İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin 15 %-ni dövlət qarşılayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanda qeyd edilib.
Sənədə əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Nazirlər Kabineti üç ay müddətində güzəştli ipoteka krediti üzrə yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsinin maliyyələşdirilməsi, habelə güzəştli ipoteka kreditinin bir hissəsinin ödənilməsinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.