Regiona təhlükə saçacaq xartiya: -
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın mövqeyinə ciddi təsir göstərəcək. ABŞ Dövlət katibi Antoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. O, strateji tərəfdaşlıq haqqında sənədin “daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil” Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva “Sherg.az”a bildirib ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında imzalanan xartiya hələlik kağız parçasından başqa bir şey deyil:

“Xartiya yanvarın 14-də- Bayden administrasiyasının hakimiyyətdən getməsindən 6 gün öncə imzalandı. 6 gün ərzində sazişin müddəlarını icra etmək praktiki cəhətdən mümkün deyil. Ötən gün hakimiyyətə gələn Donald Tramp administrasiyasının isə bu sənədə necə yanaşacağını indidən söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma müşahidələr göstərir ki, Donald Tramp sələfinin imzaladığı bəzi qərarları ləğv edir və onları səhv adlandırır. Ümid edək ki, Tramp eyni münasibəti ABŞ ilə Ermənistan arasından imzalanmış strateji tərəfdaşlıq haqqında xartiyaya da göstərəcək”.

Deputatın sözlərinə görə, bütün hallarda Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir:
“Ermənistanın hansı ölkə ilə hansı formada əməkdaşlıq etməsi onun suveren hüququdur. Amma biz görürük ki, İrəvan bu hüquqdan sui-istifadə edir, revanşizmə meyllənir, gərginliyi artırır. Mətbuatda yayılan son məlumatlara görə, Ermənistan ordusu Zəngəzurda yeni hərbi hissə tikir. Bildirilib ki, yeni hərbi hissə şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu faktla ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya arasında hansısa əlaqələrin olması barədə qəti fikir səsləndirmək çətindir. Lakin görünən odur ki, məlum sazişdən sonra ermənilərdə ruh yüksəkliyi, fəallıq yaranıb. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin gücləndiyi bir vaxtda özünü vasitəçi hesab edən bir ölkənin birtərəfli qaydada İrəvana bu cür dəstək verməsi heç cür anlaşılan deyil. 44 günlük Vətən müharibəsindən dərhal sonra ABŞ konqresi "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair heç bir addım atmamaqla ölkəmizə sanksiya tətbiq etdilər. Ermənistana gələndə isə biz bunun əksini görürük. ABŞ məhv olmaq təhlükəsi ilə üzləşən, qlobal layihələrdən çıxdaş edilən, qonşuları tərəfindən etibarsız ölkə imici qazanan, nüfuzu ciddi şəkildə zədələnən Ermənistanı ayaqda saxlamaq üçün bu cür addımlar atır. Ermənistanın qlobal qarşıdurmaların poliqonuna çevrilməsi Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Rusiya, İran, Avropa və ABŞ-nin qarşıdurma mərkəzinə çevrilməkdə olan Ermənistan regionda həssas olan gərginliyi bir qədər də artıracaq. İrəvan ABŞ ilə belə bir saziş imzalamaqla üzvü olduğu KTMT, Avrasiya İttifaqı və digər birliklərin maraqlarını tapdaladı. Bu isə Ermənistan xalqı üçün böyük risklər yaradır. İqtisadiyyatı əsasən Rusiyadan asılı olan, İranı özünə dost-qardaş hesab edən bir dövlətin ABŞ hərbi missiyasını ölkəyə dəvət etməsi və sərhədlərini onlara həvalə etməsi heç bir siyasi etikaya, məntiqə sığmır”.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır:
“Cənab Prezident Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində Bakının qarşıdakı dövrdə nəqliyyat xətlərinə xüsusi önəm verəcəyini bildirdi. Zəngəzur dəhlizinin açılması da bura daxildir. Azərbaycan Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilməkdədir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Dünyanın aparıcı ölkələri, o cümlədən Tramp administrasiyası bu bu nəqliyyat qovşaqlarını dəstəkləyir. Ötən gün andiçmə mərasimi olan Donald Tramp əsas proqramlarını açıqladı. Bunlar daha çox ABŞ-nin daxili məsələləri ilə bağlı idi; miqrasiya, Qrenlandiya adası, Meksika körfəzi və Panama kanalına sahiblik məsələləri, Marsa bayraq sancmaq və s. bu kimi istiqamətlər Tramp administrasiyasi üçün daha prioritetdir. O, hətta çıxışında Ukrayna-Rusiya münaqişəsinin də adını konkret olaraq çəkmədi. Ümumi olaraq qeyd etdi ki, ölkəsi münaqişələrə son qoymaq üçün imkanlara sahibdir. Bu mənada düşünmürəm ki, Tramp Ermənistanı birtərəfli qaydada gücləndirməklə regionda hərbi gərginlik yaratmaq istəyində olsun”.
 

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 Prezident İlham Əliyev Davos səfəri ilə əlaqədar paylaşım etdi - VİDEO
22 Yanvar 2025 Prezident İsrail lideri ilə görüşdü
22 Yanvar 2025 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
21 Yanvar 2025 Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
21 Yanvar 2025 Keçmiş hərbi müxbir, iş adamı - ABŞ-nin yeni vitse-prezidenti kimdir?
21 Yanvar 2025 Putin Ukrayna məsələsində dialoqa hazır olduğunu açıqladı
20 Yanvar 2025 Tramp üçün əsas Azərbaycandır -ABŞ diplomatı
20 Yanvar 2025 Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi
20 Yanvar 2025 Rusiya və İranı bu yanaşma qane etmir - Pezeşkian
19 Yanvar 2025 Vaşinqton NATO-dan çıxmayacaq, əksinə... - Senator açıqladı
19 Yanvar 2025 JD Vans Amerika tarixinin ən gənc vitse-prezidentlərindən biri olacaq
19 Yanvar 2025  Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
18 Yanvar 2025 “Yeni imperiya yaranır...” Rusiyadan sərt açıqlama
18 Yanvar 2025 Tramp: "Cinpin və mən dünyanı dinc etmək üçün hər şeyi edəcəyik”
18 Yanvar 2025 Rusiya Trampın andiçmə mərasimində iştirak etməyəcək
17 Yanvar 2025 "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
17 Yanvar 2025 Saatlar ABŞ vaxtı ilə qurulur:
16 Yanvar 2025 Rusiya və ABŞ münasibətləri Trampın dövründə necə dəyişək? Çindən maraqlı izahat
16 Yanvar 2025 Ağ Ev: "Türkiyənin narahatlığını başa düşürük"
15 Yanvar 2025 İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi

Dünyapress TV

Xəbər lenti