsəbələrə gənc kadrların göndərilməsi üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür.
Son illərdə kənd məktəblərini seçən gənc mütəxəssislərin sayında da artım müşahidə olunur və onlar həvəsləndirici mükafatlar alır.
Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur.
Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir.
Gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 manat əlavə ödənilir.
Yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilir. Bunlardan əlavə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, ucqar kənd məktəblərində çalışan müəllimlər üçün əlavə hansı güzəştlər nəzərdə tutulmalıdır? DİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında təhsil üzrə ekpsert Kamran Əsədov bildirib ki, müəllimlərin bölgələrə getməkdə maraqlı olmasına çalışmaq lazımdır:
"Hazırda nəqliyyat xərcləri, daşıyıcıların qiyməti qalxıb, az da olsa, inflyasiya var. Hazırda ucqar kəndlərdə çalışan müəllimlər üçün verilən əlavə 90 manat yetərli deyil, düşünürəm ki, bu məbləğ qaldırılmalıdır.
Nazirlər Kabinetinin təlimatında tövsiyə olunur ki, ucqar kəndlərdəki məktəblərə dərs demək üçün gedən müəllimlərə torpaq sahəsi ayrılsın. Baxsaq, görərik ki, indiyədək çox az sayda müəllimlər torpaq sahəsi ilə təmin olunurlar. Bizim çalışmalı olduğumuz məsələ budur ki, həmin ərazilərə gedən müəllimlər daimi olaraq, orada yaşasınlar. Çünki onlar bir neçə il işləyəndən sonra qayıdıb gəlirlər və müəllim çatışmazlığı yaranır. Səbəb də budur ki, əlavə ödəniş yalnız 35 yaşına qədər müəllimlərə şamil edilir.
Bu dəqiqə bölgələrdə, həmçinin, Bakının bəzi bölgələrində belə müəllim çatışmazlığı müşahidə olunur. Hesab edirəm ki, ucqar rayonlarda dərs deyən müəllimləri yaşadıqları ərazilərdə kommunal xərclərdən azad etməliyik. Onların orada daimi qalması şərtilə xüsusi həyətyanı sahələr ayrılmalıdır. Güzəştləri çoxaltmalıyıq ki, paytaxt Bakıda olan müəllimlər bölgələrə getməkdə maraqlı olsunlar.
Çalışmalıyıq ki, az ballılar yox, çox ballılar bölgəyə getsin. Nazirlər Kabinetinin qərarına görə, məktəbin uzaqlıq dərəcəsindən asılı olaraq əməkhaqları dəyişir. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərin çoxu dağlıq ərazidir, cəbhəyanı ərazidir.
Mütəmadi olaraq, orada intensiv münaqişələr olur. Ona görə də cəbhə bölgəsində çalışacaq müəllimlərin H1, H2-dən əlavə əməkhaqları 2 dəfə artıq olmalıdır".