İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu prezident seçkilərinin ikinci turunun ardından səsləndirdiyi “dəyişiklik” tələbini yenidən dilə gətirib.
Publika.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
“Hamımız bilirik ki, dəyişiklik yalnız idarə heyəti və ya nümayəndə heyəti dəyişikliyi ilə olmayacaq”, - o deyib.
İmamoğlu müxalifətin son seçkilərdə məğlubiyyətindən söz açıb: "Təəssüf ki, 9 ildə 3 dəfə dalbadal seçkini uduzduq, prezident seçkisini uduzduq. Bu seçkidən sonra eyni şeyi edib səhvlərə yol verə bilmərik".
O vurğulayıb ki, dəyişiklik məsələsi vacibdir.
"Mən keçən həftə bəyanatımda güclü dəyişiklik tələbindən çox aydın şəkildə danışdım. Mən ümumi anlayış dəyişikliyini, köklü və təfərrüatlı dəyişikliyi ehtiva edən fikirlər ifadə etdim. Yenə də eyni mövqedəyəm", - İmamoğlu bildirib.
İstanbul meri dəyişiklik tələbinin cəmiyyətdən gəldiyini diqqətə çatdırıb:
"Mən dəyişikliyə ehtiyacı müəyyən etmirəm. Bu ehtiyacı cəmiyyət müəyyən edir, insanlar bunu istəyir, onu eşitmədən yol getmək mümkün deyil. Cəmiyyətin bütün təbəqələrini dinləmək və anlamaq vacibdir".
Qeyd edək ki, prezident seçkilərinin ikinci turundan bir neçə gün sonra Ekrem İmamoğlu sosial media hesabından dəyişikliyin labüd olduğunu vurğulayan bəyanat yayıb. Bir çox ekspert onun üzvü olduğu CHP-dən dəyişiklik tələb etdiyini düşünür. İmamoğlunun bəyanatından sonra CHP lideri Kemal Kılıçdaroğlu partiyanın idarə heyətini tam tərkibdə yeniləyib.